Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mingəçevir şəhərindən olan İkinci Vətən Müharibəsi Şəhidi Ruslan Nəcəf oğlu Cəfərlinin anası Tahirə Cəfərova Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, o cümlədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin Birinci xanımı Mehriban Əliyevaya, Azərbaycan Prezideninin köməkçisi, general-polkovnik Məhərrəm Əliyevə, Müdafiə naziri, general-polkovnik Zakir Həsənova, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət ünvanlayıb.
Etikxeber.az-ın xəbərinə görə, müraciət qeyd olunur:
“Cənab Prezident!
Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Tahirə Səti qızı Cəfərova Mingəçevir şəhərində yaşayıram. İkinci Vətən Müharibəsi Şəhidi, Qələbə və Zəfər Şəhidlərimizdən olan Ruslan Cəfərlinin Yaralı, Dərdli, həm də Qəhrəman Anasıyam. İki övladım-bir oğlum, bir qızım var idi. Qızım hazırda ailəli, üç övlad anasıdır, bir övladı da Ruslanımın adını yaşadır. Tək və subay oğlum Ruslan isə cəmi 25 yaşında Vətənini, Qarabağını bizdən üstün tutaraq, qəhrəmancasına Şəhid oldu. 2020-ci ilin oktyabr ayının əvvəllərində Suqovuşan istiqamətində Şəhid olsa da, nəşi xeyli müddətdən sonra tapıldı və noyabr ayının 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında torpağa tapşıırıldı.
Tək və subay oğlumu Vətən yolunda Şəhid verdim. Nəfəsim kəsildi, arxa-dayağım getdi, bütün arzularım gözümdə qaldı. Bir Allah bilir ötən 3 ilə yaxın müddət ərzində nələr yaşayıram…Mən yaşayıram, mən yaşadım, bundan sonra heç bir ana, heç bir valideyn yaşamasın…Çox çətin və dözülməzdir bala dərdi, oğul itkisi…Bala dərdi nə qədər ağır və əzablı olsa da, bununla belə, övladımla, Ruslanımla Fəxr edirəm. Fəxr edir və Qürur duyuram ki, Ruslan kimi bir Vətən fədaisinin anasıyam.
Çox hörmətli İlham Heydər oğlu!
Bu müraciəti ünvanlamaqda məqsədim ötən 3 ilə yaxın müddət ərzində balamın ordenlə təltif olunmaması ilə bağlıdır. Düzdür, Müzəffər Ali Baş Komandanımız kimi Sizin sərəncamlarınızla övladım üç medalla təltif olunub və bunlara görə Sizə minnətdaram, amma eyni zamanda hesab edirəm ki, orden də balamın Haqqıdır. Balam da, könüllü şəkildə Vətəninin müdafiəsinə atılan və bu yolda Şəhid olan Ruslanım da ali ordenlərimizdən birini Haqq edir.
Ona görə tək və subay oğlunu Şəhid vermiş bir Yaralı, bir Dərdli, bir Qəhrəman Ana olaraq Sizdən xahiş edirəm ki, qarşıdan gələn Zəfər Günü ərəfəsində övladımı ali ordenlərimizdən biri ilə təltif edəsiniz. Bununla həm Şəhid balamın ruhu şad edilmiş, sevindirilmiş olar, həm də bir Şəhid anası kimi mənim yaralı qəlbimə azacıq olsa belə su səpilmiş, mənə təsəlli, təskinlik verilmiş olar.
Yeri gəlmişkən, digər bir xahişimi də etmək istərdim. Sizin diqqət və qayığınız nəticəsində Şəhid ailələrinin bir çoxu evlə, mənzillə təmin olunub. Ancaq çox təəssüflər olsun ki, biz balamızın Haqqı olan mənzillə təmin edilməmişik. Hansı ki, imkansızlıq, şəraitsizlik üzündən balam-Şəhidim mənzilimizin balkonunda-artırmasında yaşayıb, böyüyüb boya-başa çatıb. Kaş balam sağ olaydı, bizə heç nə lazım deyildi. Dünya malında da gözümüz yoxdur.
Ancaq mənzil də balamın Haqqıdır. Mən Bakı şəhərinə, Xətai rayonuna qeydiyyata düşmüşəm. Ancaq təəssüflər olsun ki, bizə, Şəhid ailəsinə qarşı laqeydlik, biganəlik davam edir. Biz də balamızı Şəhid verməmişikmi? Biz də Şəhid ailəsi deyilikmi? Niyə bizə qarşı ayırı-seçkilik edilir? Ona görə bu məsələdə də bizə dəstək olmağınızı Sizdən dönə-dönə xahiş və rica edirəm.
İnanıram və əminəm ki, müraciətimdəkilər nəzərə alınacaq və öz müsbət həllini tapacaq.
Öncədən də Sizə öz minnətdarlığımı bildirirəm. Allah Sizi, ailənizi və Azərbaycanımızı qorusun!”
Etikxeber.az





