“Təhsil və səhiyyə obyektlərində ciddi təmir tikinti işlərinin aparılmasına, habelə kadr təminatına ehtiyac var”-BƏHRUZ MƏHƏRRƏMOV

Parlamentin növbədənkənar sessiyasının bu gün plenar iclasında çıxış etdim və 3 istiqamətdə narahatlığımı bildirdim. Son 2 gündə Biləsuvar rayonun Arazbarı, Səmədabad, Nərimankənd, Nəsimikənd, Ağayrı, Günəşli, İsmətli, Aranlı, Çinarlı və Çaylı kəndlərində qəbullar keçirdim və bir daha aydın oldu ki, həmin kəndlər də daxil olmaqla Biləsuvar rayonunda içməli su və suvarma suyu çatışmazlığı kəskin formada hiss edilməkdədir. Bəzi əkin sahələri və kəndlərin demək olar ki, hamısında həyətyanı sahələrin suvarılmasında problemlər var və bunun rayon və ya regional səviyyədə həlli mümkün deyil. Bundan başqa mövcud su ehtiyatları drenaj-kollektor sisteminin yetərli olmaması yaxud pis vəziyyətdə olması ucbatından itkiyə gedir, habelə bu vəziyyət torpaqlarda ciddi şoranlaşma və səhralaşmaya səbəb olur. Habelə, saydığım bütün kəndlərdə insanların örüş sahələrindən məhrum olması ciddi problemə çevrilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Bəhruz Mərəmmov deyib.

O, qeyd edib ki, bununla belə, təhsil və səhiyyə obyektlərində ciddi təmir tikinti işlərinin aparılmasına, habelə kadr təminatına ehtiyac var.

“Bu sadaladığım məsələlərlə bağlı rəsmi məktubumu yaxın günlərdə aidiyyatı strukturlara ünvanlayacağam.İkinci məsələ, cənab Prezident Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışı zamanı, xəritədə Sisyanın əsl adının Qarakilsə olması və xəritədə düzəliş edilməsinə dair irad və tapşırıqları hesab edirəm ki, həqiqətlərin və tarixi ədalətin bərpası istiqamətində son 10 gündə ikinci dəfə mühim diplomatik həmlə idi. Lakin, məni təəssüfləndirən məqam bundan ibarətdir ki, cənab Prezidentin qeyd etdiyi bu ana xətt tutulmaqdansa, ölkədə bəzi media orqanları, bəzi siyasilər dövlət əhəmiyyətli, tarixi ədalətin bərpasına yönəlmiş milli siyasi xətti dəstəkləməkdənsə, bu məsələləri ayrı-ayrı dəyərli tarixi şəxsiyyətlərimizə hücum kimi təqdim etməyə çalışırlar. Əgər belə həssas məsələdə bizdən kimsə fərqli və təxribatçı çıxışlar edəcəksə, vahid mövqe nümayiş etdirə bilməyəcəyiksə, dünya bizə nə deyər?

Hesab edirəm ki, tarixi ərazilərimizə dair dövlət başçısının fikirlərini başqa cür qiymətləndirmək, “hakimiyyət uğrunda mübarizə”nin alətinə çevirmək siyasi əxlaqa sığmır, mənəvi deqradasiyadır. Məni narahat edən növbəti məsələ sosial şəbəkələrlə bağlıdır. Bu gün Azərbaycanda sosial qaragüruh ucbatından bizim ziyalılarımızın azadlıqları, o cümlədən rəyində qalmaq hüququ pozulmaqdadır. İnsanlar artıq sosial şəbəkədə trolların, müəyyən dairələrdən qodalanan və idarə olunan “şəxs”lərin hücumları ucbatından öz rəylərini, fikirlərini rahat formada deyə bilmir. Hesab edirəm ki, bununla da bağlı artıq konkret tədbirlər görülməlidir və mən də öz təkliflərimi yazılı olaraq təqdim edəcəyəm“-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

“Qürur hissi ilə bildirmək istərdim ki…”-ELŞAD MİRBƏŞİROĞLU

Read Next

“Müharibə qərarı verilsə, bu kimsədən soruşulmayacaq və kimsənin provokasiyası da həmin qərarın verilməsində katalizator rolunu oynaya bilməz”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir