“Təhsil və ya tələbə kreditləri istənilən halda həllini tapmalıdır və…” – AYDIN MİRZƏZADƏ BİLDİRİR Kİ, İSTƏNİLƏN ƏN PİS SSENARİYƏ DƏ HAZIR OLMALIYIQ

Təhsil, tələbə kreditləri gec-tez Azərbaycanda olacaq. Dünyanın inkişaf etmiş ölkələrində təhsil krediti sistemi artıq oturuşub və vətəndaşlar bundan geniş istifadə edirlər. Bunun ödənilməsində elə bir ciddi problem yaranmır. Kimsə hesab edirsə, sonra onu geri almaq çətin olacaq, şəxsən mən elə düşünmürəm. Hesab edirəm ki, bunu da iki formada etmək olar. Birincisi, dövlət banklara və eyni zamanda, bank olmayan kredit təşkilatlarına müəyyən güzəştlər etməklə, onları aşağı faizlə təhsil krediti verməyə həvəsləndirə bilər. Təqribən də beş-altı ilə qədər banklar həmin kredit verdiyi vətəndaşlardan ancaq onun faizini ala bilərlər. 5-6 ildən sonrakı 4-5 il ərzində də həm əsas hissənin ödənilməsi mümkündür. Yox, kimsə bundan imtina edirsə, hesab edirəm ki, artıq ondan bu vəsaitin bu və ya digər formada məcburən alınması mexanizmi işə salınmalıdır. Çünki hər kəs bu və ya digər formada məhz dövlətlə bağlıdır. Yəni, ümumən götürdükdə bu mexanizmi işlətmək olar.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə təhsil və ya tələbə kreditlərinin mümkünləşməsi məsələsinə münasibətini bildirərkən deyib.

“İkinci variant isə hesab edirəm ki, Təhsil Fondu yaratmaq olar. Bir neçə il öncə Silahlı Qüvvələrə Yardım Fondu yaradıldı və hazırda həmin Fondda 100 milyon manatdan çox vəsait var. Bu praktikadan çıxış edib, Təhsilə Yardım Fondu da yaratmaq olar və insanlar könüllü surətdə istədikləri qədər vəsaiti bura köçürə bilərlər”-deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, həmin vəsaitin də xərclənməsinə nəzarəti həyata keçirmək üçün vaxtaşırı tərkibi dəyişən Müşahidə Şurası yaratmaq olar.

“Həmin Müşahidə Şurası hər ay gördüyü işlər barəsində hesabat verə bilər. Yığılan vəsait banklarda yerləşdirilməklə birincisi, əlavə vəsait cəlb edə bilər. Ikincisi isə vətəndaşlara aşağı faizlə, təqribən illik 3-4 faizlik kredit verməklə, eyni zamanda, onlara 6 il +5 il mexanizmini tətbiq etməklə, müəyyən bir müddətdən sonra verilən kreditlərin, pulların geri qaytarılması  ilə həmin Fondun vəsaitinin stabil qalmasına, həmçinin, insanların vəsaitdən istifadə edərək, təhsilə kömək etməsinə şərait yaratmaq olar. Bu, sadəcə, bir fikirdir. Belə götürəndə ola bilsin ki, daha yaxşı variantlar var. Ola bilsin ki, kimsə daha mükəmməl və dövrün xarakteristikasını nəzərə alan təkliflər verə bilər. Ümumən götürdükdə təhsil kreditləri məsələsi mütləq həll edilməlidir.

Ola bilsin koronavirus pandemiyası problemi ortaya çıxdığına görə, bu, bir qədər sonraya saxlana bilər. Amma biz bilmirik ki, koronavirus pandemiyası nə qədər çəkəcək. Bu, bir aydan sonra bitə də bilər və yaxud illərlə davam edə bilər. İstənilən pis ssenariyə hazır olmalıyıq. Amma bununla belə, həyat davam edir və bu il ali məktəblərə qəbul olacaq. Yenə də övladlarımızın müəyyən bir hissəsi ödənişli təhsildə təhsil alacaqlar. Ona görə də biz buna hazır olmalıyıq. Və mümkündür ki, növbəti təhsil ilində yenə də onlayn dərslər keçirilsin. Yəni, biz gənc nəsli uzun müddətə təhsildən kənarda saxlaya bilmərik. Onlayn da olsa, gənclər təhsil almalıdırlar. Ümumən götürdükdə bu məsələnin müzakirə edilərək, həll olunmasının tərəfdarıyam”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

09:49, 17 may

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

8 nəfər ədliyyə orqanlarından xaric olunub-RƏSMİ

Read Next

“Smart ölkə”, təhsil və kibertəhlükəsizlik məsələləri hazırkı dövrdə önəmlidir…”-SEVİNC FƏTƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir