“Təxribatçı ünsürlərin və əməllərin qarşısı birdəfəlik alınmalıdır” – KAMİLƏ ƏLİYEVA

KAMİLƏ ƏLİYEVA: Bu bölgədə növbəti münaqişə ocağının alovlandırılmasına heç çür və qəti şəkildə imkan  vermək olmaz

İyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli hər birimizi ciddi şəkildə və dərindən narahat etdi, üzdü və hiddətləndirdi. Çünki bu iki dost və qonşu ölkə, iki xalq arasında münasibətlərin, əlaqalərin ruhuna zidd olan, necə deyərlər, düşmən dəyirmanına su tökən, bu bölgədə növbəti münaqişə ocağının alovlandırılmasına xidmət edən bir hərəkət, insident idi. Düzdür, bu insidentin Gürcüstan hökuməti və dövləti, sadə gürcü xalqı ilə əlaqəsi yoxdur, lakin nəticə etibarı ilə  bu kimi təxribatlar və insidentlər iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur və vura bilər. Gürcüstan dövləti və hökuməti belə məsələlərdə çox həssas və diqqətli olmalıdır, ölkələrindəki təxribatçı ünsürlərin bu kimi arzuolunmaz addımlarının, təxribatçılıq əməllərinin qarşısını vaxtında və birdəfəlik almalıdırlar.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, Milli Məclisin (MM) Azərbaycan-Gürcüstan parlamentlərarası İşçi Qrupunun üzvü, BDU-nin professoru Kamilə Əliyeva deyib.

O, qeyd edib ki, cəmi bir neçə gün öncə, elə həmin insident baş verən ərəfədə gürcü parlamentariləri Azərbaycanda olub, parlamentdə, Xarici İşlər Nazirliyində (XİN) bir sıra görüşlərdə iştirak ediblər.

“Bildiyiniz kimi, Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin birgə üçtərəfli görüşü keçirildi. Həmin yüksək səviyyəli görüş çərçivəsində üzvü olduğum İşçi Qrupunun üzvləri ilə gürcü həmkarlarımızın görüşü oldu. Həmin görüşdə də dostluq, qonşuluq, müttəfiqlik münasibətlərinin davam etdirilməsi, buna əngəl ola biləcək hər hansı bir addımın yolverilməzliyi hər iki tərəfdən vurğulandı. Çünki həqiqətən də iki ölkə və xalq arasında münasibətlərin qorunub, saxlanılması, daha da inkişaf etdirilməsi olduqca vacibdir və önəmlidir.

kesik

kamilla-13

Bu gün regionumuz, bölgəmiz, dünyamız qaynaq qazan kimidir. Hər bir yanda münaqişə ocaqları, qarşıdurmalar mövcuddur. Eyni zamanda, həm illərdir Azərbaycanın Qarabağ kimi ağrılı məsələsi, həm də Gürcüstanın Abxaziya və Cənubi Osetiya kimi  ciddi problemləri var. Hər üç problem də kənar qüvvələrin, bu zonanı əldən vermək istəməyən güclərin, imperiya maraqlarından çıxış edən dairələrin əli ilə yaradılıb. Çox sevindirici haldır ki, hər iki dövlət və xalq bu məsələlərin həllində  eyni mövqedən çıxış edir, beynəlxalq arenada bir-birinə dəstək verirlər. Çünki bunlar olduqca əhəmiyyətlidir.

Odur ki, belə olan təqdirdə, bu bölgədə növbəti münaqişə ocağının alovlandırılmasına heç çür və qəti şəkildə imkan  vermək olmaz. Xüsusilə də, qonuş ölkə bu məsələdə çox ehtiyatlı və diqqətli olmalıdır. Azərbaycan tərəfindən bu məsələdə heç bir problem yoxdur. Ölkəmiz daim belə məsələlərdə, dostluq, qonşuluq, müttəfiqlik münasibətlərində  səmimi niyyətlərini öz əməli addımları ilə ortaya qoyub, necə ki, son hadisə zamanı öz səbri və təmkini ilə bu niyyətini bir daha nümayiş etdirdi.

Bu baxımdan, bizim də haqqımızdır ki, qarşı tərəfdən bunu tələb edək və gözləyək. Müsbət haldır ki, Gürcüstanın baş naziri də məsələyə olduqca, təmkinli,  dəqiq qiymət verərək, iki ölkə arasında münasibətlərin pozulmasına yönəlmiş addımların yolverilməz olduğunu bildirib. Hesab edirik və inanmaq istəyirik ki, bu sözlər söz olaraq qalmayacaq, son insidentdə əli, günahı olan hər bir kəs aşkarlanaq, layiqli şəkildə cəzalandırılacaqlar. Eyni zamanda, gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün digər bütün zəruri addımları atacaqlar”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

 

 

 

Read Previous

Qənirə Paşayeva AMEA-nın 13 yeni professorundan biri oldu – SİYAHI – FOTO

Read Next

“Gərək kimsə gedə, kameraya çəkə, paylaşım edə?” – ƏMƏKDAR ARTİST YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir