“Təbliğat vaxtı apardıqları çirkin kampaniyanı hələ də davam etdirirlər…” – JALƏ ƏLİYEVADAN TƏKZİB – FOTO-VİDEO

Sosial şəbəkələrdə 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyini irəli sürmüş və açıqlanan ilkin nəticələrə görə lider olan Jalə Əliyevanın məclisdə öz tərəfdarlarına təşəkkür etməsi ilə bağlı kadrlar yayılıb.

Diqqətçəkən məqam isə J. Əliyevanın “bu seçkidə sinəsini qabağa verib döyüşən, vuruşan, yeri gələndə kiminsə başına papka atan, kiminsə telefonunu əlindən alıb yerə çırpma həddinə gələn” kimi ifadələr işlətməsidir.

Baş vermiş məsələlərlə bağlı  Etikxeber.az-a danışan J. Əliyeva  həmin görüntülərin seçki gününə aid olmadığını bildirib:

“Təbliğat müddətində qarşı tərəfin apardığı anti-təbliğat xarakterli addımlardan biri də o idi ki, mənim görüşümə öyrədilmiş adam göndərmişdilər və adam birbaşa “Azadlıq radiosu” ilə canlı yayıma girirdi. Yüksək səviyyəli təşkil olunmuş görüşü sərhəddən kənara ötürməyə çalışırdı. Buna görə də mənim tərəfdarlarım etiraz etdilər. O görüntülərdə də mən, həmin o öyrədilmiş blogerə etiraz edənlərə təşəkkürlərimi bildirirdim. Yəni burada söhbət seçki günündən yox, təbliğat kampaniyası ərəfəsində baş vermiş bir hadisədən gedir. Orada “başına papka atmaq” ifadəsini isə məcazi mənada işlətmişəm. Papkanı sadəcə qız yuxarıya qaldırmaqla o təxribatçıya “çıx get buradan” demək istəyir. Mən də həmin adamlara seçkinin ilkin nəticələri elan olunduqdan sonra evdəki toplantıda həmin gənc tərəfdarlarıma təşəkkür edirəm. Həmin uşaqlar da, mən onların adını çəkirəm deyə seviniblər və götürüb o hissəni öz statuslarına yerləşdiriblər. Vəssəlam, bundan ibarətdir. Yenə də bunu özləri üçün istifadə etməyə və qərəz yaratmağa çalışırlar, bu qədər”.

J. Əliyeva həmçinin bildirib ki, kadrların lentə alındığı evə onlar seçkilərin nəticələri üçün yox, başqa səbəblə toplaşıblar:

“Onu da bildirim ki, həmin kadrlar fevralın 10-u lentə alınıb və biz həmin evə, ev sahibinin övladının doğum gününü qeyd etmək üçün toplaşmışıq”.

Etikxeber.az

Read Previous

“O, bizdə də, Sizdə də keçirilə bilər…” – Dodon – Azərbaycan və Moldova prezidentləri görüşdü – FOTOLAR – YENİLƏNİB

Read Next

43 saylı Dairənin namizədləri də “qiyam”-ETDİLƏR, BİRGƏ BƏYANAT VERDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir