Bir ailə, iki Şəhid…
Şəhid qardaş, Şəhid övlad…
Şəhid dayı-bacıoğlu
Biri Birinci Qarabağ Savaşı Şəhidi, digəri İkinci Vətən Müharibəsi Şəhidi…
Biri üç ayın Əsgəri, digəri iki ay üç günün Əsgəri…
Əslən Qubalı-27 yanvar 1974-cü il təvəllüdlü Kamran Niyətulla oğlu Orucov və Saleh Səxavət oğlu Nuriyev…
Saleh Nuriyev əslən Qubadan olsa da, Sumqayıt şəhərində sadə bir ailədə dünyaya gəlib…
Ailənin dörd övladından biri, üç bacının tək qardaşı olub…
Saleh həm də ailənin əkiz övladlarından biri idi…
Böyük bacıları 1991 və 1994-cü il təvəllüdlü olsalar da, Saleh əkiz bacısı Fatimə ilə illər sonra-2002-ci ilin 18 iyulunda dünyaya gəliblər…
Saleh 2008-ci ildə Sumqayıt şəhərində yerləşən 33 saylı orta məktəbə gedib…
9-cu sinfi bitirdikdən sonra, 2017-ci ildə Sumqayıt Dövlət Texniki Kollecinə daxil olub və orada 3 il təhsil aldıqdan, təhsilini başa vurduqdan sonra, 2020-ci ilin iyul ayının 24-də həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
Hərbi xidmətinə, Əsgərliyinə Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədən başlayıb, sonra Daşkəsən istiqamətindəki hərbi hissələrdən birinə, İkinci Vətən Müharibəsinin başlaması ilə də əvvəlcə Füzuliyə, daha sonra Cəbrayıl istiqamətinə-döyüşlərə göndərilib…
Azərbaycan Ordusunun, cəmi 2 ay 13 günün Əsgəri kimi Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb, vuruşub…
Axırıncı dəfə ailəsi, atası ilə Şəhidliyindən iki gün əvvəl, oktyabrın 15-də danışıb, anasını, bacılarını xəbər alıb və deyib ki, “hər şey yaxşılıqdır, narahat olmayın, anamla da sonra zəng edib danışaram”…
Anası Rəmziyyə xanımla isə axırıncı dəfə oktyabrın 10-da əlaqə saxlayıb…
Və oktyabrın 15-dən sonra Salehlə əlaqə saxlamaq mümkün olmayıb…
Oktyabr ayının 17-də, səhər saatlarında da Cəbrayıl istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Nəşi həmin gün axşam Sumqayıta, evlərinə gətirilib və oktyabrın 18-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
2002-ci ilin 18 iyulunda dünyaya gələn Şəhidimiz 2020-ci ilin 18 oktyabrında, 18 yaşının tamamından düz üç ay sonra torpağa tapşırılıb…
Sevincli 18 iyul və kədərli 18 oktyabr…
Şəhidliyindən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…
18 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub…
Hazırda Sumqayıtda Şəhidimizin adını dasıyan küçə, o cümlədən bir neçə məktəbdə sinif otağı var…
Və qeyd etdiyim kimi, Saleh həm də Şəhid ailəsindəndir…
Dayısı Kamran Birinci Qarabağ Savaşının Şəhidi olub, daha doğrusu, itkin düşüb və məzarsız Şəhidlərimizdəndir…
Şəhidimizin anası Rəmziyyə Nuriyevanın dediklərindən:
“Saleh evin həm tək oğlu, həm də səhhətində problemi-beyindaxili təzyiqi olduğu üçün onu bir az ərköyün böyütmüşdüm, onu çox əzizləyirdim…Eyni zamanda, Birinci Qarabağ Müharibəsi zamanı-1992-ci ildə qardaşım Kamran Fərrux dağında-Fərrux yüksəkliyində Şəhid olmuş, daha doğrusu, itkin düşmüşdü, 31 il keçsə də, hələ də məzarı yoxdur…Oğlumun baxışındanmı, duruşundanmı deyim… bir az qardaşıma oxşadırdım, bənzədirdim…Bəlkə də elə deyildi, amma mən oxşadırdım…Bəxtləri, taleləri də bənzər, oxşar oldu… Hər ikisi də Vətən yolunda Şəhid oldu…Qardaşım da cəmi 18 yaşında (1992-ci ilin 19 sentyabr tarixində), 3 ayın Əsgəri kimi Fərrux yüksəkliyində itkin düşdü, balam da cəmi 18 yaşında, 2 ay 3 günün Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatıldı və Şəhid oldu (səsi titrəyir)…Saleh mənim arxam-dayağım, həyatımın mənası, hər şeyim idi…
Analar oğulları, oğullar da anaları ilə çox bağlı olurlar…Biz də ana-bala bir-birimizə çox bağlı idik…Onunla bağlı çox arzularım var idi, hamısı gözümdə, ürəyimdə qaldı…Salehsiz bu həyatda özümü tək-tənha hiss edirəm… Saleh həm ərköyün, həm də zarafatcıl uşaq idi…Üzündə, gözlərində daim bir təbəssüm varıydı…Hərdən müəllimləri deyirdilər ki, Saleh çox qabiliyyətli uşaqdır, amma oxumağa tənbəllik edir və bir də gülür…Deyirdim ki, niyə gülürsən? Deyirdi ki, “mama, pis söz danışmıram, pis hərəkət etmirəm ki…”…Balamın üzündə, gözlərində bir İşıq, bir Nur var idi…Onu universitetdə oxutmadğıma görə indi çox peşmanam…Oxusaydı, bəlkə də taleyi başqa cür olardı…Nə deyim…Saleh qohumlarımızın, nəslimizin gözü idi…”
Bəli, bir ailə və iki Şəhid…
Bəli, əsl Qəhrəmanlar, İgidlər və Şəhidlər ailəsi…
Allah hər iksinin-həm Şəhid Salehin, həm də Şəhid Kamranın məkanlarını cənnətlik, məqamlarını uca, ruhlarını şad etsin!
Ruhları qarşısında sayğı və ehtiramla baş əyirəm!
Hər ikisi də Nur içində uyusunlar!
Fəxrimiz, Qürurumuz, And yerimiz, Baş tacımızdırlar!












Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az