“Su-həyat deməkdir, hər bir kəs bu məsələdə öz üzərinə düşən vəzifənin məsuliyyətini başa düşməli, problemin həllinə çalışmalıdır”-ELDAR İBRAHİMOV YAZDI

Azərbaycanda tarixən su problemi olub.

Çünki su ehtiyatlarımız o qədər də çox və zəngin olmayıb.

Ancaq axır 32 ildə, Qarabağ hadisələri başlanandan sonra su məsələsində problemlərimiz daha da artıb.

Çünki Azərbaycanın əraziləri, torpaqları kimi, əsas su ehtiyatları, su mənbələri, çaylarımız, bulaqlarımız da işğal olunub, təcavüzə uğrayıb.

Xüsusilə, “Sərsəng” SES kimi, çox əhəmiyətli, çox strateji su anbarımız illərdir erməni işğalındadır.

Hansı ki, işğaldan öncə Aran Qarabağ və başqa bir neçə rayonumuz, bölgəmiz məhz bu su anbarı vasitəsi ilə öz su problemini həll etməyə çalışırdı.

Bu su anbarı bu gün həm də düşmənin əlində bir silaha, təzyiqə, təhdidə çevrilib.

Çünki son illər ərzində orada heç bir yenidənqurma, müasirləşdirmə, bərkidilmə işləri aparılmayıb.

Orada ani qəza, ani fəsad Azərbaycanın adıçəkilən bölgələri və əhalisi üçün böyük fəlakətlər yarada, törədə bilər ki, bunu da təsəvvürə gətirmək və sözlə ifadə etmək belə, mümkün deyil.

Bu məsələ Azərbaycan rəsmiləri, ölkəmizin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri tərəfindən də dəfələrlə beynəlxalq qurumlar, xüsusilə, ATƏT və Avropa Şurası qarşısında qaldırılsa da, çox təəssüflər olsun ki, bugünədək heç bir nəticəsi olmayıb, düşmənə bu yöndə heç bir təzyiq, təsir göstərilməyib və “Sərsəng” SES bu gün də cidi təhlükə mənbəyi olaraq qalmaqdadır.

Eyni zamanda, ötən əsrin 90-cı illərində və 2000-ci illərinin əvvəllərində bölgələrimizdə elektrikin, qazın olmaması, fasilələrlə verilməsi səbəbindən su ehtiyatlarımıza növbəti ciddi zərbələr dəydi.

Xüsusilə, meşələrimizin qırılması ilə içməli su mənbələrimizin, bulaqlarımızın çoxu qurudu, sıradan çıxdı.

Son illər, ələlxüsus, son aylar isə daha bir problem yarandı. Həm havaların isti, quraqlıq keçməsi, həm də Kür çayında suyun səviyyəsinin xeyli aşağıya düşməsi su məsələsində ciddi problemlər yaratdı. Əsasən də, ölkənin Mil-Muğan bölgəsi, Neftçala, Biləsuvar rayonlarında ciddi çətinliklər yaşandı və təəssüflər olsun ki, problemlər hələ də davam etməkdədir.

Hesab edirəm ki, problemin bu həddə çatmasında aiddiyyatın yerli və mərkəzi qurumların, məsul şəxslərin də məsuliyyəti az deyil. Onlar vaxtında təbdirlər görsəydilər, ciddi addımlar atsaydılar, xüsusilə, suyun bölünməsi və paylaşdırılmasında neqativlərə yol verməsydilər, büdcədən ayrılan vəsaitləri düzgün məcrasına yönəltsəydilər, problem bu həddə çatmaz, bu qədər şişməzdi.

Görünür ki, hələ də məsuliyyətini sonadək anlamayan, yerində olmayan insanlar, kadrlar var. Ancaq bu məsələ dövlətin, xüsusilə, hər bir məsələyə son dərəcədə həssaslıqla yanaşan dövlət başçısı cənab İlham Əliyevin diqqətindən yayına bilməzdi, necə ki, yayınmadı.

Dövlət başçısı dərhal məsələyə müdaxilə etdi, dövlət və hökumət nümayəndələrinin, aidiyyatı qurumların rəhbərlərinin iştirakı ilə videoformatda su müşavirəsi keçirdi, görülən və görüləcək işlərlə bağlı bir daha fikirlərini səsləndirdi, bir sıra mühüm göstəriş və tapşırıqlarını verdi.

Xüsusilə, bu məsələdə məsuliyyətsizliyə, laqeydliyə yol verənlərin məsuliyyətə cəlb olunmaları, cəzalandırılmaları ilə bağlı sərt və birmənalı mövqeyini ifadə etdi.

Dövlət başçısı çıxışında “Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlər yaranıbdır. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq”-deyərək, bildirdi ki, böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir, ancaq sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq.

“Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan”-deyən dövlət başçımız bir daha qətiyyətli şəkildə bildirdi ki, bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır.

Bəli, çox haqlı irad və tələblərdir. İndi söz aidiyyatı qurumların, şəxslərindir. Onlar ya öz məsuliyətlərini anlayıb, problemin həllində yaxından iştirak etməlidirlər, ya da kənara çəkilib, işi işbilənə təhvil verməlidirlər.

Çünki su adi, sıradan məsələ deyil. Su hava qədər vacib olan həyati məsələdir, su-həyat deməkdir.

Ona görə də də inanmaq istəyirəm ki, müşavirədə deyilənlər söz olaraq qalmayacaq, xüsusilə, aidiyyatı qurumlar öz vəzifələrini axıracan məsuliyyətlə yerinə yetirəcəklər, problemin həllinə ciddi-cəhdlə çalışacaqlar.

Artıq söz vaxtı deyil, əməl vaxtdır. Gözləyirik!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

“Türkiyə də cəlb edilməklə, GUAM TUGAM-a çevrilsin”-ARİF HACILIDAN MARAQLI TƏKLİF

Read Next

Milli Cəbhə Partiyası-RAZİ NURULLAYEVİN PARTİYASININ ADI BELƏ OLDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir