Süleymanovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq – AMEA

Milli Elmlər Akademiyası akademik Nizami Süleymanovun vəfati ilə bağlı açıqlama yayıb.

Etikxeber.az-ın xəbərinə görə, açıqlamada bildirilir ki, Azərbaycan elminə ağır itki üz verib. Belə ki,
Azərbaycanda texnika elmləri sahəsində mühüm xidmətləri olan görkəmli alim, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti, AMEA-nın müxbir üzvü Nizami Süleymanov dekabrın 2-də 71 yaşında vəfat edib:

“N.Süleymanov 1945-ci il noyabrın 25-də Əlibayramlı rayonunun Rəncbər kəndində anadan olub. O, Azərbaycan Politexnik İnstitutunu bitirib. Alim ilk dəfə olaraq standart volframlı poladları tamamilə əvəz edə bilən, yeni volframsız alət poladları işləyib hazırlamış və bu elmi yeniliklər istehsalata tətbiq edilib.

Standart və yeni tip poladlarda legirlənmə və mikrolegirlənmə sisteminin işlənməsi nəticəsində onların tərkibində yüksək dispersliliyə malik olan struktur almağa imkan verən yeni termiki emal texnologiyası işlənib hazırlanıb.
N.Süleymanov “İstiliyə dözümlü və konstruksiya poladlarının yeni üsullarla möhkəmləndirilməsinin tədqiqi və işlənib hazırlanması” mövzusunda namizədlik, “Alətlərin yüksək davamlılığını təmin edən yeni qənaətlə leqirləşmiş volframsız alət poladlarının və onların effektiv üsullarla möhkəmləndirilməsi üsullarının işlənib hazırlanması və maşınqayırmada tətbiqi” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1989-cu ildə maşınqayırma ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib.

Alim 300-dən çox elmi və publisistik əsərin, o cümlədən 61 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun elmi əsərlərinin 252‐si xaricdə çap olunub.

Gənc kadrların hazırlanması işinə də böyük diqqət yetirən N.Süleymanovun rəhbərliyi ilə 16 fəlsəfə doktoru, 6 elmlər doktoru müdafiə edib

Alimlə vida mərasimi bu gün saat 14:00-da Heydər məscidində olacaq.

Azərbaycan elmində əvəzsiz xidmətləri olan Nizami Süleymanovun xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!”

Etikxeber.az

 

Read Previous

Bu günə olan valyuta məzənnələri açıqlanıb

Read Next

Təcili yardım maşını qəzaya uğradı,avtomobildə olan xəstə öldü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir