“Təhsil müəssisələrinin, rayonlara gediş-gəlişin açılması məsələsi araşdırılır və öyrənilir…”-PREZİDENTİN KÖMƏKÇİSİ – BƏS SAHİBKARLARA NƏ QƏDƏR YARDIM EDİLİB? – YENİLƏNİB – (3)

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı KİV nümayəndələri üçün brifinq keçirir.

Etikxeber.az-ın xəbərinə görə, brifinqdə Operativ Qərargahın nümayəndələri – Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in mikrobiologiya üzrə işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva jurnalistləri maraqlandıran suallara cavab verir.

***

“Dünyada koronavirusa yoluxmanın hazırda 21 milyondan çox olduğunu görürük”.

Bunu H. Hacıyev deyib.

PA rəsmisi bildirib ki, Azərbaycan da bu prosesləri yaxından izləyir:

“Xüsusilə, Avropa ölkələrində karantin rejiminin sərtləşdirilməsi və yeni karantin qaydaları tətbiq edilir. Azərbaycanda son günlərdə rəqəmlərdə olan müsbət tendensiya bizi sevindirir. Vətəndaşların təmkinli, səbrli davranışı nəticəsində biz buna nail olmuşuq. Son günlər rəqəmlərdə cüzi artım vətəndaşların aktiv həyatından asılıdır. Ölkələrdə koronavirusun yayılma tendensiyası öyrənilərək müvafiq açılmalar həyata keçirilir. Bu, müvafiq qaydalar çərçivəsində baş verir. Bu gün də ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsi ilə bağlı qərar açıqlanıb”. 

Sonra “Təhsil müəssisələrinin açılması məsələsi araşdırılır və öyrənilir”-deyən H. Hacıyev bildirib ki, digər ölkələrin təcrübələrinə müraciət edilir:

“Çox sevindirici haldır ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilən forumlarda valideynlərin, ekspertlərin iştirakı ilə bu məsələ müzakirə edilir. Yekdil qərar barədə danışmaq hələ çox tezdir. Burada peşə məktəbləri, orta məktəblər, ali təhsil müəssisələri ilə bağlı qaydalar tətbiq olunmalıdır. Digər ölkələrdə də bu məsələ ciddi müzakirə edilir. Hətta bəzi ölkələrdə məktəblərin bir qədər gec açılması məsələsi də müzakirə olunur”.

11:14

***

“Keçən həftə və bu həftə aparılan monitorinq onu deməyə əsas verir ki, çimərliklərdə o qədər də sıxlıq müşahidə edilmir”-deyə, qeyd edən Prezidentin köməkçisi bildirib ki, ötən həftə sonu bir az sıxlıq müşahidə edilib:

“Amma bunun aradan qaldırılması təmin olunub. Çimərlik.az portalına müraciət edən vətəndaşların sayı artmaqdadır. 40 minə yaxın vətəndaş artıq müraciət edib”.

PA rəsmisi sonra bildirib ki, rayonlara gediş-gəlişin açılması da müzakirə edilir. O, bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir:

“Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

Həmçinin “Mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti, o cümlədən digər ölkələrdə dini mərasimlərin keçirilməsi qaydalarını nəzərə alaraq qarşıdan gələn dini mərasimlərdə kütləviliyə yol verilməməsini vətəndaşlarımızdan xahiş edirik”-deyən H. Hacıyev bildirib ki, mömin insanların bu qaydalara riayət etməsini gözləyirlər.

11:25

***

Daha sonra “İyulun 6-dək Bakıda 1800-1900 civarında avtobus fəaliyyət göstərirdi”-deyən H.Hacıyevin sözlərinə görə, bundan sonrakı dövrdə 100 avtobus əlavə olunub ki, sıxlıq maksimum şəkildə aradan qaldırılsın:

“Həmçinin Bakı Nəqliyyat Agentliyi tərərfindən Bakı kəndlərini Bakının əsas dayanacaq məntəqələri ilə birləşdirən əlavə xətlər də verilib. Bu əlavə xətlərin sayının artırılması və oraya əlavə avtobusların verilməsi məsələsi də baxılmaqdadır və yaxın günlərdə bununla bağlı əlavə qəraralar veriləcək”.

“Vətəndaşlarımızı gündəlik yoluxma saylarında kiçik artmalar narahat edir”.

Bunu isə brifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O, bildirib ki, amma buna hazırlıqlı olmalıyıq:

“Biz açılmalara gedəndə gigiyenik qaydalara riayət etsək, rəqəmləri bu səviyyədə saxlaya biləcəyik. Ümumi ölkə üzrə çarpayıların doluluğu 14% təşkil edir. Çarpayı fondumuzda heç bir problem yoxdur. Açılmalara gedəndə rəqəmlərdə artmalar ola bilər. Əsas odur, bu rəqəmlər nəzarətdə saxlanıla bilsin”.

Sonra “Artıq iki həftədir, koronavirusla bağlı ölkəmizdə xarici mütəxəssislər çalışır”-deyən TƏBİB rəsmisi bildirib ki, İtaliyadan və Çindən gələn mütəxəssislərlə həm Bakıda, həm də regionlarda olan xəstəxanalarda görüşlər keçirilib:

“Keçirilən onlayn təlimlərə regionlarda olan bütün həkimlərimiz qoşulur”.

11:33

***

“Məlum olduğu kimi, artıq növbəti açılmalar baş verir”.

Bunu da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O, bildirib ki, iaşə obyektlərində açılmalar müəyyən qaydalar çərçivəsində həyata keçiriləcək:

“Müəyyən saat çərçivəsində iaşə obyektlərinin işinə icazə veriləcək. Həmçinin sahibkarların üzərinə vəzifə qoyulur ki, içəri daxil olan müştərinin maskalardan istifadəsinə nəzarət etsin, olmadıqda onu təmin etsin. Həmçinin içəridə olan işçilər də maskadan istifadə etməlidir. Qaydalarda göstərilən tələblərin pozulmasına görə inzibati cərimələr tətbiq olunacaq. Müəyyən fəaliyyət sahələri var ki, onların fəaliyyətinə ümumiyyətlə icazə verilmir. Qadağan olunmuş fəaliyyət həyata keçirən təsərrüfat subyektlərinə qarşı qanunla müəyyən olunmuş cəzalar həyata keçiriləcək. Sahibkarlardan qeyd olunan tələblərə əməl olunmasını xahiş edirik”. 

11:37

***

S. Musayeva həmçinin deyib ki, mikro sahibkarlara ikinci mərhələdə də 250 manat maliyyə yardımı göstərilib.

O, bildirib ki, maliyyə dəstəyinin göstərilməsi zamanı xüsusilə həssas qruplar seçilib:

“Digər sahibkarlar isə muzdlu işçilərə əməkhaqqının ödənilməsi həyata keçiriləcək. Eyni zamanda 500 milyon manatlıq kreditlərin verilməsi üçün dövlət zəmanəti veriləcək. Sahibkarlara 3 bank sahibkarlara təklif olunur. Artıq 19 milyona yaxın məbləğdə dövlət zəmanətli kreditlərin rəsmiləşdirilməsi prosesi bitmək üzrədir. 250 manat almayan sahibkarlıq subyektləri digər dövlət dəstəyinə müraciət edə bilər. İşçi saylarını əhəmiyyətli dərəcədə azaltmayan sahibkarlara ikinci mərhələdə də muzdlu işçilərinin əməkhaqqı ödənilir. Növbəti mərhələdə də həmin sahibkarların böyük əksəriyyəti əhatə olunacaq və gələn həftədən həmin vəsait onların bank kartlarına köçürüləcək”.

Etikxeber.az

Read Previous

Deputat “Azəriqaz”a minnətdarlıq etdi, Baş Prokurorluq, AccessBank və Biləsuvar İcra Hakimiyyətinə-SORĞU GÖNDƏRDİ

Read Next

Yoluxmada yenidən azalma-89 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir