Təhsil Məcəlləsinə ehtiyac varmı? – RƏYLƏR – YENİLƏNİB

Sona Əliyeva: “Təhsil almaq hər bir vətəndaşın kontutsion hüququ olduğundan, Təhsil Məcəlləsinin yaradılması gərəkli ola bilər”

Kamilə Əliyeva: “İndiki reallıqda Təhsil Məcəlləsinin qəbulu aktual görünmür: Amma bir daha qeyd edirəm ki, gələcəkdə belə bir məsələ istisna olunmur, Təhsil Məcəlləsi hazırlana və ona baxıla bilər

Azərbaycan bir sıra sahələr üzrə həm çərçivə, həm “ana”, həm sahəvi qanunlar qəbul olunub və həmin qanunların məntiqi davamı olaraq da, müvafiq məcəllələlər parlamentdən keçib, hüquqi statusunu alıb. Buna misal olaraq, Vergi, Torpaq, Meşə, Miqrasiya, Mədəniyyət, Turizm Məcəlləsini və digər məcəllələri göstərmək olar.

Bəs görəsən, təhsil sahəsi ilə də bağlı Təhsil Məcəlləsinin hazırlanması və qəbulu necə, gözləniləndirmi və mümkündürmü? Bu sahədə də  Məcəlləyə ehtiyac varmı?  Bu yerdə də qeyd edək ki, millət vəkilləri tərəfindən zaman-zaman bu yöndə təkliflər eşidilməkdədir.

SONA ALIYEVA

Bu məsələylə bağlı Etikxeber.az-a açıqlamasında təhsil işçisi, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva bildirib ki,  əvvəla, Məcəllə hüququn hər hansı bir ahəsinə aid sistemə salınmış qanunlar toplusudur.

Onun sözlərinə görə, Məcəllədə hər hansı bir qanunvericilik sisteminə aid olan bütün normativ – hüquqi aktlar daxil edilir.

O, qeyd edib ki, təhsil almaq hər bir vətəndaşın kontutsion hüququ olduğundan Təhsil Məcəlləsinin yaradılması gərəkli ola bilər, lakin hələlik həmin  məcəllənin hazırlanması əsas prioritet məsələ deyil və hazırda təhsilin bütün pillələri üzrə qanun layihələrinin hazırlanması nəzərdə tutulur.

S. Əliyevanın dediyinə görə,  hazırda “Peşə təhsili haqqında” qanun layihəsinin ilkin variantı hazırlanıb və artıq MM-in plenar iclasına tövsiyə edilib.

“Eyni zamanda, Avropa praktikasını nəzərə alsaq, bir çox Avropa ölkəsində də belə bir məcəllə yoxdur.

Ümumtəhsil və bir çox sahə qanunları ilə təhsil sistemləşdirilib.

Şimali avropa ölkələrindən Norveç istisna olmaqla, Danimarka, Finlandiya və İsveçdə belə bir məcəllə mövcud deyil.

Təhsil sahəsində Avropada qabaqcıl ölkələrdən olan İslandiyada da təhsil məcəlləsi mövcud deyil.

Avropa nəhənglərindən yalnız İspaniya, Fransa və Birləşmiş krallıqda Təhsil Məcəlləsi mövcuddur.

Mərkəzi və Cənubi Avropanın Belçika, Almanya, Hollandiya, Avstriya, Macarıstan, Polşa, Ruminya, Yunanıstan kimi, qabaqcıl ölkələrində təhsil sistemi “Ümumtəhsil haqqında” qanun və bir çox sahə qanunları ilə tənzimlənir.

Əgər qanunlar toplusu bir məcəllədə birləşidirilərsə, bəzi normativ- hüquqi aktlar arasındakı uyğunsuzluqları aradan qaldırmaq mümkün olur…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

***

kamile_eliyeva

BDU-nun professoru, millət vəkili Kamilə Əliyeva da indiki reallıqda Təhsil Məcəlləsinə bir o qədər ehtiyac görmür:

“Əlbəttə, gələcəkdə belə bir məcəllə hazırlana, müzakirələrə təqdim oluna, çıxarıla və qəbul oluna bilər, bu, mümkündür və istisna deyil, amma indiki halda ona bir o qədər də ciddi ehtiyac yoxdur. Çünki Azərbaycanda təhsillə bağlı çərçivə qanunu var, eyni zamanda, təhsil qanunvericiliyimiz mütəmadi şəkildə yeniləndirilir, dövrün, zamanın tələblərinə, reallıqlarına uyğun olaraq, təkmilləşdirilir, zənginləşdirilir.

Eyni zamanda, təhsillə bağlı sahəvi qanunların da qəbulu gerçəkləşdirilir və gerçəkləşdirilməkdədir. Ona görə indiki reallıqda Təhsil Məcəlləsinin qəbulu aktual görünmür. Amma bir daha qeyd edirəm ki, gələcəkdə belə bir məsələ istisna olunmur, Təhsil Məcəlləsi hazırlana və ona baxıla bilər. Bu, mümkün variantlardandır”-deyə, K. Əliyeva daha sonra qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

2 oğlunu Vətən üçün şəhid vermiş mərd anamızın əlindən öpdük… – DEPUTAT YAZDI – FOTOLAR

Read Next

Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır… – Yeni lüğət – YENİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir