“Təhsilimizdə hələ də həllini gözləyən məsələlər var…Ölkə Prezidentinin də qeyd etdiyi kimi, təhsilimizin ümumi səviyyəsi qalxmalıdır”-MİLLƏT VƏKİLİ

Bütün sahələrdə olduğu kimi, islahatlar prosesi ən strateji sahələrdən olan təhsil sahəsindən də yan keçməyib, təsirsiz ötüşməyib. Son illər təhsil sahəsində əldə edilən uğurlar, müsbət irəliləyişlər göz önündədir, bunları heç cür danmaq olmaz. İstər sabiq nazir (indiki İqtisadiyyat naziri) Mikayıl Cabbarovun, istərsə də bugünlərdə Xarici İşlər naziri təyin edilmiş Ceyhun Bayramovun dövründə təhsil sahəsində, xüsusilə, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, ortaya qoyulan iradə hər birimizə məlumdur. Bunlar hamısı təqdirə, alqışa layiqdir. Bununla belə, təhsilimizdə hələ də həllini gözləyən problemlər var. Bu problemlər barədə də dəfələrlə danışılıb, deyilib. Xüsusilə də, təhsil keyfiyyətinin yüksəldilməsi ilə bağlı hər zaman mütəxəssislər, ziyalılar, millət vəkilləri tərəfindən ən müxtəlif fikir və dəyərli təkliflər səsləndirilib. Onlardan bəziləri nəzərə alınıb, bəziləri də özünün reallaşacağı günü, məqamı gözləyirlər.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin dediyinə görə, heç təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin yeni təyin edilmiş təhsil naziri Emin Əmrullayevlə videoformat şəklində keçirilən qəbulu zamanı da bu məqamlar dilə gətirilib.

“Təhsildə islahatlar dərinləşməlidir”-deyən dövlət başçımız xüsusilə, Azərbaycan təhsilinin səviyyəsinin qaldırılmasına diqqət yönəldib və bunları qeyd edib:

“Bizim təhsilimizin ümumi səviyyəsi təbii ki, qalxmalıdır və təhsilli insan nə qədər çox olarsa, ölkəmizin intellektual potensialı o qədər də çox artacaqdır. Bununla paralel olaraq, bizim təhsil sistemimiz ölkəmizin ümumi iqtisadi və sənaye inkişafı ilə uzlaşmalıdır. Ona görə xüsusilə ali məktəblərə qəbul mərhələsində bütün bu məsələlər dərindən təhlil edilməlidir. Bizə hansı sahə üzrə nə qədər mütəxəssis lazımdır? Humanitar sahədə fəaliyyət göstərəcək nə qədər mütəxəssis lazımdır? Nə qədər texniki peşə sahibləri lazımdır? Ona görə bütün bunları siz mütləq aidiyyəti dövlət qurumları ilə birlikdə həll etməlisiniz…”.

Ölkə Prezidenti eyni zamanda, digər çox vacib və olduqca mühüm bir məsələyə toxunub ki, bu da Dördüncü Sənaye İnqilabının mövcudluğu, dünyada gedən rəqəmsallaşma tendensiyaları ilə bağlıdır. Onun sözlərinə görə, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması və tətbiq edilməsi bəzi peşələri lazımsız edir. Artıq bu peşələrin siyahısı var. Bu peşələr artıq aradan qalxır və olmayacaq.

“O peşələr ki, beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır. Eyni zamanda, bəzi peşələrin aradan qaldırılması bizim üçün başqa bir problem yarada bilər”-deyən dövlətimizin rəhbəri qeyd edib ki, çünki Azərbaycan demoqrafik baxımdan inkişaf edən ölkədir, bizim əhalimiz artır. Peşələrin aradan qaldırılması nəticəsində işsizlik arta bilər. Aradan qalxacaq peşələr o qədər də böyük peşəkarlıq və ixtisaslaşma tələb etməyən peşələrdir. Amma yeni yaradılacaq peşələr böyük bilik, savad və müasir texnologiyalar tələb edəcək. Odur ki, bütün bunları biz indi düzgün planlaşdırmasaq, böyük problemlərlə üzləşə bilərik.

Bu baxımdan hesab edirəm ki, yeni təyin edilmiş Təhsil nazirimiz və onun rəhbərlik etdiyi Təhsil Nazirliyi bu məqamlara fəaliyyəti dövründə xüsusi diqqət yetirəcək, dövlət başçımızın bütün tövsiyə və tapşırıqlarının tezliklə yerinə yetirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcək. Çünki bunlar hamısı təhsilimizin səviyyəsinin yüksəldilməsi, ümumulikdə, bir xalq, dövlət olaraq, inkişafımızın, tərəqqimizin daha dayaqnıqlı olmas üçün töhfə verəcək mühüm məqamlardır.

İnanıram və əminəm ki, gənc, peşəkar, kifayət qədər savadlı və bilkli olan Təhsil nazirimiz bu işlərindən öhdəsindən gələ biləcək. Ölkə Prezidentinin etimadını tam doğruldacaq, ona tapşırılan məsuliyyətli vəzifəni layiqincə yerinə yetirəcək. Emin Əmrullayevi təbrik etməklə yanaşı, ona yeni və çox məsuliyyətli işində uğurlar, Azərbaycan təhsilinə isə daha da zirvələrdən-zirvələrə yüksəlməsini, ən yüksək zirvələri fəth etməsini arzulayıram. Buna hər cür imkan, şərait və potensila var”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

08:46

Etikxeber.az

Read Previous

“Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

Azərbaycanda Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlər başlayır-BU GÜNDƏN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir