“Su təsərrüfatında itkilərə yol verilməsi ölkəmizin mövcud su resursları ilə təmin edilməsi baxımından ciddi problemlərə yol açır…”-MİLLƏT VƏKİLİ “SU AKSİYASI”NA BAŞLADI

Təşəbbüsümüzlə təşkil olunan “Su israfına dur deyək, təbii sərvətlərimizi qoruyaq!” adlı aksiyaya başlayırıq. Bərdə rayonu 93 saylı seçki dairəsi üzrə apardığımız monitorinq nəticəsində hazırda ərazi üzrə 22 yaşayış məntəqəsində əhalinin ümumi istifadəsində olan çeşmələrdə suyun fasiləsiz olaraq boşuna axması müəyyən edilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olaraq bu məsələ məni çox narahat edirdi. Bununla bağlı fikirlərimizi iyulun 1-də Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovla, komitə üzvləri arasında Milli Məclisdə baş tutmuş respublikada içməli və tullantı su təchizatı məsələlərinin müzakirəsinə həsr olunmuş görüşdə də səsləndirdik. Ölkəmizdə su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması əsas strateji vəzifələrdən biri kimi müəyyənləşdirilib. Xüsusilə, son illərdə quraqlığın artması ölkədə su təhlükəsizliyi ilə bağlı məsələlərin aktuallığını daha da artırıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım bərdəli seçicilərinə müraciətində deyib.

Qeyd edib ki, iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirədə də bu məsələlər diqqət mərkəzində olub. Dövlət başçısı ölkəmiz üçün su təhlükəsizliyinin önəmindən bəhs edərək bildirib ki, su həm həyat, həm inkişaf, həm də təhlükəsizlikdir. Bu kontekstdə suya qənaət məsələsi olduqca mühüm önəm kəsb edir. Çünki su təsərrüfatında itkilərə yol verilməsi ölkəmizin mövcud su resursları ilə təmin edilməsi baxımından ciddi problemlərə yol açır.

“Ölkəmizin təbii sərvətlərinin qorunub saxlanılması üçün hər bir vətəndaş bu məsələyə xüsusi məsuliyyətlə yanaşmalı, xalqımızın rifahı və dövlətimizin qüdrəti baxımından olduqca vacib əhəmiyyətə malik olan suya qənaət məsələsində üzərinə düşəni etməlidir. Heç şübhəsiz, bu, bizim vətəndaşlıq borcumuz olmaqla yanaşı, dövlətin öz vətəndaşları üçün gördüyü işlərə ictimai dəstəyin göstərilməsi baxımından əhəmiyyətlidir. Beləliklə, aksiya çərçivəsində “Azərsu” ASC-nin dəstəyi ilə Bərdə şəhərində (Heydər Əliyev prospekti, Cəlil Məmmədquluzadə küçəsi, Qarabağ qəsəbəsi), Həsənqaya, İkinci Hacallı, İkinci Nazırlı, Zümürxan, Həsənli, Köbərkənd, Nəcəfqulubəyli, Qaraqoyunlu, Yeni Daşkənd kəndlərində, ümumilikdə, 22 çeşmədə suyun fasiləsiz olaraq boşuna axmasının qarşısını almaq üçün müvafiq su kranları quraşdırılacaq, təmir bərpa işləri görüləcək.Aksiyadan sonra həmin ərazilər üzrə bələdiyyə nümayəndələrini daha aktiv fəaliyyətə dəvət edirəm, bərpa olunmuş çeşmələrə daima nəzarətin gücləndirilməsinin təmin edilməsini xahiş edirəm. Əziz Bərdə sakinləri! Bir daha sizləri bu məsələyə həssaslıqla yanaşaraq, sudan səmərəli istifadə etməyə çağırıram. Sudan istifadədə israfçılıq etməyək ki, gələcək nəsillər də ondan faydalana bilsin! Bu aksiyada iştirak edən və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olub…”-İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB

Read Next

QƏLİBLƏRƏ SIĞMAYANIN SIĞINACAĞI-Rafael Hüseynov Nurəngiz Gün haqqında yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir