“Təhsil haqlarının ödənilməsində müəyyən güzəştlər edilməlidir…”-MİLLƏT VƏKİLİ ALİ TƏHSİL OCAQLARININ RƏHBƏRLƏRİNƏ SƏSLƏNDİ

Son günlər övladları dövlət ali təhsil məktəblərinin ödənişli, pullu ixtisaslarında təhsil alan bəzi valideynlər və tələbələr tərəfindən mənə müraciətlər daxil olmaqdadır. Onlar yaranmış koronavirus pandemiyası ilə bağlı övladlarının təhsil haqlarının ödənilməsi məsələsində çətinliklə üzləşdiklərini bildirirlər. Onu da nəzərə alaq ki, tədris-dərs ili başa çatmaqdadır və tələbələrin təhsil haqlarının ödənilməsi lazımdır. Bu isə artıq məlum vəziyyətlə əlaqədar bəzi valideynlərdə, ailələrdə narahatlıqlar yaratmaqdadır.

Təbii ki, bu məsələ dövlətimizin, hökumətimizin diqqətindədir. Məhz dövlət başçısının tapşırığına, eyni zamanda, Nazirlər Kabinetinin açıqladığı “Tədbirlər Planı”na, qərarına əsasən 20 mindən çox tələbənin yaz və payız semestrlərində təhsil haqlarının dövlət tərəfindən qarşılanması nəzərdə tutulur. Bu, indiki dövrdə, pandemya şəraitində atılan çox mühüm və deyərdim ki, unikal bir addımdır. Bu, dövlətimizin, xüsusilə, dövlət başçımızın Azərbaycan vətəndaşının, Azərbaycanın insanın yanında olmasının növbəti nümunəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Happy group of students with thumbs up

“Buna görə bir daha dövlətimizə, dövlət başçımıza dərin minnətdarlığımızı ifadə edirik. Amma hər kəsə məlumdur ki, son illər ali məktəblərə qəbul olunan-söhbət dövlət ali təhsil ocaqlarından gedir-tələbələrin böyük əksəriyyəti məhz ödənişli, pullu təhsilə, pullu ixtisaslara düşürlər”-deyən millət vəkilinin sözlərinə görə, onların bir çoxu isə maddi cəhətdən o qədər də imkanlı ailələrin övladları deyil.

“Hətta, elə ailələr var ki, onların iki, üç övladı ödənişli ixtisaslarda təhsil alırlar və bu səbəbdən təhsil haqlarını ödəməkdə böyük çətinlik çəkirlər. Həm də koronavirus pandemiyası ilə bağlı yaşananlar hamımıza məlumdur. Ona görə aidiyyatı orqanlarımıza, xüsusulə, dövlət ali təhsil müəssisələrinin rəhbərlərinə müraciət edir, səslənir, çağırış edirəm ki, bu çətin və həssas dönəmdə bir daha təhsil haqları məsələsini nəzərdə keçirsinlər, müəyyən güzəştlər, azaldılmalar etsinlər, ödənişi mərhələli şəkildə həyata keçirmək üçün vaxtı ən azı sentyabr, oktyabr ayına qədər uzatsınlar. Ali təhsil ocaqlarımızı da başa düşürəm, anlayıram, amma tələbələri, onların vialideynləri də bu həssas məqamda başa düşmək lazımdır.

Bildiyiniz kimi, mən həm də parlamentin Elm və təhsil komitəsinin üzvüyəm. Bu komitənin üzvü olduğum üçün də dəfələrlə böyük əksəriyyət tərəfindən dilə gətirilən təhsil və ya tələbə kreditləri ilə bağlı qanun layihəsinin artıq hazırlaqlarına başlanılmasını, onun tezliklə qəbul olunaraq, icraya yönəldilməsini istəyirəm. Bu yöndə qanunun qəbul olunması və icrasında özəl sektor, bank sektoru da maraqlı və yaxından iştirakçı, dəstəkçi olmalıdır. Onlar da bu məsələyə öz töhfələrini verməlidirlər. Odur ki, parlamentimizin, komitəmizin övladları ödənişli təhsildə oxuyan valideynlərin sevincinə sevinc qatılmasına, onların narahatlıq və nigarançılıqdan qurtarılmasına yardımçı olmasını, dəstək göstərməsini xahiş edirəm. İnanıram ki, belə də olacaq”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Təəssüf ki, pandemiya bizə mərasimi ənənəvi üslubda keçirməyə imkan vermədi…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

“Polisi ictimaiyyətin gözündən salmaq üçün xüsusi bir hərəkat başlatmaq, onu tirajlamaq, şəbəkəli fəaliyyət üzərindən nəticələr çıxarmaq və sözügedən adamları qəyyumluğa alaraq, onların üzərindən insan haqlarının durumu haqqında əsatirlər qurmaq çox yanlışdır”-ZAHİD ORUC SON GÜNLƏRİN HADİSƏLƏRİNDƏN DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir