“Star”da Azərbaycan dövlətinin payının maliyyələşdirilməsi başa çatıb – NEFT FONDU

“Star” neft emalı zavodu (NEZ) layihəsində Azərbaycan dövlətinin payının maliyyələşdirilməsi başa çatıb.

Bu barədə Etikxeber.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.

“Star” layihəsində Azərbaycan dövlətinə düşən 40 faizlik payın Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilməsi Azərbaycan Prezidentinin “SOCAR Türkiyə Ege” neft emalı zavodu (“Star”) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında” 2013-cü il 4 fevral tarixli Sərəncamına əsasən həyata keçirilir. Bu sərəncamın icrasına uyğun olaraq, 2013-2017-ci illər ərzində Neft Fondu tərəfindən ümumilikdə 1 milyard 392,8 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb və bununla da Azərbaycan dövlətinin layihədəki payının maliyyələşdirilməsi başa çatıb”, – deyə ARDNF-in məlumatında qeyd edilir.

Xatırladaq ki, oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi olub.

SOCAR-ın 6,3 milyard dollar kapitalla İzmirin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi “Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod tam gücü ilə 2019-cu ilin yanvar ayından etibarən fəaliyyət göstərəcək. “Star” NEZ Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. “Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.

“Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay “Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində “Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq. SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb.

Türkiyənin ilk neft-kimya müəssisəsi “Petkim”in xam maddə tələbatının demək olar ki hamısını təmin edəcək “Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq.

“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulmuşdu.

Etikxeber.az

Read Previous

Bu, olduqca mühüm bir amildir… – AZƏR BADAMOV

Read Next

Həm Azərbaycan, həm Türkiyə müstəqil siyasət aparır – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir