Təcrübədən görünür ki, büdcədə çoxsaylı suallar yaranır – BAHAR MURADOVA – YENİLƏNİB – (8)

Səməd Seyidov:  Sanksiyalar müharibəsinin içində ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb

Milli Məclisin (MM) komitələrində 2019-cu ilin büdcə müzakirələri davam etdirilir.

Etikxeber.az-ın xəbərinə görə, bu dəfə daha 5 komitə-MM-in İnsan hüquqları, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də, Gənclər və idman komitələri birgə iclasda büdcəni müzakirə edirlər.

İclasa vitse-spiker, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova sədrlik edir.

baharrrrr-222222222222222222

İclasa adıçəkilən komitələrin üzvləri ilə yanaşı, maliyyə naziri Samir Şərifov, Ombudsman Elmira Süleymanova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, həmçinin, digər nazirliklərin və dövlət qurumlarının rəhbər şəxsləri qatılıblar.

B.Muradova deyib ki,3 gündür büdcə müzakirələri aparılır:

“Hesab edirəm ki, kifayət qədər faydalı və səmərəli müzakirələr gedib və getməkdədir. Müzakirələrdən də, elə təcrübədən də görünür ki, çoxsaylı suallar yaranır və onların cavablandırılması lazım gəlir. Odur ki, belə qərara gəldik ki, bugünkü iclasda da ilk öncə maliyyə naziri, sonra Hesablama Palatasının sədri çıxış etsinlər, daha sonra isə komiə sədrləri və millət vəkilləri öz fikirlərini bildirsinlər. Sonda da yaranan, ortaya çıxan suallar cavablandırılsın”.

Onun sözlərinə görə, 2019-cu ilin büdcəsi Azərbaycanın sürətli inkişafının göstəricisi kimi xarakterizə edilə bilər.

Vitse-spiker bildirib ki, büdcə çox təkmil, çox mükəmməl və çox peşəkar səviyyədə hazırlanıb.

***

Hazırda S. Şərifovun məlumatı dinlənilir.

***

samir_sarifov_03

Xarici ölkələrdəki ticarət nümayəndəliklərimizə 4 milyon ayrılacaq

S. Şərifov deyib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin artırılması nəzərdə tutulur.

O, qeyd edib ki, büdcə zərfində səhiyyə xərcləri ciddi şəkildə artırılıb: “Bu da daha çox icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Bu prosesə də bütövlükdə 2020-ci ildə başlanılacaq. Hazırda isə 3 rayonda hələlik pilot layihə həyata keçirilir.  Həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, yeni yaradılan İlahiyyat Universitetinə, Bakı Multikulturalizm Mərkəzinə vəsaitinin ayrılması nəzərdə tutulur. Ombudsman təsisatına 2,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə xeyli çoxdur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəliklərinə 4 milyon manat ayrılır…”.

***

Maaş və pensiyalar artırılır? – NAZİR AYDINLIQ GƏTİRDİ

Nazir çıxışında həmçinin bildirib ki, cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib.

O, bəyan edib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur ki, bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.

Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.

***

arif-raqim-1

Arif Rəhimzadə: Bələdiyyələrin çoxu borcların altında qalıb

“Əvvəllki illərlə müqayisədə növbəti ilin büdcəsində xeyli artımlar var. Qəribədir ki, hətta, yerli idarəetməyə də vəsait artırılıb. Subvensiyalara da pul ayrılıb. Düzdür, 2017-ci ildən bələdiyyələrin əl-qolları bir qədər soyumuşdu ki, subvensiyar üçün pul ayrılmayacaq. Ancaq dediyim kimi, çox yaxşı haldır ki, növbəti ildən subvensiyalar üçün vəsait nəzərdə tutulub”.

Bunu isə çıxışında parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədri qeyd edib ki, eyni zamanda, bəzi bələdiyyələrin böyük borcları yaranıb: “Odur ki, dotasiya üçün ayrılan vəsaitlərin bir qismi subvensiyalara yönəldilsə, daha yaxşı olar. Bununla bələdiyyələrin borclarını da silmək olar. Çünki bir çox bələdiyyələr borcların altında qalıblar”.

***

ulvi

İdman federasiyaları hökumətdən və millət vəkillərindən nə xahiş edirlər?

Parlamentin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən federasiyalardan onlara çoxlu müraciətlər daxil olur:

“Demək olar ki, hər gün bu yöndə müraciətlər edilir. Onlar həmin federasiyaların dövlət tərəfindən maliyyələşdirilməsi, həmçinin, ayrılan vəsaitlərin artırılması xahişi ilə çıxış edirlər. Çünki onlar Azərbaycanı həm də xaricdə təmsil edirlər, bu səbədən də, maliyyəyə, xüsusilə, xarici valyutaya ehtiyac duyurlar”. 

Komitə sədri bildirib ki, bu gün Azərbaycanda, ümumiyyətlə, 81 idman federasiyası fəaliyyət göstərir:“Onlardan 30-u olimpiya, 51-i isə qeyri-olimpiya yönümlüdür. Ona görə də hesab edirik ki, idman federasiyalarına dövlət büdcəsindən daha çox vəsait nərərdə tutulmalıdır. Buna ciddi ehtiyac var”.

***

Fəzail Ağamalı: Azərbaycandan xaricə “beyin axını” problemi var

“Elmə, təhsilə nəzərdə tutulan vəsait çox azdır, bu artırılmalıdır. Bu vəsaitlə elmin, təhsilin ciddi inkişafından danışmaq olmaz”.

Bunu çıxışında millət vəkili Fəzail Ağamalı deyib.

O, qeyd edib ki, bu gün Azərbaycandan xaricə “beyin axını” problemi var:

“Məndə olan məlumata görə, bir çox gənclərimiz burada aldıqları əməkhaqları çox az olduğu üçün elmlə məşğul olmaq üçün xarici ölkələrə üz tuturlar. Bu, bizi ciddi şəkildə narahat etməli və düşündürməlidir. Məsələn, bu gün İsraildə ildə elmə ən azı 16 milyard dollar vəsait ayrılır və bunun nəticəsidir ki, cəmi 8 -9 milyonluq bir xalq dünyaya az qala hökmranlıq edir. Ona görə də  bizdə elmə, təhsilə ciddi diqqət yetirilməli, maliyyə vəsaitləri qat-qat artırılmalıdır. İslahatlar gücləndirilməlidir, xeyir gətirməyən sahələrdən, elmi müəssisələrdən qurtarmaq lazımdır”.

***

samad seyidov

Səməd Seyidov:  Ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb

MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın dövlət büdcəsi sosialyönümlü büdcə kimi təqdim olunub:

“Büdcə həm də beynəlxalq münasibətləryönümlü büdcədir. Dünyada beynəlxalq münasibətlərimizlə ölkəmizin imicini ən yüksək səviyyədə təmsil edirik”.

“Hazırda dünyada gedən proseslər faktiki sanksiyalar müharibəsini mövcud və “diqtə” dir. Bu sanksiyalar müharibəsinin içərisində Azərbaycanın beynəlxalq münasibətləri elə bir şərait yaradıb ki, ölkəmiz heç bir sanksiyaya məruz qalmayıb”-deyən, komitə sədri qeyd edib ki, Azərbaycan beynəlxalq və iqtisadi əlaqələrini ən yüksək səviyyədə təmin edib:

“Beynəlxalq sahəyə maliyyənin daha da artırılmasını istərdik. Büdcəyə baxdıqda bunun yüksələn xətlə inkişaf etdiyi görünür”.

***

Ana südü mətbəxləri yaradılsın…

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.

E.Süleymanovanın qeyd etdiyinə görə, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır.

“Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”-deyə, Ombudsman sonra bildirib.

***

fazil-mustafa-2

Fazil Mustafa: 6 yaşadək uşaqlara uşaq pulu verilməsi təmin edilməlidir

“Bu gün Azərbaycanda onkoloji və QİÇS xəstəlikləri 3 dəfə artıb. Bunun səbəbi isə normal tibb təhsilin olmaması və keyfiyyətsiz qida məhsulları ilə bağlıdır”.

Bunu  öz növbəsində deputat Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanda lazımi şərait olmadığından tələbənin normal tibb təhsili alması və kadr kimi yetişməsi mümkün deyil:

“Bunu etiraf etməliyik. Normal təhsil ala bilmədiyindən normal kadr da yetişmir. Ona görə də xaricdə təhsili zəruri edirlər. Buna diqqət yetirmək lazımdır və büdcədən bunun üçün lazımi səviyyədə vəsait ayrılmalıdır”.

Deputat həmçinin uşaqların normal qidalanmadan əziyyət çəkdiyini və bunun nəticəsində normal fizionomiyaya malik olmadığı probleminə diqqətin ayrılmasını zəruri hesab edib:

“Biz beynəlxalq olimpiadalarda iştirak edirik, oradakı 400-500 şagird içərisində çox az qismdə normal fizionomiyaya malik şagirdin olduğunu şahidi oluruq. Yerdə qalanların fizionomiyasının çox pis olduğunu şahidi oluruq. Bunun səbəbinin biri orta məktəblərə idman dərsinin tədrisinindəki problemlərlə bağlıdırsa, digər bir hissəsi isə qidalanma ilə bağlıdır. Məhz Azərbaycan insanının normal və keyfiyyətsiz qida ilə qidalandığından onların fizionomiyası zəif olur, onkoloji və digər xəstəliklər geniş yayılır. Bu gün ölkədə qida keyfiyyəsizliyi ilə bağlı məsələlər sirr deyil. Bu sahədəki problem aradan qaldırılmalıdır”

O, eyni zamanda uşaq pullarının və doğuşa görə birdəfəlik müavinətin həcminin artırılmasını təklif edib.

F.Mustafa bildirib ki, bu gün Azərbaycanda 1 milyonadək uşaq var və heç olmasa, 6 yaşadək uşaqlara uşaq pulu verilməsi təmin edilməlidir.

***

qudrat-oxu

Qüdrət Həsənquliyev: Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq

“Dövlətin lap imkanı varsa, hər 2-3 ildən şəhid ailələrinə 11 min manat versin. Vallah, şəhid ailələri demək olar ki, hər gün dövlət qurumları qarşısında toplaşırlar. Bu, düzgün deyil”.

Bunu da deputat Qüdrət Həsənquliyev çıxışında deyib.

Millət vəkili qeyd edib ki, bütün bu məlumatlara bizim düşmənlərimiz də baxır: “Lap tikinti sektoruna ayrılan vəsaitdən bu sahəyə ayrıla bilər. Onların ya övladları, ya da həyat yoldaşları şəhid olublar”.

O, həmçinin əlavə edib ki, gələn ilin büdcəsindən 7 milyard manat  pul tikinti işlərinə ayrılıb:

“Bu 7 milyard hansı sahələrə ayrılacaq? Ümumi şəkidə dəmiryol, neft şirkətinə ayrılması qeyd olunub. 60 yeni layihə maliyyələşdiriləcək. 114 obyekt  isə istifadəyə veriləcək. Büdcənin təxminən üçdə birinin tikintiyə ayrılması nə dərəcədə düzgündür? Ondansa yeni zavod tikilsə yaxşı olar. Hər hansı texnogen qəza şəhərin böyük hissəsini fəlakətlə üz-üzə qoyacaq…”.

Deputat həmçinin, deputatların maaşlarının artırılmasını da təklif edib:

“Cənab Prezident 1 may 2017-ci ildə fərman imzalayıb ki, yol hərəkəti qaydalarına görə, Vergilər Nazirliyi tərəfindən təyin olunan cərimələrin 25 faizinin 5 faizi, “Dövlət rüsumu haqqında” qanuna uyğun olaraq toplanan rüsumların 25 faizinin 5 faizi Prezident Administrasiyasının əməkdaşlarının əmək haqlarına əlavə edilir. Düşünürəm ki, bu yaxınlarda Nazirlər Kabineti ilə bağlı da belə qərar qəbul olunacaq. Cərimələrin 2 faizi onların əmək haqlarına yönəldiləcək. Milli Məclisə də heç olmasa buradan 3 faiz ayrılsın. Ya da cərimələr üzrə əlavələrin verilməsi qaydası tamamilə ləğv olunsun. Vahid əmək haqqı ilə bağlı tarif müəyyən olunsun. Prezident hər dəfə əmək haqqının artırılması ilə bağlı sərəncam imzaladıqda bu, hamıya şamil olunsun”.

 

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Milli Məclis, liftçi və hamam məsələsi… – DEPUTAT NƏ TƏKLİF ETDİ?

Read Next

Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir