Şuşa və Ağdama ilk sərnişin avtobusları-YOLA DÜŞDÜ… – YENİLƏNİB

Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobusları yola düşüb.

Etikxeber.az-ın xəbərinə görə, avtobuslar Bakı Beynəlxalq Avtovağzalından yola çıxıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reyslərinə başlanıb.

Reyslər Bakı-Şuşa, Bakı-Ağdam, Əhmədbəyli-Şuşa, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa və Bərdə-Ağdam istiqamətlərində şəhərlərarası avtobus marşrutları ilə yerinə yetirilir.

Artıq hər bir marşrut üzrə sınaq səfərləri həyata keçirilib, istismar ediləcək avtobusların sinifləri müəyyən olunub.

Reyslər Əhmədbəyli-Şuşa marşrutu üzrə həftədə 4 dəfə, digər istiqamətlər üzrə isə 2 dəfə olmaqla təşkil edilir. Füzuli Beynəlxalq Hava Limanı-Şuşa avtobus marşrutunun fəaliyyəti təyyarə aviareysləri ilə uzlaşdırılacaq.

Bakı-Şuşa-Bakı biletinin bir istiqamətə olan qiyməti 10,4 manat, Bakı-Ağdam-Bakı biletinin bir istiqamətdə qiyməti 9,4 manat, Əhmədbəyli-Şuşa-Əhmədbəyli (express) biletinin bir istiqamətdə qiyməti 7 manat, Bərdə-Ağdam-Bərdə (express) biletinin bir istiqamətdə qiyməti 5 manat, Füzuli BHL – Şuşa (express) biletinin bir istiqamətə qiyməti isə 6 manat təşkil edir.

Sərnişinlər getdikləri gün geriyə dönəcək.

İşğaldan azad olunan ərazilərə səyahət etmək istəyənlər biletləri elektron qaydada əldə edə bilər. Bu məqsədlə “yolumuzqarabaga.az” portalı yaradılıb.

İlkin olaraq Ağdama və Şuşaya səfərləri nəzərdə tutan sistemdə, daha sonra işğaldan azad edilən digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

İmtiyazlı şəxslər də daxil olmaqla, bütün şəxslərə işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.

***

“Sərnişinlər hazırda avtobuslarda əyləşiblər. Bu, mərasimdə iştirak edənlər, habelə etməyənlər üçün, bir sözlə, hər birimiz üçün böyük bir xoşbəxtlikdir”.

Bunu isə Şuşa və Ağdam şəhərlərinə ilk sərnişin avtobuslarının yola salınmasından əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev jurnalistlərə açıqlamasında bildirib.

Hər bir sərnişini əlamətdar gün münasibətilə təbrik edən xidmət rəisi əlavə edib ki, belə səfərlər işğaldan azad edilmiş torpaqlarımızda humanitar, sosial, eyni zamanda iqtisadi reinteqrasiya prosesində mühüm rol oynayacaq.

O, eyni zamanda bildirib ki, ilk olaraq Şuşaya 2 reys, Ağdama 2 reys, 4 reys isə Əhmədbəylidən start verib:

“Bütün marşrutlar üzrə biletlər satışdadır. Aktivlik kifayət qədər yüksəkdir. Bilet satışı davam edir. Şuşaya yol 6 saat 30 dəqiqə, Ağdama isə 6 saatdır.

Şuşa və Ağdamda ziyarət üçün 2 saat yarım vaxt ayrılır ki, oradakı yerləri gəzmək mümkün olsun. Bundan sonra avtobus eyni sərnişinlərlə geri dönəcək. Şuşaya reyslər cədvəllər üzrə şənbə və bazar günləri həyata keçiriləcək”

Etikxeber.az

Read Previous

“Niyə və nə vaxta qədər övladı Şuşa uğrunda qurban getmiş Şəhidin anası evindən çıxıb əsgərlikdən yayınan qonşu oğlunun “Şuşa marketi”ni görməlidir?”-DEPUTATDAN KƏSKİN ETİRAZ VƏ ÖNƏMLİ TƏKLİF

Read Next

Seyid ocağında baş tutan görüş…SAVAB ƏMƏL, BÖYÜK ÜRƏK SAHİBLƏRİ…ŞAMXALLAR, FARİZLƏR, XƏQANİLƏR, ELNURLAR, DİGƏR VƏTƏN SEVDALILARI…ONLARI DİNLƏYƏN, ONLARA QULAQ ASAN OLACAQMI? ONLARA GEC DƏ OLSA, HAQQ ETDİKLƏRİ VERİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir