“Təcavüzkar dövlətin vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi…”-MÜBARİZ QURBANLI

Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqına məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdılaraq yerlə-yeksan edilib, onların bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib.Təcavüzkar dövlətin bu cür vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi.

Ermənistan Azərbaycan xalqına məxsus tarixi-dini abidələrə qarşı təcavüzünü müxtəlif istiqamətlərdə aparıb. Belə ki, milli mənsubiyyəti və dini ənənələri özündə əks etdirən abidələr tamamilə dağıdılıb və ya erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edilib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Qeyd edib ki, işğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub.

Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb. Azərbaycanın işğal altında olmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılıb, Ağoğlan (Laçın rayonu), Xudavəng və Gəncəsər məbədləri (Kəlbəcər rayonu)  erməniləşdirilərək qriqoryanlaşdırılıb. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına məxsus olduğunu danaraq məkrli addımlar atıblar. Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalıb. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurub, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirilərək özgəninkiləşdirilib.

“Torpaqlarımızın işğaldan azad olunmasından sonra ortaya çıxan mənzərə düşmənin bu əraziləri tamamilə dağıtdığını göstərdi. Qədim yaşayış yerlərimizdə olan tikililər arasında dini abidələr, məscid və ziyarətgahlar da önəmli yer tutur. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, onlarla məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.

İşğaldan azad olunmuş ərazilərdəki dini ibadət ocaqlarının hər biri bərpa olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev öz müsahibə və çıxışlarında dəfələlərlə bəyan edib ki, tarixi-mədəni, o cümlədən dini ibadət ocaqları bərpa olunub insanların istifadəsinə veriləcək. Sevindirici haldır ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 30 illik işğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan dini abidələr, məscidlərin bərpasına dair layihə üzrə işlərə başlanılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda erməni vandallığına məruz qalan məscidin, eləcə də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması işlərinə başlanılması, həm də “Qazançı” kilsəsində bərpa işlərinin aparılması  dövlətimizin milli-mənəvi, tolerantlıq dəyərlərinə verdiyi önəmin növbəti təzahürüdür”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“İki ölkədən birinə edilən hər hansı bir hücumun, digər ölkə üçün də təhlükə olaraq qəbul edilməsi çox önəmli mesajdır…Regionda böyük güc olan Türkiyə və Azərbaycan bundan sonra daim bir yerdə addımlayacaq”-MİLLƏT VƏKİLİ

Read Next

“Türk Dünyasının Liderləri-Əliyevlə Ərdoğan Şuşada Müttəfiqlik bəyannaməsini imzalamaqla, Türkiyə-Azərbaycan birliyinin növbəti Zəfər dastanını yazdılar və yaratdılar”-JALƏ ƏLİYEVANIN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir