“43-lər” yoxsa “46-lar”? Yaxud, referendumla Konstitusiya Aktı niyə – QARIŞDIRILIR? – YENİLƏNİB

Bu gün-18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

Azərbaycanın tarixdə, 20-ci əsrdə ikinci dəfə-qanlar və canlar hesabına əldə etdiyi, qazandığı ikinci müstəqilliyinin 28-ci ili, 28 yaşı tamam olur.

Düz 28 il öncə, 1991-ci ilin 18 oktyabrında keçmiş Ali Sovetin sessiyasında (plenar iclasında) Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib və bununla da Azərbaycanın müstəqilliyinin hüquqi bazası tam formalaşdırılıb.

Həmin iclasda 360 (əslində 350) deputatdan 258-i iştirak edib və hamısı sözügedən sənədin lehinə səs verib.

Keçmiş deputalardan 92-si bu və ya digər səbəblərdən 18 oktyabr sessiyasında (iclasında) iştirak etməyib və səsverməyə qatılmayıb.

258

Həmçinin, qeyd edək ki, Azərbaycanın Müstəqilliyi haqqında Bəyannamə 1991-ci ilin 30 avqust tarixində qəbul edilib.

Azərbaycanın müstəqilliyinin 28-ci ilində sosial şəbəkələrdə gedən müzakirələr, o cümlədən, 18 oktyabr 1991-ci il sessiyası  ətrafında həqiqətləri təhrif edən məlumatlarla, fikirlərlə, paylaşımlarla bağlı saytımızda-15 iyul 2019-cu il tarixində getmiş yazını yenidən kiçik düzəlişlə izləyicilərə, oxuculara təqdim edirik:  

***

1991-ci ilin fevralında işinə start verən yeni tərkibli  keçmiş və sonuncu-12-ci çağırış Ali Sovetin sessiyası heç də asan keçmədi.

Sessiya gərginlikləri, qarşılıqlı ittihamları ilə yadda qaldı.

Parlamentdə azlıqda olsalar da, “Müstəqil Azərbaycan”  Demokratik Blokunun (“Demblok”un) üzvləri fəallıqları isə seçilir, Azərbaycanın müstəqiliyinin elan olunması ilə bağlı çıxış edir, Ayaz Mütəllibov hakimiyyətini Moskvapərəstlikdə ittihamlayırdılar.

“Komblok”çular isə müxalifəti Azərbaycandakı vəziyyəti gərginləşdirməkdə günahlandırır,  onları və Azərbaycan xalqını SSRİ-nin tərkibində qalmağın vacibliyinə inandırmağa cəhd edirdilər.

Həmin vaxt “Demblok”a  açıq dəstək verənlərdən biri də eks-prezident, Azərbaycan kommunistlərinin keçmiş lideri, Naxçıvandan millət vəkili seçilən Heydər Əlirza oğlu Əliyev idi.

O, çıxışında Azərbaycanın milli-azadlıq hərəkatına dəstək verdiyini, Azərbaycanın SSRİ-dən ayrılmasının vacibliyini dilə gətirdi.

Onun bu çıxışı və Mütəllibov hakimiyyətinə yönəlik sərt fikirləri parlamentdəki “mütəlliboçu”lar (çoxları zamanında Heydər Əliyev tərəfindən vəzifələrə irəli çəkilmiş insanlar idi) tərəfindən etirazlarla qarşılandı.

Bu da öz növbəsində parlamentdə  növbəti gərginliyin yaranmasına gətirib çıxardı. Ancaq bunlara baxmayaraq, H. Əliyev öz mövqeyinin üstündə qaldığını, fikrindən dönməyəcəyini bildirdi.

ali sovet-1

bextiyar-vahabzade-03

Arif_hacili_Isa_qember

VAHİD-2

vaquffff

Həmçinin, həmin vaxt İstiqlal şairi Bəxtiyar Vahabzadə çıxışında Heydər Əliyevə qarşı ittihamları sərt tənqid edərək, sabiq dövlət rəhbərinin müdafiəsinə qalxdı.

Bununla yanaşı, həmin vaxt “Demblok”un bir çox üzvləri parlament rəhbərliyinin addımlarına, onların çıxışlarına imkan verilməməsinə, sözlərinin kəsilməsinə, təkliflərinin nəzərə alınmamasına etiraz əlaməti olaraq, sessiyanın iclasını müvəqqəti olaraq, tərk etdilər.

Həmin vaxt BDU-da dərs deyən millət vəkili Gülnarə Qurbanova (mərhum Şıxəli Qurbanovun qızı) mikrafona yaxınlaşaraq, “Kişi də evini tərk edərmi?” -deyə, müxalifətə səsləndi. Bu isə parlamentdə yenidən gərginliyə səbəb oldu. G. Qurbanova da öz növbəsində  bu fikirləri səsləndirərkən, qəsdinin müxalifəti təhqir etmək olmadığını iddia etdi.

Mart ayında SSRİ-nin qorunub- saxlanılması ilə bağlı referendumunun keçirilməsinə razılıq məsələsi isə “Demblok”çularla “Komblok”çular arasında ipləri daha da gərdi.

“Demblok”çular hakimiyyəti referendumunun Azərbaycanda keçirilməsinə razı olmamağa səslədi, əks tərəf-“Komblok”çular isə referendumun keçirilməsinə razılıq verilməsinin daha doğru variant olduğunu vurğuladılar.

Vəziyyətin gərginləşdiyini görən eks-prezident Ayaz Mütəllibov  mart sessiyasında geniş çıxış etməyə məcbur oldu, müxalifəti mövqeyindən çəkindirməyə cəhd etdi,  “yeniləşmiş SSRİ”-nin gələcəyinə inandırmağa çalışdı.

Ancaq “Demblok”çular, xüsusilə də, hərəkatçılar onun çıxışını və fikirlərini yerdən etirazlarla qarşıladılar.

Sonda referendumun keçirilməsinə razılıq verilməsi məsələsi səsə qoyuldu və 360 (əslində 350) deputatdan cəmi 43-ü referndumun əleyhinə səs verdilər.

Qeyd edək ki, referendumun əleyhinə səs verənlər arasında “Demblok”da təmsil olunmayanlar, kommunistlər də var idi.

Bunlar Heydər Əliyev (onda hələ Kommunist Patiyasından bəyanatla ayrılmamışdı), sonradan daxili işlər naziri (Heydər Əliyevin ikinci dönəmində) olan Vaqif Novruzov,  həmin vaxt zavod direktorları işləyən Vahid Əhmədovla Əyyam Musayev, Qaradağın prokuroru işləyən İxtiyar Şirin (Şirinov), daxili işlər orqanlarında çalışan naxçıvanlı Allahverdi Həsənov  idi.

Sonradan məşhur “43-lər” kimi tanınan, yəni, referendumun əleyhinə səs verən 43 millət vəkili bunlar idi:

    1. İxtiyar Şirin(ov) – keçmiş baş prokuror, MKP sədri
    2. Firudin Ağasıoğlu (Cəlilov) – keçmiş təhsil naziri
    3. Dilarə Əliyeva – professor -rəhmətə gedib
    4. Füzuli Axundov-rəssam
    5. Aydın Məmmədov – elmlər doktoru-rəhmətə gedib
    6. Əyyam Musayev-zavod direktoru-rəhmətə gedib
    7. Vaqif Novruzov-DİN-də idarə rəisi
    8. Vahid Əhmədov –  keçmiş zavod direktoru, hazırda millət vəkili
    9. Ramiz Fətəliyev-rejissor
    10. Cümşüd Nuriyev – VHP Ali Məclisinin keçmiş sədri, professor, sabiq nazir müavini
    11. Məmməd Xələfov-elmlər doktoru-rəhmətə gedib
    12. Etibar Məmmədov – AMİP-in keçmiş sədri
    13. Nəriman Həsənzadə – Xalq şairi
    14. İsa Qəmbər – Eks-spiker, “Müsavat”ın keçmiş başqanı
    15. Sabir Rüstəmxanlı- VHP sədri, Xalq şairi
    16. Tofiq Bağırov-Ali Sovet sədrinin (Elmira Qafarovanın) müşaviri-rəhmətə gedib
    17. Mürşüd Məmmədli – Gəncənin keçmiş icra başçısı, elmlər namizədi-rəhmətə gedib
    18. Şadman Hüseynov – mərhum AMİP-çi, həkim
    19. Faiq Baxşəliyev- sabiq icra başçısı-rəhmətə gedib
    20. Mirmahmud Fəttayev- KXCP sədri, müəllim
    21. Ədalət Rəhimov – professor-rəhmətə gedib
    22. İsgəndər Həmidov -keçmiş daxili işlər naziri
    23. Mətləb Mütəllimli- Sosial Ədalət Partiyasının sədri, Baş Prokurorun sabiq birinci müavini
    24. Tahir Əliyev-keçmiş daxili işlər naziri
    25. Rəhim Qazıyev- keçmiş müdafiə naziri, müəllim
    26. Tamerlan Qarayev- səfir
    27. Eldar Bağırov-AXC Ağdam rayon təşkilatının sədri (qətlə yetirilib)
    28. Tofiq Qasımov- keçmiş xarici işlər naziri, fizik, hazırda mühacirətdə yaşayır
    29. Məryəm Həsənova- məktəb direktoru-rəhmətə gedib
    30. Arif Hacılı- “Müsavat”ın başqanı
    31. Tahir Kərimli- Vəhdət Partiyasının sədri, hakim, hazırda millət vəkili
    32. İsmayıl Şıxlı – Xalq  yazıçısı-rəhmətə gedib
    33. Yusif Səmədoğlu – Xalq yazıçısı-rəhmətə gedib
    34. Maşallah Abdullayev, idman müəllimi, Milli Qəhrəman
    35. Hacıbaba Əzimov- VAMBP sədri, tarix elmləri doktoru
    36. Bayram Bayramov-Xalq yazıçısı-rəhmətə gedib
    37. Hicran Kərimli-hazırda işləmir
    38. Heydər Əliyev- eks-prezident-rəhmətə gedib
    39. İbrahim İbrahimli- müəllim
    40. Allahverdi Həsənov-polis işçisi
    41. Sülhəddin Əkbər-həkim
    42. Şahmərdan Cəfərov – rəhmətə gedib
    43. Fərəc Quliyev – hazırda millət vəkili, həkim, MDHP-nin sədri

43-lər

Onu da qeyd edək ki, illərdir “43-lər” deyilib, yazılsa da, bəzi siyahılarda mərhum Nəcəf Nəcəfovla İstiqlal şairi Bəxtiyar Vahabzadənin, o cümlədən, Eldar Meydər oğlu Bayramovun (həkim-cərrah) adına rast gəlinmir. Əgər onlar da əlavə olunsa, referendumun əleyhinə imza atanların sayı 46-ya çatır.

Bitərəflər

    1. Arif Əliyev
    2. Rəsul Quliyev – eks- spiker, ACP sədri
    3. Kamilə Həsənəliyeva
    4. Mübariz Abbasov
    5. Xudaverdi Hənifəyev.

Qeyd edək ki, sonralar müxalifətə keçən eks-spiker R. Quliyev referendumun əleyhinə səs verdiyini bildirsə də, onun dedikləri təsdiqini tapmadı.

Onu da qeyd edək ki, “Komblok”çulardan və bitərəflərdən bir neçəsi həmin iclasa qatılmamış, səsvermədə iştirak etməmişdi.

Yerdə qalanlar isə hamılıqla referndumun keçirilməsinin lehinə səs vermişdilər.

Referendumun keçirilməsinə razılıq verilməsinə etiraz əlaməti olaraq “Demblok”çular, xüsusilə, hərəkatçılar (Arif Hacılı və digərləri) əvvəl Ali Sovetdə, sonra isə AXC-nin qəragahında aclıq aksiyası keçirdilər…

İlk və sonuncu çağırış Ali Sovetlə bağlı araşdırmlarımızı davam etdirəcəyik.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

39 rayon və şəhər – XƏRCLƏRİNİ ÖZ GƏLİRLƏRİ HESABINA TƏMİN EDƏCƏK

Read Next

“Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir” – XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir