Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzi (STM) özünün ikinci böyük tədbrini keçirəcək.
Etikxeber.az-ın xəbərinə görə, saat 10:00-da başlayacaq və təxminən 3 saat çəkəcək tədbir “Hilton Baku” otelində baş tutacaq.
Təbdir “Yeni imtahan modeli: İslahatlar, nəticələr və gözləntilər” adlanır.
Tədbirdə Prezident Administrasiyasının (PA) Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova iştirak və çıxış edəcəklər.
Bununla yanaşı, tədbir iştirakçıları arasında Təhsil naziri Ceyhun Bayramov və Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də olacaq.
Eyni zamanda, tədbirdə Z. Orucun özü və STM-in departament rəhbəri Tahirə Allahyarova məruzə edəcəklər.
***
“Qlobal informasiya mühitində insan kapitalı iqtisadi tərəqqi və inkişafın əsas hərəkətverici qüvvələrindən biri hesab olunur. Bu gün insan kapitalına investisiya dövlətin ən gəlirli investiyalarından biri hesab edilir”.
Bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökümət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, uzunmüddətli perspektivdə insan kapitalı sosial kapitala çevrilir. Bu isə öz növbəsində iqtisadi inkişafa gətirib çıxarır: “Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edib ki, iqtisadiyyatı irəli aparan, ölkənin uğurunu nümayiş etdirən onun təbii ehtiyatları deyil, insanları, təhsili, əhalisinin intellektual səviyyəsidir. Bilikli, savadlı, vətənə bağlı, dünyaya açıq gənclik müstəqilliyin başlıca təminatıdır”.
S.Yusifova qeyd edib ki, müasir dünyada bilik və yeni texnologiyalar olmasa, uğur qazanmaq mümkün deyil: “Bu gün qlobal anlamda nəsillərin dəyişməsi prosesi gedir. Artıq internetsiz dünyanı təsəvvür edə bilməyən “Z nəsli” yetişir. Bu nəsil qloballaşma və postmodernizm dövrünü təmsil edən ilk rəqəmsal nəsildir. Onların həyata və dünyaya baxışları internetə qədərki dövrün nəsillərindən köklü sürətdə fərqlənir. Onlar üçün internetdən və rəqəmsal texnologiyalardan istifadə sadəcə həyat tərzidir. Onların təhsilə münasibəti, özlərini ifadə üsulları da köklü fərqlənir. Bu isə təbii olaraq təhsil sistemində köklü dəyişiklikləri, yeni yanaşmaları şərtləndirir. Bu baxımından sabahın təhsil sistemi rəqəmsal iqtisadiyyatın inkişafına, yeni orta sinfin formalaşmasına yönələcək”.
S.Yusifova əlavə edib ki, passiv təhsildən aktiv təhsilə keçid 2030-cu ilə qədər yekunlaşmalıdır: “Qarışıq və mobil təhsil gələcəyin ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliyini və uğurunu müəyyənləşdirən əsas faktorlardan biri olacaq. Böyük həcmdə informasiyanın əlçatan olması, informasiya ilə işləmək və onu seçmək vərdişi tənqidi düşüncənin inkişaf etdirilməsini tələb edəcək. İnformasiya və texnoloji fonun sürətli dəyişməsi nəticəsində təhsil fasiləsiz xarakter alacaq. Big-dataların toplanması təhsildə fərdi yanaşmanı gücləndirəcək və tanış təhsil formatları yeniləri ilə əvəz olunacaq, diplomları fərdi səlahiyyət profilləri əvəz edəcək, biliklərin qiymətləndirilməsi üçün testlər aktuallığını itirəcək. Onları vərdiş və müəyyən səlahiyyətlərinin olmasını təsdiq edən qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet sistemləri əvəzləyəcək. Bilik verən müəllimləri təhsildə motivasiya verən, vərdişləri ötürən mentorlar əvəz edəcək. Biliklərin inteqrasiyası və tətbiqi təcrübəsinə keçid baş verəcək. Gələcək təhsil işə götürənlər və işə götürülənlər arasında distansiyanı da aradan qaldıracaq. Təhsil xidmətləri bazarı isə daha çevik olacaq. Akademik və texnoloji mühitin sintezi baş verəcək. Böyük koorporasiyalar dövlətin vasitəçiliyi olmadan müəyyən peşə və vərdişləri sifariş verəcək. Kollektiv internet tələb olunan təşkilatla peşəkar birliklər yaratmaqla ənənəvi universitetlərə rəqabət təşkil edəcək. Yeni transmilli əmək bazarı formalaşacaq”.
S. Yusifova qeyd edib ki, bu baxımından təhsil sistemi dəyişikliklərə və texnologiyaların inkişafın adaptasiya olmalı, gələcəyin çağırışlarına çevik reaksiya verməlidir: “Təhsil sistemində, xüsusilə qəbul imtahanlarında rəqəmsal texnologiyalardan istifadə ilə bağlı Azərbaycanın böyük təcrübəsi var.Azərbaycan bu sahədə MDB məkanında pionerdir. Azərbaycanın təhsil sistemində texnoloji yeniliklərin, innovatov prinsiplərin tətbiqi, biliklərin qiymətləndirilməsi mexanizmləri daha da təkmilləşdirilməsi dinamik xarakter daşıyır. Azərbaycanın müasir təhsil sistemi yaddaş məktəbindən təfəkkür məktəbinə keçidi özündə ehtiva edir. Buraxılış və qəbul imtahanlarında yeniliklər də məhz bu konteksdə nəzərdən keçirilməlidir”.
***
“İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər bu barədə danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik”.
Bunu isə Təhsil naziri Ceyhun Bayramov bildirib.
Nazir qeyd edib ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər: “Ona görə də bu gün əmək bazarında tənqidi təfəkkür, qeyri-standart yanaşma, komandada işləmək, kreativlik və bir sıra bu kimi kompetensiyalara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var”.
C.Bayramov deyib ki, Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib: “Yeni imtahan modelinə əsasən, buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən biliyin təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib. Ən vacib məqam ondan ibarətdir ki, yeni imtahan modeli XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva edir. Bu modeldə tələb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqlarını ölçülməsi olduqca vacibdir. Bu imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir. Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə, II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu, həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub”.
Nazir deyib ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək.
“Təhsil üzrə bəzi beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın yeri çox yüksək görünməyə bilər. Bu, bəzi hallarda tənqidlərə də səbəb olur. Ancaq hesab edirəm ki, qiymətləndirmələrdə bizim nəticənin yüksək olmaması həmin qiymətləndirmələrdə iştirak etməmək üçün əsas kimi gətirilə bilməz”-deyən C. Bayramovun sözlərinə görə, beynəlxalq qiymətləndirmələrə bütün ölkələr iştirak etmir: “Burada əsasən inkişaf etmiş ölkələr iştirak edirlər. Bu ölkələrlə eyni yarışmada olmağın özü müəyyən mənada bir cəsarət tələb edir. Bunlar da həyata keçirilən islahatlar zamanı mütləq nəzərə alınmalıdır. Əsas məqamlardan biri də bizim milli qiymətləndirmələrimizlə beynəlxalq qiymətləndirmə standartları arasında olan fərqlərdir. Bu istiqamət üstə Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında əməkdaşlıq edilir”. Nazir qeyd edib ki, əsas hədəflərdən biri beynəlxalq qiymətləndirmələrdə istifadə olunan meyarların çoxundan Azərbaycanda təhsil sistemində qiymətləndirmələr həyata keçirilərkən istifadə etməkdir.
***
“Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir”.
Bunu da DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, 20 ildən çoxdur hər keçirilən imtahandan sonra geniş elmi-statistik təhlillər aparılır: “Bu təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlillərilə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir. Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır. Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da, bunu davam etdirmək lazımdır”.
M.Abbaszadə qeyd edib ki, problemləri təkcə şagirdlərlə yox, müəllimlərlə, təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır.
Etikxeber.az