“Təcrübəli həkimlərə böyük ehtiyacımız var…” – İXTİSASCA HƏKİM OLAN DEPUTAT

Millət vəkili Qənirə Paşayeva  “Qarabağ Qaziləri” İctimai Birliyinin (İB)  millət vəkilərinə, hökümət qurumlarına müraciətini səsləndirib, müvafiq qurumları bu müraciətə həssaslıq və diqqətlə yanaşmağa çağırıb.

Etikxeber.az-a açıqlamasında bu haqda bildirən millət vəkili  müraciətini Milli Məclisin (MM)  komitələrində 2020-ci ilin büdcəsinin ikinci oxunuşunun müzakirəsində də dilə gətirdiyini söyləyib.

Ötən ildən ölkə Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid ailələrinə 11 min manat “qanpulu” – birdəfəlik ödəmələr verilməyə başladığı barədə danışan Q.Paşayeva 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin – hərbi qulluqçuların da şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı bir daha “Qarabağ Qaziləri” İB-nin təkliflərini səsləndirib.

Q.Paşayeva “Qarabağ Qaziləri”-nin və bütün Qarabağ müharibəsi əlillərinin ölkə Pprezidentinin şəhid ailələrimizə, Qarabağ müharibəsi əlil və qazilərinə diqqət və həssaslığını, onların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində atılan önəmli addımları yüksək qiymətləndirdiklərini deyərək, Qarabağ müharibəsi əlillərinin yaxın zamanlarda bu məsələyə dövlət qurumlarının həssaslıqla yanaşacağına inandıqlarını deyib.

Millət vəkili  “Qarabağ Qaziləri”-nin hökümətə və millət vəkillərinə bu məsələ ilə bağlı müraciətinə yaxın zamanlarda baxılması və öz həllini tapması üçün dövlət qurumlarına çağırış edib.

Q.Paşayeva deyib ki, antibiotiklərin həkim resepti olmadan satılması ciddi problemdir  və bunun  ağır fəsadlarını ciddi nəzərə alaraq antibiotiklərin həkim resepti olmadan satılmasının qadağan edilməsinə təcili olaraq böyük ehtiyac var.

Avropada və inkişaf etmiş ölkələrdə antibiotiklər həkim resepti olmadan satılmır deyən millət vəkili Q.Paşayeva   antibiotiklərdən nəzarətsiz və bilincsiz istifadənin doğurduğu ağır fəsadlar, xəstəliklər  barədə və bu istiqamətdə əhalinin geniş maarifləndirilməsinin önəmindən də danışıb.

Həkim resepti olmadan antibiotiklərin satıışı qadağan edilməlidir deyən Q.Paşayeva  müvafiq qurumları bu məsələ ilə bağlı ciddi tədbirlər görməyə, eyni zamanda əhalinin bu mmövzuda geniş maarifləndirilməsinin aparılması istiqamətində də işlər görməyə çağırıb.

Millət vəkili Ümumdünya Səhiyyə Təşkilatının heyvandarlıq və quşçuluq sahəsində çəki artımına da xidmət edən yem antibiotiklərinin nəzarətsiz şəkildə istifadə edilməsinin doğurduğu fəsadlar barədə ciddi xəbərdarlıq etdiyini deyib və bildirib ki, bunun qarşısının alınmadığı təqdirdə bu problemin insanlarda doğurduğu xəstəliklərdən əziyyət çəkənlərin sayının yaxın illərdə hətta xərçəng xəstəliyindən əziyyət çəkənləri belə üstələyəcəyi proqnazlaşdırılır.

“Ona görə bu məsələyə də ciddi diqqət ayrılmalıdır”- deyən millət vəkili ölkə  Prezidentinin Fərmanı ilə ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasının çox önəmli hadisə olduğunu vurğulayıb.

“Mən yaxın günlərdə bu qurumun fəaliyyəti ilə yaxından tanış oldum və ümid edirəm ki, onların bu sahədə gördüyü tədbirlər daha da artacaq”– deyən millət vəkili bəzi “iş adamları”nın qida təhlükəsizliyinə əhəmiyyət vermədən əhaliyə satdığı və ya xidmət şəklində təklif etdiyi insan orqanizminə zərərli məhsulların tamamilə yığışdırılmasına nail olmağa  mümkün olacağına ümid etdiyini də  bildirib və bunun çox vacib məsələ olduğunu xüsusi vurğulayıb.

Müxtəlif mövzularda əhalinin geniş maarifləndirilməsi üçün sosial roliklərin çəkilməsinin və televiziya ekranlarında, sosial mediada geniş yayılmasına nail olunmasının önəmindən bəhs edən Q.Paşayeva qardaş Türkiyənin bu məsələdə fəallığının müsbət nəticələrindən danışıb və bir sıra dövlət qurumlarını əhalinin geniş maarifləndirilməsinə xidmət edən bu cür roliklərin hazırlanması və geniş yayılması işində fəal olmağa çağırıb.

“Çox təəssüf ki, əhalinin geniş maarifləndirilməsinə xidmət edən  sosial roliklərin sayı çox azdır. Yol təhlükəsizliyi, qida təhlükəsizliyi, ailə daxili şiddət və  zorakılıqla mübarizə, tütün məhsullarının mənfi təsirləri, narkomaniyaya qarşı mübarizə, əhalinin sağlamlığına xidmət edən mövzularda sosial roliklərin artmasına, onların televiziya ekranlarında və sosial mediada artmasına ciddi ehtyac var”– deyən millət vəkili müvafiq  qurumları bu istiqamətdə ciddi addımlar atmağa və televiziyalarla əməkdaşlıq edərək bu istiqamətdə daha fəal olmağa  çağırıb.

Ölkəmizdən xaricə müalicə və əməliyyat üçün gedən xəstələrin sayının artdığını deyən Q. Paşayeva bu gün qardaş Türkiyədə və Almaniyada çoxlu sayda savadlı gənc azərbaycanlı həkimlərin çalışdığını vurğulayıb, onların ölkəmizə dəvət edilərək imkanlar yaradılmasının vacibliyini xüsusi diqqətə çatdırıb.

Millət vəkili həmin mütəxəssislərin insanların xaricdə axtardığı müalicə və əməliyyatları burada da həyata keçirə biləcəyini deyib və  bu məsələyə xüsusi diqqət yetirməyə çağırıb.

O, deyib ki, bizim çox savadlı, təcrübəli həkimlərin artmasına böyük ehtiyacımız var və səhiyyyə sistemimiz bu gənclərin potensialından daha çox yararlanmalıdır. 

Q.Paşayeva  gənclər arasında tütün məhsullarına meyilliliyin artmamasına xidmət edən qanunların icrasındakı ciddi problemlərə də toxunub və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

“18 yaşına çatmayan uşaqlara siqaretin satılması qanunla qadağandır, amma çox təəssüf ki, uşaqlara hər yerdə siqaret satılır. Məktəblərə çox yaxın məsafədə tütün məhsullarının satıldığı obyektlərin olması qaağandır, amma çox təəssüf ki, biz onları bir çox məktəblərə yaxın yerlərdə görürük”– deyən Q.Paşayeva  tütün məhsullarının gizli reklamının artmasının yaratdığı ciddi narahatlıqlar barədə də danışıb və müvafiq qurumları ciddi addımlar atmağa çağırıb.

Qapalı məkanlarda, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin qadağan edilməsi, məhdudlaşdırılması haqqında qanunun yerinə yetirilməsində ciddi problemlərin olduğunu vurğulayan Q.Paşayeva qanunla üzərinə məsuliyyət düşən qurumları qanunun həyata keçirilməsində ciddi addımlar atmağa çağırıb.

Etikxeber.az

Read Previous

” Alı Mustafayev vətənpərvər ziyalı olmaqla yanaşı…” – MİLLƏT VƏKİLİ – FOTO

Read Next

AVRO-2020: Pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir