Sülh küçəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi – YENİLƏNİB

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda – Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldu.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə məlumat verdi ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Diqqətə çatdırıldı ki, yenidənqurmadan əvvəl burada səki yox idi. Tikinti işləri zamanı yeni səkilər salınıb, yolun hər iki tərəfində yağış sularını axıdan kanalizasiya xətti çəkilib. Yol boyunca yaşıllıqlar salınıb, ağac və gül kolları əkilib, avtomatik suvarma sistemi qurulub. Yeni işıqlandırma sistemi də müasirliyi ilə diqqəti çəkir. Küçə boyunca dekorativ istinad divarları tikilib.

Bildirildi ki, küçəyə 15 santimetr qalınlığında polimer asfalt örtüyü döşənib. Eni 14 metr olan küçənin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb. Müasir texnologiya əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyətinin yüksəkliyində, elastikliyinin etibarlılığında və uzun müddət davamlı olmasındadır. Sülh küçəsinin əsaslı təmiri və yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır.

***

İlham Əliyev sonra Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış oldu.

Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevə küçənin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolun 4 min metrinə “Azəryoltikinti” ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

Etikxeber.az

Read Previous

Dənizkənarı Bulvarın və şəhər çimərliyinin açılışı oldu

Read Next

“Dini mərasimlərdən təxribatlar üçün istifadəyə imkan verilməz”- Oktyabrın 12-si Aşuradır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir