Təhdidlər ola bilər, bunlar istisna olunmur, amma təhlükəli səviyyədə deyil – KOMİTƏ SƏDRİ

Mübariz Qurbanlı: “Konstitusiyamızda dünyəvilik və dövlətdin modeli özünü doğruldub” 

Etikxeber.az  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Oxu.Az-a müsahibəsini təqdim edir:

Mübariz müəllim, Azərbaycanda tarixən dini tolerantlıq mühiti hökm sürsə də, amma müstəqillik illərində zamanzaman bu mühitə müdaxilə cəhdləri olub, dini zəmində qarşıdurma yaratmaq niyyətləri özünü göstərib. Son zamanlarda da bunun şahidi olduq. Bu baxımdan, ölkənin dini mühitini necə qiymətləndirirsiniz, Azərbaycanda dini durumla bağlı hansısabizim bilmədiyimiz ciddi təhlükə varmı? 

-Hər bir ölkənin, xalqın bu və ya digər hadisələrə münasibətini, bu və ya digər məsələlərlə bağlı durumunu söyləmək üçün azacıq da olsa, onun tarixinə ekskurs etməyə ehtiyac var. Xüsusilə, din məsələsi ortada olduqda biz mütləq bir tarixi ekskurs etməliyik, çünki məşhur bir deyim var: haradan gəldiyinizi, harada olduğunuzu və haraya getdiyinizi dəqiq biləcəksinizsə, mütləq uğur qazanacaqsınız. Bu deyimi həm fərdlərə, həm də millətlərə şamil etmək olur. Haradan gəlirik, haradayıq və haraya gedirik, bu, çox vacib məsələdir. Biz də Azərbaycanın, Azərbaycan xalqının haradan gəldiyinə baxsaq, ilk növbədə yaşadığımız coğrafiyaya nəzər yetirməliyik. Əvvəla, bütün xalqlar, o cümlədən biz də din sahəsində müəyyən mərhələlərdən keçmişik və keçilən mərhələlərin coğrafi baxımdan da fərqliliyi var. Məsələn, Avstraliyada yaşayan insanların  keçdiyi mərhələləri bizim keçdiyimiz mərhələlələrlə eyniləşdirə bilmərik, biz, sadəcə, ətrafımızdakı xalqlar və ölkələrlə müqayisəli şəkildə buna yanaşa bilərik. Azərbaycan ərazisində zamanında Zərdüştilik, Xristianlıq və sonra İslam geniş şəkildə yayılaraq təşəkkül tapıb. İslamın yayılmasına qədər müxtəlif dinlərin bizim ərazimizdə mövcud olmasının tarixi baxımından təsdiqini görürük.

Tarix sübut edir ki, bu ərazidə Zərdüştilik olub, Qafqaz Albaniyasında Xristianlıq olub, Şimal bölgələrinin daxil olduğu Xəzər xaqanlığında yenə 3 din -Xristianlıq,  Yəhudilik və İslam dini mövcud olub və bunlar izsiz qalmayıb. Biz İslamı qəbul etdikdən sonra bu dinin burada tam bərqərar olması özü bir mərhələ təşkil edib, İslam bu ərazidə olan dövlətlərin siyasətində həlledici rola malik olub.Tutaq ki, Səfəvilər dövründə, Şirvanşahlar dönəmində və ya bu ərazidə olan başqa dövlətlərin zamanında, yaxud, azərbaycanlıların böyük əksəriyyətinin məskunlaşdığı İran ərazisində, Türkiyədə İslam dini təşəkkül tapıb, oturuşub. Ancaq bizim ərazidə İslam tam təşəkkül tapıb, dövlət, ictimai münasibətlər səviyyəsində öz yerini tutduqdan sonra belə, İslamdan əvvəlki dinlərdən adət-ənənələrimizə, dünyagörüşümüzə, genetik yaddaşımıza hopmuş olan bu və ya digər hadisələr, dəyərlər yaşamaqda davam edib. Azərbaycan siyasi baxımdan da müxtəlif mərhələləri keçib, bunun özü də ölkədəki ictimai, siyasi, iqtisadi vəziyyətə, o cümlədən, mənəvi dəyərlərateistə, dinlə bağlı məsələlərə bu və ya digər formada öz təsirini saxlayıb. Bu da inkarolunmaz faktdır.

Orta çağda da bizə mənsub olan dövlətlərin idarəçiliyində iştirak etmişik, tam fərqli modellərlə idarə olunan dövlət qurumlarında mövcud olmuşuq. Həmçinin, Şimal Azərbaycan olaraq Çar Rusiyasının tərkibində olmuşuq, xristian dininin daşıyıcısı olan bir dövlətin tərkibində uzun müddət yaşamışıq və xristianlıqla İslamın qonşu, yanaşı yaşadığı şərait bizdə mövcud olub. Sonra Cümhuriyyət dövrü gəlir və iki illik dövlətimizin dinlə bağlı siyasəti müəyyən izlər qoyub. Kommunist rejimi dövründə dinə münasibət, ateist siyasət, vahid kommunist ideologiyasının dini inkar etməsi təbii ki, ictimai-siyasi və dövlət-din münasibətlərinə, o cümlədən, insanların dinə münasibətinə öz təsirini göstərib. Dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşımızda duran əsas vəzifələrdən biri dövlət-din münasibətlərini formalaşdırmaq, hansı modeli seçəcəyimizi müəyyən etmək olub. Bu modeli Ümummilli Lider Heydər Əliyev öncə müəllifi olduğu Konstitusiyamızda təsbit edib ki, bu model Azərbaycanda dünyəviliyi ön plana çıxarır və Azərbaycan unitar bir dövlətdir. Dünyəvi dövlətin əsas xarakterik xüsusiyyəti də odur ki,  din dövlət tərəfindən himayə edilir, lakin din dövlətin siyasətinə müdaxilə etmir, dövlət də dinin  daxili işlərinə, dini ayinlərin icrası ilə bağlı məsələlərə, onun verəcəyi fətvalara  qarışmır. Sadə şəkildə desək, qeyd edilənlər bu anlamı verir. Bu baxımdan, Azərbaycan modeli İslam dünyasında ən nümunəvi və inkişafa mane olmayan, hər hansı bir formada xurafat elementlərinin yayılmasına imkan verməyən bir modeldir.

mubariz-qurbanli

-Hesab edirsiniz ki, xurafat elementləri İslam dünyasının, müsəlman dövlətlərinin həyatında böyük əngəllər, manelər yaradıb və bu gün də belədir. 

-Təbii ki, İslam dünyasında inkişafa xurafat xeyli dərəcədə mane olub və olur. Yəni, xurafat elementlərinin İslam ölkələrində din adı altında təbliğ, təşviq olunması və ya fətvalar şəklində zühur etməsi inkişafa böyük əngəl olub. Təəssüf ki, bəzən bu hallara rast gəlinməkdədir. İndiki şəraitdə İslam dünyası İslam Əməkdaşlıq Təşkilatında (İƏT) birləşən ölkələrdir, burada 57 ölkə təmsil olunur, Azərbaycan da bu təşkilatda iştirakçıdır və həmin İslam ölkələrinin 28-nin  Konstitusiyasında dövlətin hansı dinə, hətta,  bəzilərində hansı məzhəbə məxsus olduğu  təsbit olunub. Amma Azərbaycan Konstitusiyasında ölkəmizin dini mənsubiyyəti konstitusion formada öz əksini tapmayıb. Hesab edirəm ki, bu da çox doğru bir yanaşmadır. Çünki Azərbaycan həm çoxmillətli, çoxkonfessiyalı, həm də çoxdilli, çoxmədəniyyətli bir ölkədir və belə bir ölkədə xüsusiləşmiş hansısa bir dinə üstünlük verilməsi məntiqli olmazdı. Bu siyasət özünü doğruldub və bu gün toplum olaraq Azərbaycanda xurafat elementləri başqa müsəlman ölkələrlə müqayisədə çox az faizdə özünü büruzə verir. Azərbaycan cəmiyyəti dinimizə, İslami dəyərlərimizə daim sayğı ilə yanaşıb, bu gün də belədir, lakin bununla belə, dini ayinlər, dinin vacib saydığı bu və ya digər məsələlərdə Azərbaycan toplumu ardıcıl olaraq bu işlərdə iştirak etmir.

 -Məsələn? 

