“Şuşa İli”: İnkişafın növbəti mərhələsi, intibah, dirçəliş ili-ELDAR İBRAHİMOV YAZIR

Yenicə qədəm qoyduğumuz 2022-ci il ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşa İli” elan olundu.

31 dekabr 2021-ci il tarixində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində dövlət başçımız 2022-ci ili “Şuşa İli” elan edərək, bir neçə gün öncə imzaladığı Sərəncamla da bunu rəsmiləşdirdi.

Bu, çox böyük tarixi bir hadisədir və Vətənini, Dövlətini, Millətini sevən hər kəsin ürəyindəndir.

Hər bir kəs, hər bir azərbaycanlı bu addımı alqışlayır və təqdir edir.

Başqa cür də ola bilməz.

Bu yerdə qeyd edim ki, bu il həm də Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik.

Belə ki, Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və bu il 270 yaşı tamam olan tarixi şəhərimizin yubileyidir.

Ona görə həm bir il 2 ay öncə 28 illik düşmən əsarətindən azad edilmiş Şuşa şəhərində bərpa işlərinin sürətləndirilməsi, həm də bu qədim yurd yerimizin 270 yaşının qeyd olunması ilə bağlı belə bir Sərəncamın verilməsi, imzalanması olduqca önəmli və çox yerinə düşən bir məsələdir.

Bəli, düz bir il iki ay öncə tarixi şəhərimiz, mədəniyyət beşiyimiz olan Şuşa şəhəri işğaldan azad edildi, Şuşanın işğaldan qurtarılması əməlyyatı dünya hərb elminə və tarixinə düşdü və 28 il 6 aydan sonra Şuşa yenidən bizim oldu.

Şuşa hər zaman bizim olub, bizim idi və bir daha bizim oldu.

Bizim də olanı artıq bundan sonra kimsə, heç bir güc bizdən ala, bizdən ayıra, bizdən qopara bilməz və bilməyəcək.

Mümkün deyil, mümkün olmadı, mümkün də olmayacaq.

Bəli, Şuşanın və Qarabağın işğaldan azad edilməsi ilə, tarixi Qələbə və Zəfərimizlə düşmən tapdağından qurtulmuş yurd yerlərimizdə bərpa, tikinti-quruculuq işlərinə start verildi.

Qısa bir zaman kəsiyində Şuşa da başda olmaqla, Qarabağımızın dirçəldilməsi, cənnət məkanına çevrilməsi işlərinə başlanıldı.

Ötən bir il, bir ildən bir qədər artıq dövr ərzində də bu istiqamətdə artıq böyük yol, məsafə qət edildi.

Açılışlar, təməlatmalar yaşandı, düşmənə zərbə dalınca sarsıdıcı zərbərlər vuruldu, gözdağı verildi.

Dövlət başçımız, Qalib Sərkərdəmiz ailə üzvləri dəfələrlə Qarabağa, Şuşamıza tarixi səfərlər etdi.

Hər səfər də bir tarix oldu, bir tarixə çevrildi.

Heç təsadüfi deyil ki, dövlət başçımız, tarixi Qələbə və Zəfərimizin memarı, banisi cənab İlham Əliyev ötən ilin dekabr ayındakı səfəri də daxil olmaqla, Şuşamıza 7-ci səfərini reallaşdırdı.

Budur Şuşa, Qarabağ sevgisi, budur Lider iradəsi, Lider qətiyyəti, Lider əzmi!

Bunu yalnız İlham Əliyev kimi dəmir iradəli bir Lider, Sərkərdə edə bilərdi və etdi də, edir də.

Tarixi Şuşa-Mütəffiqlik Bəyannaməsinin imzalanması isə sözlə idafəsi mümkün və analoqu olmayan bir hadisədir.

Bu Bəyannamə narahat və günü-gündən növbəti gərginliklər yaşayan dünyamızda təhlükəsizlik, əmin-amanlıq baxımdan çox önəmli bir addımdır və hər gün də öz önəmini, dəyərini göstərməkdə, artıqmaqdadır.

Bəli, “Şuşa ili” təkcə Şuşamızın deyil, həm də dağlı-aranlı Qarabağımızın, bütövlükdə Vahid Azərbaycanımızın növbəti inkişaf, intibah mərhələsi, dirçəlişi olacaq.

Bu, həm də “Böyük qayıdış”ın, son 30 ildə doğma yurd yerlərindən pərən-pərən salınmış insanlarımızın öz ocaqlarına, öz yuvalarına dönüşü olacaq.

Həmçinin, böyük turizm potensialı olan Qarabağımıza, Şuşamıza xarici, əcnəbi turistlərin axınına səbəb olacaq, Qarabağımızın bir daha kimin olduğuna şahidlik edilməsinə gətirib çıxaracaq.

Bir daha hər kəs əmin olacaq ki, Şuşa kimin idi və kimin oldu, hər kəs aydın və birdəfəlik dərk edəcək ki, Şuşa, Qarabağ Azərbaycanın idi və Azərbaycanın da oldu.

Və Ali Baş Komandanımızın yerli televiziya kanallarına son müsahibəsində dediyi kimi, heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq.

Müsahibəsində dövlət başşımız bir daha dəmir iradəsini, qətiyyətini nümayiş etdirərək “…Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz”-deyə, bəyan etdi və bildirdi ki, bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur.

Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın.

Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.

Bəli, növbəti dəfə mesaj verildi, növbəti dəfə xəbərdarlıq edildi və yenə də “Dəmir Yumruq” öz gücü ilə yerindədir.

Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

Daha 674 yeni yoluxma-DAHA 10 ÖLÜM…

Read Next

“Gəncə İcra Hakimiyyətindən bizə qənaətbəxş olmayan, iki kəlmə ilə başdansovdu cavab verilib…Bu isə övlad acısı yaşayan bir Şəhid ailəsi kimi bizi çox üzür və incidir…”-ŞƏHİD TALEH YUSİFOVUN ANASI MƏLƏK YUSİFOVA ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir