Daha iki İkinci Vətən Müharibəsi Şəhidinin-Mingəçevirli Nicat Vasif oğlu İbişov və İsmayıllılı Aqil Mehman oğlu Mirzəliyevin doğum günüdür.
Bu gün Nicat İbişovun 23, Aqil Mirzəliyevin 24 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.
Etikxeber.az-ın xəbərinə görə, Nicat İbişov əslən Zərdablı olsa da, 2000-ci ilin avqustun 27-də Mingəçevirdə dünyaya gəlib.
İsmayıllı rayonunun özündən-İsmayıllı şəhərindən olan Aqil Mirzəliyev isə 1999-cu ilin avqustun 27-də anadan olub.
Hər ikisi də ailənin iki övladından biri olub.
Nicat İbişov tək bacının tək qardaşı, Aqil Mirzəliyev ailənin iki oğlan övladından biri idi.
Hər iki Şəhid İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgərləri kimi iştirak ediblər.
Nicat İbişov 2020-ci ilin oktyabrın 10-da Suqovuşan istiqamətində döyüşlərdə Şəhid olub, lakin nəşi 15 gün sonra əldə edilib və Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Aqil Mirzəliyev isə oktyabrın 20-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 3 gün sonra, oktyabrın 23-də İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Hər ikisi də Şəhidliklərindən sonra medallarla, Aqil Mirzəliyev həmçinin, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Aqil həm də ali təhsilli olub.
Eyni zamanda, hər iki Şəhid subay olub.
Hər ikisinin də məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsınlar!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az