Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin anası Reyhan Ağakişiyeva Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban ƏIliyevaya, Prezidentin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova, Prezidentin köməkçisi-şöbə müdiri Hikmət Hacıyevə, Prezidentin köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevə, Prezidentin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudova, Milli Məclis (MM) sədrinin Birinci müavini-komitə sədri Əli Hüseynliyə və millət vəkili Aydın Mirzəzadəyə müraciət ünvanlayıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Reyhan Cəmil qızı Ağakişiyeva Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi, Qələbə və Zəfər Şəhidlərindən olan İlkin Elxan oğlu Ağakişiyevin anasıyam. İlkin mənim iki övladımdan biri, tək oğlum, ali təhsilli və subay övladım, arxam-dayağım, yaşam səbəbim idi. Övladım bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsi zamanı Vətənini məndən, illərdir ağır yataq xəstəsi olan atasndanı və tək bacısından üstün tutaraq, könüllü şəkildə müharibəyə yollandı və ətlə, qanla, dırnaqla alınan Suqovuşanda qəhrəmancasına Şəhid oldu.
Oktyabr ayının ilk günlərində Şəhid olsa da, onun nəşini yalnız 56 gündən sonra əldə etdik və Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşırırdıq. Tək, arxa-dayağım olan oğlumu Vətənə qurban verdik.
Xəstə olan atasının səhhəti daha da pisləşdi, evimiz Şəhidlər Xiyabanının düz yanında olsa da, atası övladının, tək oğlunun məzarını ziyarətə belə gedə bilməz hala gəldi. Bunları yazarkən də bir Allahım bilir ki, nələr yaşayıram, içimdə hansı fırtınalar qopur…Mən yaşadım, biz yaşadıq, kimsə yaşamasın, mən yandım, biz yandıq, kimsə yanmasın, kimsə bala, oğul dərdi çəkməsin…Çox dözülməzdir, çox çəkilməzdir bala, oğul dərdi…
Qeyd edim ki, Şəhidliyindən sonra Ali Baş Komandan kimi Sizin müvafiq sərəncamlarınızla üç medalla təltif olunub balam. Buna görə də Sizə minnətdarlığımı bildirirəm. Amma eyni zamanda hesab edirəm ki, balam həm də ali ordenlərimizdən birinə layiqdir”.
“…Bu üç ildə dəfələrlə, günlərlə, həftələrlə Bakı yollarında, xəstəxanalarda qalmışıq. Gedib-gəlmək bizim üçün hər mənada çətindir…”
Müraciətdə sonra qeyd olunur:
“Çox hörmətli Müzəffər Ali Baş Komandanımız!
Sizə müraciət etməkdə məqsədim övladımın ali ordenlərimizdən biri ilə təltif olunması məsələsiylə bağlıdır. Yixarıda da qeyd etdiyim kimi, övladım ali ordenlərimizdən birini də Haqq edir. Bu, balamın Haqqıdır və istəyirəm ki, gec də olsa, Haqqını alınsın. Ona görə tək oğlunu Şəhid vermiş bir Dərdli, bir Yaralı, həm də bir Qəhrəman Ana kimi Sizdən övladımın qarşıdan gələn 26 iyun-Silahlı Qüvvələr Günü ərəfəsində ali ordenlərimizdən biri ilə təltif etməyinizi xahiş və rica edirəm. Əgər belə olarsa, Şəhidimin ruhu az da olsa, sevindirilmiş, şadlandırılmış, huzur tapmış olar, həm də bir ana, bir valideyn kimi mənə-bizə təsəlli, təskinlik verilmiş olar.
Eyni zamanda istəyirəm ki, oğlumun, övladımın adı, xatirəsi əbədiləşdirilsin. Mingəçevirin küçələrindən birinə, eləcə də təhsil müəssəsilərindən və ya mədəniyyət ocaqlarından birinə adı verilsin. Qeyd edim ki, ali təhsilli övladım atası və tək bacısı kimi həm də musiqi təhsilliydi. Ona görə xahiş və rica edirəm ki, müvafiq qurum və şəxslərə, Nazirlər Kabinetinə, Təhsil və ya Mədəniyyət nazirliklərinə, Mingəçevir şəhər İcra Hakimiyyətinə səlahiyyətləriniz daxilində bu istiqamətdə tapşırıq və göstərişlərinizi verəsiniz.
Bununla yanaşı bir xahişimi də etmək istərdim. 3 ilə yaxın bir müddət keçsə, bir çox Şəhid ailələrindən fərqli olaraq, biz hələ də evlə, mənzillə təmin edilməmişik. Bu yöndə müraciətlərimiz də havadan asılı qalıb, hər dəfə bir bəhanə gətirilib. Təki balam yaşayaydı, balam sağ olaydı, bunlar bizə heç lazım da deyildi. Bizi, ailəmizi tanıyanlar da bilir ki, dünya malında gözümüz yoxdur. Amma ev də, mənzil bizim yox, balamızın Haqqıdır.
Və qeyd etdiyim kimi, yoldaşım illərdir xəstədir, yataqlara məhkum durumda qalıb. İlkinin Şəhidliyindən sonra daha da çöküb, səhhəti daha da ağırlaşıb. Dəfələrlə koma vəziyyətinə düşüb, ölümlərdən dönüb, həkimlərin müdaxiləsi nəticəsində son anda həyata qaytarılıb. Bu üç ildə dəfələrlə, günlərlə, həftələrlə Bakı yollarında, xəstəxanalarda qalmışıq. Gedib-gəlmək bizim üçün hər mənada çətindir. Hazırda da Bakı şəhərində qeydiyyatdayam. Ona görə xahiş edirəm ki, həm balamın Haqqı olan, həm də yoldaşımın səhhəti nəzərə alınaraq, Bakı şəhərində Şəhid və Qazi ailələri üçün tikilən evlərdən, binalardan birində mənzillə təmin olunaq. Bakı şəhərində mənzilə çox böyük ehtiyacımız var.
İnanır və əminəm ki, müraciətimdəkilər nəzərə alınacaq və hər biri çox yaxın zamanlarda gerçəkləşdiriləcək, öz müsbət həllini tapacaq. Öncədən də Sizə öz minnətdarlıq və təşəkkürlərimi bildirirəm.
Allah Sizi, gözəl ailənizi, Qalib Azərbaycanımızı qorusun!”
Etikxeber.az