-Aşağı-yuxarı faizlərlə götürsək, 7-8 faiz civarında Azərbaycan vətəndaşı dini ayinlərin icrasında iştirak edir. Bu, həm İslama, həm xristianlığa, həm də yəhudiliyə aiddir. Nə yəhudilikdə  yüzdəyüz, yaxud, yüzün əllisi, qırxı, nə də xristianlıqda yüzdəyüz və ya onun yarısı səviyyəsindədir. Onlarda da cəmiyyət üzvlərinin böyük olmayan kəsimi dini ayinlərin vacib olan hissəsində işitirak edir. Məsələn, İslamın vacib olan şərtləri üzrə bir sorğu aparsaq, Azərbaycan vətəndaşlarının heç də hamısın burada iştirak etmədiyini görərik. Bu, o demək deyil ki, kimsə müsəlman deyil. İnsanın dini seçimi onun vicdan azadlığına bağlıdır və o, öz seçimini öz kökünə, tarixinə, adət-ənənələrinə bağlı olaraq edir. Lakin  onun dinlə bağlı bu və ya digər vacib olan ayinlərdə  iştirak edib-etməməsi onu  həmin dindən  uzaqlaşdırmır. Bu baxımdan, bu gün Azərbaycanda dövlət-din modeli özünü doğruldan  bir  modeldir və ölkəmizdə dini baxımdan sabit bir vəziyyət mövcuddur.  Bu gün Azərbaycan dövlət müstəqilliyini birbaşa təhdid edən riskləri demək olar ki, aradan  qaldırıb. Azərbaycan üçün iqtisadi, xarici təhlükə, xarici təcavüz baxımından müstəqilliyimizə təhdid yarada bilən risklər yoxdur, həmçinin milli-mənəvi dəyərlərimizi təhdid edərək, onu assimliyasiyaya uğradıb, aradan qaldıra biləcək hər hansı bir ciddi təhlükə yoxdur.

-Təhdidlərin olmaması nə qədər inandırıcıdır? 

– Düzdür, təhdidlər ola bilər, bunlar istisna olunmur, amma təhlükəli  səviyyədə deyil. O cümlədən, dini baxımdan da hansısa qrupların ölkədə ictimai-siyasi sabitliyi pozaraq, Azərbaycan dövləti və cəmiyyəti üçün böyük risklər yaradacaq səviyyədə təhdidlər yoxdur və bunlar mümkün də deyil. Yəni, Konstitusiyamızdakı dünyəvilik və dövlət-din modeli praktikada özünü doğruldub, təhdidlərin önlənməsi və ya təhlükəli səviyyədə olmaması da məhz bunlarla bağlıdır. Azərbaycanda din sahəsinə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzarət edir, bu yöndə dövlət siyasəti isə bizim Komitə tərəfindən həyata keçirilir. Bütövlükdə isə  ölkənin ümumi siyasətini müəyyən edən dövlət başçısı səviyyəsində bu sahəyə diqqət var, dinin yeri qətiləşdirilib və bu gün Azərbaycanda din adı altında ölkəmiz üçün hər hansı bir təhlükə törətmək və ya din pərdəsi altında gizlənərək,  milli dövlətçiliyimizi,  müstəqilliyimizi təhdid etmək imkanları yox dərəcəsindədir…

– Bununla belə, cəmiyyətin müəyyən, azlıq təşkil etməyən kəsimində belə bir fikir hakimdir ki, Sovetlər dövründə insanlar dini baxımdan daha ayıq-sayıq, daha bilgili, cəhalət, xurafat elementlərindən daha çox uzaq idilər, nəinki indi. Yəni, son illər dinə kor-koranə münasibər bəsləyənlərin, cəhalətə, xurafata yuvarlananların sayı daha çoxluq təşkil etməkdədir…Məsələn, bir çox bölgələrdə dini təhsilə həvəs göstərənlərin sayı dünyəvi təhsilə maraq göstərənlərin sayını üstələməkdədir. Xüsusilə, qızların dünyəvi təhsildən yayındırılaraq, dini təhsilə, əslində dinlə əlaqəsi olmayan xurafata, cahiliyyəyə cəlb edilməsi cəhdləri özünü aşkar büruzə verməkdədir. Bu baxımdan, dünyəvi dövlət quruluşumuz təhdid, təhlükə qarşısında deyilmi və bu hansısa məqamda özünü daha aşkar, daha risqli şəkildə ortaya qoymazmı?

-Mən bu fikirlərlə razı deyiləm. Çünki sovetlər dövründə din məişət səviyyəsinə endirilmişdi. O dövrdə məsələn, İslam dini insanları yalnız dəfn etmək mərasimləri ilə məhdudlaşırdı, dini anlayış burada sona yetirdi. Sovetlər dövründə cəmi 17 məscid fəaliyyət göstərirdi və onların fəaliyyəti də sovetlərə təbliğat vasitəsi üçün lazım idi. Sovetlər dövründə QMİ-də çalışan işçilərin sayı o qədər də çox deyildi və Şeyxülislam Allahşükür Paşazadə və başqa cəmi bir neçə nəfər ali-dini təhsilə malik idilər. Onlar da sovet ideologiyasını  və sovet siyasətini dinlə bərabər  öyrənmişdilər. Ona görə sovet  dövrünün din xadimləri sovet dövlət aparatının, kommunist ideologiyasının  müəyyən etdiyinin əksinə getmirdilər, gedə də bilməzdilər. Bu, yalnız İslama aid deyildi, xristianlığa, yəhudiliyə də aid idi. İstər ravvin, istər keşiş, istər Moskvada əyləşən rus-provaslav kilsəsinin rəhbərləri olsun,  onlar da sovet dövlətinin əksinə hərəkət edə bilməzdilər. Sovet dövləti dini müəyyən bir çərçivəyə salmışdı və ondan kənar fəaliyyət demək olar ki, mümkün deyildi. Eyni zamanda, keşmiş SSRİ qapalı dövlət, qapalı sistem idi, onun vətəndaşlarının xarici ölkələrə sərbəst gediş-gəlişi faktiki mümkün deyildi. Sovet vətəndaşlarının bəlkə də cəmi 1 faizi xarici ölkələrə gedib, gəlmişdilər.

Yəni, belə bir qapalı sistemdə insanların dini bilgiləri də çox aşağı səviyyədə idi. O dövrlərdə bütün dinlər üzrə mərasimlər insanların cənazə mərasimlərinin və bir də çox məşhur bayramların, dini ayinlərin icrası ilə məhdudlaşırdı, ondan o tərəfə getmək mümkün deyildi. İndi isə müstəqil Azərbaycan açıq dövlətdir, sərhədlərimiz açıqdır. Həmçinin, ətrafımızdakı ölkələrə diqqət yetirək. İran İslam Respublikasında 80 milyondan atrıq insan yaşayır. Qardaş, dost Türkiyədə əhali 80 milyona yaxınlaşmaq həddindədir və bizə qonşu olan elə bu iki ölkənin əhalisinin sayı 160-165 milyona çatır. Bizim vətəndaşların da ən çox gedib-gəldiyi ölkələr İran, Türkiyə və Rusiyadır.  Bu gediş-gəliş də təbii ki, müxtəlif məsələlərə olduğu kimi, dini məsələlərə də təsirsiz qalmır. Odur ki, insanların dinlə bağlı bilgilərinin artması, dini ayinlərə qatılma faizinin yüksəlməsi, 7-8 faiz civarında təşkil etməsi (sovetlər dövründə, bu, sıfırın altındaydı) qorxulu, təhlükəli bir tendensiya deyil.

Əgər sovetlər dövründə Məkkəyə, Həcc ziyarətinə gedənləri tək-tük, barmaqla saymaq olurdusa, bu il təkcə 1400 müsəlman Həcc ziyarətinə yola düşüb. Həmçinin, o dövrdə oruc tutan, namaz qılan və digər ayinləri yerinə yetirən insanların sayı da çox deyildi. Çünki bunun üçün şərait mövcud deyildi. Bunu icra etdirməyə qadir olan din xadimləri yox idi. Amma indi din xadimlərinin sayının artımı özünü göstərməkdədir. Məscidlərin sayı 17-dən 2500-ə çatıb. İnsanların azad şəkildə kilsəyə, sinaqoqa, məscidə getməsi üçün hər cür şərait mövcuddur. Xurafat elementlərinə, cahiliyyəyə gəlincə, əgər bu elementlər falçıların yanına getməklə ölçülürsə, sovetlər dövründə falçıların yanına gedənlərin sayı indikindən qat-qat çox idi. Sovetlər dövründə dini bilgisizlik dinlə bağlı cəhalət, xurafat elementlərini daha qabarıq şəkildə büruzə verirdi, nəinki bu gün…

-Hər halda təəssüf doğran məqam odur ki, hələ də dünyəvi ölkəmizdə belə elementlər, onların daşıyıcıları mövcud olmaqdadır…

-Əlbəttə, bu günün özündə də xurafat və cəhalət elementləri müəyyən hallarda özünü göstərir, amma bu təhlükə, təşviş doğuracaq bir səviyyədə deyil. Məsələn, İmam Hüseyn əzadarlığında müxtəlif qançıxarma, zəncirvurma, baş yarmaq və sair kimi hallar hələ də mövcuddur və bunlar əslində dinimizdə qəbul edilməyən hallardır. QMİ də bununla bağlı fətva verib, yəni, bunun əvəzində qanvermə aksiyaları təşkil edib. Bu gün Türkiyədə, İranda da bu praktikanı tətbiq etməyə başlayıblar. Ona görə dini ayinlər üzrə imkanların artması dini toplumun və onun içərisində isə xurafat elementlərinin artımını qabarıq göstərir. Eyni zamanda, sovetlər dövründə KİV-lər indiki qədər operativ deyildi. İndi bu gün dünyanın hansı guşəsində nə baş verirsə, dərhal onu izləyə, o haqda geniş məlumat ala bilirik. Məsələn, bir yoldaş bir gün mənə dedi ki, elə bil zəlzələlər, daşqınlar əvvəllər az idi,  mən isə cavab verdim ki, elə əvvəllər də indiki kimi idi, sadəcə,  əvvəllər məlumat az idi. Həmin hadisələr o zamanlar da mövcud idi, biz, sadəcə, gec xəbər tuturduq və ya tutmurduq. İndi isə dünyada elm, yüksək texnologiyalar dövrüdür və dünyanın istənilən yerində baş verən hadisəni anında bilmək, izləmək olur. Sovetlər dövründə məlumatların gizlədilməsi halları da vardı.

Yəni, o dövrdə baş verən daşqınların, təbii fəlakətlərin çoxu insanlardan gizlədilirdi. Əslində sizin sual geniş izahat, təhlil tələb edir, geniş təhlillər aparılmadan bunlara cavab vermək bəlkə də doğru olmaz. Amma bizim də müəyyən qədər təhlillərimiz, məscidlərdə apardığımız monitorinqlərin nəticələri var. Bunun hesabına müəyyən nəticələr əldə edə bilirik. Məsələn, sovetlər dövründə məscidlərə namaz qalmağa gələn insanların sayı ilə indikilərin arasında böyük fərq var. Buna görə də bəzən cəmiyyətdə zahirən belə bir görüntü yaranır ki, sanki, dindarlığın səviyyəsi artıb və sair. Əvvəla, dinə meyillilikdən  qorxmaq lazım deyil. İnsanların dini bilgisinin artması, dini ayinləri icra etməsi hər hansı bir halda xurafat elementi deyil. İnsanların namaz qılması, oruc tutması, ziyarətə getməsində təhlükəli bir hal yoxdur. Qorxulu odur ki, kimlərsə dini siyasiləşdirmək, kimlərsə din adı altında öz mənhus məqsədlərinə çatmaq istəyir. Kimlərsə din adı altında gəncləri yoldan çıxarıb, onları zombiləşdirir və onlardan istifadə edərək, müxtəlif təxribatları, müəyyən faicələri törədir.  Yaxın Şərq ölkələrindəki hadisələr bunu bir daha göz önünə gətirir və bir daha buna qiymət verir ki, bu cür hallar nəyin nəticəsində olub. Bunlar dinin siyaləşdirilməsinin, din adı altında gizlənən qrupların din pərdəsi altında öz məqsədlərinə çatmasının, din adı altında terror əməlləri törətməsinin nəticəsidir.

Odur ki, Azərbaycanda din üzrə məsələlərdə cəhalət və xurafatın  artması məsələsi yox, sadəcə, din üzrə imkanların, ayinlərdə iştirak edənlərin sayının artması var. Amma bütövlükdə dini maarifləndirmə işinin həm bizim Komitə tərəfindən, həm digər qurumlar, o cümlədən, QMİ tərəfindən aparılması bizi bu cür geriləmələrdən qoruyur, qoruyacaq və qorumalıdır. Bizdə İlahiyyat İnstitutu təsis olunub, bu il də növbəti qəbul keçirilib və əminəm ki, bu elm ocağının hazırladığı kadrlar növbəti mərhələlərdə məscidlərdə çalışanda bu məsələləri daha gözəl izah edəcəklər. Bu günün özündə də  bizim məscidlərdə çox qabaqcıl düşüncəyə malik, müsair dünyamızda gedən prosesləri mükəmməl bilən, elmlə dinin qarşılıqlı əlaqəsini gözəl anlayan, tolerant və multikultural dəyərləri, azərbaycançılıq ideologiyasını mənimsəyən imamlarımız var. Onların  xütbələrinə qulaq asdıqda həmin şəxslərin nə qədər dərin biliyə malik olduğunu görə bilirik. Amma, bəzi çatışmazlıqlar hələ də qalır və bir çox məsələlər var ki, biz onları yerinə yetirməliyik…

Etikxeber.az

 

Read Previous

Hindistan Ermənistana silah satmağa hazırlaşır? – RƏSMİ AÇIQLAMA(LAR)

Read Next

Zərdabdan olan tələbə təhsil haqqını ödəyərək, MDU-da qeydiyyatdan keçdi – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir