TACLI ZOLAQ – Rafael Hüseynov yazdı

Zənnimcə, indi yalnız bizdə deyil, dünyanın çox ölkəsində bu cürdür.

Nədən danışırsan danış, hökmən söhbətin bir başı gəlib çıxacaq COVİD 19-a – Coronavirus epidemiyası üzərinə, dünyanı həyəcanda saxlayan pandemiya müzakirələrinə.Hər kəsə bildiyi, anladığı səviyyədə fikirlər söyləyir, şayiələr də yayılır, əsaslı-əsassız mülahizələr də yürüdülür. Amma bu günlərdə dünya alimlərinin bolluca sanballı elmi araşdırmalarını da oxumuşuq və oxuyuruq.

Ona görə də məlumatlarımız yetərincədir, bəlii olan əsas həqiqət də budur ki, insanlıq qorxunc bir mərəzlə üzbəüzdür.(Yeri gəlmişkən, buradaca dostumuz İbrahim Nəbioğlunun günümüz üçün son dərəcə həssas olan mövzu ilə bağlı ən əhəmiyyətli bilgiləri və yazıları diqqətlə izləyərək vacib saydıqlarını ləngimədən paylaşması, ən azı əhatə edə bildiyi çevrədə maarifləndiriciklə məşul olması təqdirə layiqdir. Bu səviyyəli, bu düşüncəli, bu sayaq güclü və çevik təşkiletmə bacarığına və yazı mədəniyyətinə malik insanlar azdır.

İbrahim Nəbioğlu kimi qüvvətli yaradıcının fəaliyyətləri hanısa sosial şəbəkə pəncərəsindən, hansısa internet qəzetin bir köşəsindən deyil, sanballı bir agentliyin, yaxşı bir telekanalın, mötəbər bir qəzetin rəhbəri olaraq davam edərsə, cəmiyyət nə qədər qazanardı!)Bu virus təbii yollamı yaranıb, ya onu kimlərsə törədib, çoxdanmı bəlliymiş, ya indi ortaya çıxıb, bunun arxasında nəsə gizli niyyətlər varmış və sair bu təhər bolluca qəbil ehtimalların hamısını hələlik qoymaq lazımdır bir qırağa.Onsuz da gec-tez bütün mətləblər araşdırılacaq, əsl gerçəklər ortaya çıxacaq.İndi başlıca vəzifə ondan ibarətdir ki, sərt həqiqətlərin gözünə dik baxaq, baş verənlərdən nəticə çıxaraq, daha çox səfərbər olaq, özümüzü, əzizlərimizi, cəmiyyətimizi qoruyaq.Hələ heç kəs bilmir ki, bu gedişat hara aparır.

Ona görə də nə qədər ki, bizi Corona bəlası Azərbaycandan qat-qat böyük və imkanlı ölkələrdəki kimi ağır faciələrlə üzləşdirməyib, küncə qısnamayıb ikiqat, üçqat, beşqat tədbirli, ehtiyatlı olaq.Lakin cəmiyyətimizdən mühümdən mühüm bir umacağım da var.Qəfil tüğyan etmiş bu xəstəlik müştərək dərddir. Elə görünməz düşməndir ki, kimliyindən asılı olmayaraq hər kəsi yaxalaya bilər. Demək, dərd müştərəkdirsə, onunla mübarizə də birgə aparılmalıdır.Adətən ortaq ağrılar və müsibətlər insanları daha həmdərd, daha qayğıkeş, daha mərhəmətli edir (və mütləq etməlidir).Bəs el içindən hansı sədalar gəlir?Yaxşı, nə qədər çətin olsa da, hər halda birtəhər özümü təskinlik verirəm ki, qadınlar bayramında çiçəklərin başqa vaxta nisbətən baha satılmasına birtəhər dözmək olar (Hərçənd gərək o da olmasın. Və mən başqa bayramların digər bənzər nümunlərini gətirmirəm).

Bu gün ayrı gündür axı!İndi hamımızı birləşdirməli bu nigaran vaxt kəsiyində insanların bilavasitə səhhəti üçün gərəkli olan məhsulları hansısa kəmfürsətlərin qədərindən qat-qat baha satması sadəcə soyğunçuluq deyil. Bu mənəviyyatdakı çürüklüyün nişanəsidir.Cəmiyyətin qorxunc xəstəlik ucbatından xüsusi rejimdə yaşadığı əsnada belələrinə qarşı qanunun sərt üzünü göstərmək barədə düşünülməli və tədbirlər də görülməlidir.Qanun qanunluğunda, amma insanın içində gərək bir Allah xofu da ola axı!…Bu epidemiya dilə, düşüncəyə, elmi dövriyyəyə xeyli təzə sözlər və anlayışlar da gətirdi. Bu günlərdə Ed Yongun “The Atlantic Daily”də oxuduğum, maraqlı təhlillərlə dolu, COVİD 19-un ABŞ və dünyanın həyatında yaratdığlı təbəddüalatlar və perspektivlərlə bağlı yazısında belə bir məqam vardı. Müəllif yazır ki, indi adama uzaq keçmiş kimi gələn ötən həftə doğuş ərəfəsində olan bir rəfiqəmlə söhbət edirdik. Düşündük ki, bu körpə COVİD 19-un dərin dəyişikliklərə uğratdığı cəmiyyətdə dünyaya gəlmiş ilklərdən olacaq.

Özülüyümüzdə qət etdi ki, bu uşaqları “Generation C” – “K nəsli” adlandıraq.Yeni istilahların elə biri bu! Və mən bu ifadəyə sadəcə danışıq içərisindən keçən təsadüfi deyim kimi baxmıram. Corona dünya boyu münasibətlərdə yeni bir ZOLAQ yaradır. Güman edirəm ki, bundan sonra ölkələr və insanlar arsında münasibətlərin yeni mərhələsi, yeni çağa uyğun da məxsusi ölçüləri yaranacaq. Yeni dövrün içərisində doğulub böyüyən həmin COVİD NƏSLİ də köhnə nəsillərdən bir çox cəhətləriylə seçiləcək….Bu arada bir başqa təzə istilah da ortaya çıxıb: CORONAVİRUS Poeziyası.Həm Qərbdə, həm Şərqdə artıq Coronaya xeyli şeirlər də həsr edilib, mahnılar da.Elə bizimkilər də bekar qalmayıb. Ən tanınmış şairlərimizdən həvəskar şairlərəcən bu mövzuda yazanlar var, Corona muğamtdan tutmuş meyxana və estradayacan sirayət edib. Hələ Cənubi Azərbaycandakı bir neçə söz ustasının da yazdıqlarını bura artırsaq, dairə bir qədər də genişlənər.Bütün bunlar da çox təbiidir.COVİD 19 hadisəsi ölkələri və cəmiyyətləri elə silkələyib ki, əli həmişə insanların nəbzində olan duyğulu sənət buna biganə qala bilməzdi.

Şübhə yox, hələ zaman keçəndən, bütün baş verənlər, dramatik olaylar toxtayandan, olmuşlar nəhəng miqaysları ilə dərk ediləndən sonra sənətin ən müxtəlif sahələrində bu mövzuda dəyərli əsərlər yaranacaq da. Filmlər də, hekayələr də, romanlar da. Görün bu savaşda nə qədər talelər sınağa çəkilib, nə qədər bir-birindən üzcü faciələr yaşanıb!…Mən şair deyiləm. Amma təyinatı üzrə, öz işimlə bağlı tətbiqi ehtiyaclar yarananda bu sahədə qələmi sınamalı oluram.Bir dostumuzun yazdığı pyesə CORONA və onun cəmiyyət həyatındakı əks-sədası ilə bağlı müəyyən bəndlər lazım idi ki, onlara musiqi bəstələnsin.

Mən bəndlərin sayını bir qədər çox etdim ki, həm bəstəkarın lazım bildiklərini seçmək imkanı çox olsun, həm də bu yazı şeir olaraq qalanda da gələcəkdə vaxta əhatəli baxışı əks etdirsin.

DAYAQ OLAQ

Hardan gəldi, niyə gəldi,

Necə gəldi, kimdən gəldi?

Qəfil gəldi, sirli gəldi

Tufan kimi birdən gəldi.

Kimsə dedi: “Bu müsibət,Hər şey yeyən Çindən gəldi”.

Biri dedi: “Yerlik deyil,Göydən gəldi, cindən gəldi”.

Kimi dedi: “Yetişib son,Vaxtı çatıb, qiyamətdir”.

Biri dedi : “Müharibə!”,

Kimi dedi: “Siyasətdir”.

Biri dedi: “Bu bir silah

Harda olsa ən qorxuncu,

Bundan belə sayacaqlar,

Ən qüdrətli elə onu!”.

Güman əlli yerə getdi,

Yüzü aşdı, mindən gəldi.

Kimi dedi: “Günahlar çox,

Bu cəzadır, dindən gəldi”.

Ayaq açdı dünya boyu,

Sədası hər tindən gəldi.L

ağa qoydu kimsə onu,

Gülə-gülə o, can aldı.

Ölkə-ölkə insanları,

Bir-birindən ayrı saldı.

Yaranandan Yer Kürrəsi,

Belə təcrid olmamışdı.

Müəmmalı vahiməylə,

Dünya bunca dolmamışdı.

Hər növ gücü, var-dövləti,

Top-tüfəngi, nüvəni də,

Məğlub etdi bu xəstəlik,

Dəyişdi özgüvəni də.

Ya bəlkə heç mərəz deyil,

O zərrələr bir qoşundur.

Gəlib ayrı dünyalardan

Burda başqa həyat qurur?

!Nə fərqi var kim nə deyir!

Çin də, cin də bəhanədir.

Söz-söhbətdir din də, tin də,

Bəhanədir yüz də, min də.

Adam var ki, bu mərəzin

Yaratdığı hay-həşirdə

Pisliklərin etmək üçün

Gəzir təzə bir girəvə.

Deməyin ki, kimdən gəldi,

Hər kəsin desin məndən gəldi.

Bu gün belə şər əməldən

Əl çəkməyən, səndən gəldi!

Qəzəb saçan, nifaq salan,

Quyu qazan, qisas alan

Bədxahlardan, aşıb-daşan

Nifrətlərdən, kindən gəldi.

Saxlayırmış nizamını,

Qoca dünya lap güc-bəla.İnsanların içindəymiş,

Üzə çıxdı bu bicbala.

Xəstəlik yox, bir ibrətdir,

Acı dərsdir bu Tac Bəla.

Bizdən daha səmimiymiş,

O dözmədi saxtalığa,

Əl tutaraq görüşməyə,

Qucaqlaşıb öpüşməyə,

Qoydu səssiz bir qadağa.

Dünyamızı dəyişdirir,

Neyləyəsən, o, hökmdar!

Taxta çıxmış bir taclıdır,

Nə əmr etsə, o da olar!

Taclıların hər üzünü

Ömürbillah görüb dünya.

Diz çökdürüb hakim oldu

Bütün məğrur taclılara.

Qıymır bizə yeni dövran,

Təmasları, ünsiyyəti.

Asta-asta əlimizdən,

Artıq alır o neməti.

Dilinizdə ayrı sözsə,

Qəlbinizdə başqa niyyət,

Aranızda məsafə var,

Ona edin siz riayət.

Lap evinin içində də,

Daha bitir qapalılıq.

Olacaqsan göz önündə

Bundan sonra hər şey açıq.

Hazır olun bu gərdişə!

Daha erkən, daha çevik

Kim alışsa bu vərdişə,

Çəkməyəcək heç əndişə.

Çox taclılar yıxılıblar,

Vədə yetər, bu da gedər

.Amma dünya qazanacaq

Ayrı nizam, başqa ləngər.

Paxıllığı, hiylələri,

Yığışdırın düşüncədən.

Xəbisliyi, rəzaləti,

Atıb rahat olun qəlbən.

Döyüşdəyik, səngərdəyik,

O bir yanda, biz bu tayda.

Qovuşdurub insanları,

Ayırmağa çalışsa da.

Milyon-milyon insanlara

Geydiribsə eyni üzlük,

Deyir: “Sifət bir olmalı!

Sönsün riya, qalsın düzlük!”

.İstəsəniz bəla getsin,

Yalanları azaldın siz.

İstəsəniz xətər bitsin,

Hikkənizi yox ediniz.

Ona arxa ədavətdir,

Düşmənisə mərhəmətdir.

Onun yemi küdurətdir,

Qənimisə məhəbbətdir.

Əl yumaqla deyil gedən,

Təmizlənək içəridən,

Təmizlənək ürək-ürək.

Şəfqət dolsa könüllərə,

Dərd də sizdən əl çəkəcək.

Bir zəng idi, çalındı ki,

Oyan, bitir köhnə zaman.

Dəyişməli rəftar, əxlaq,

Dəyişməli həyat, insan!

Yaşanacaq bundan sonra

Başqa rəngli ayrı dövran!

Ülfət ilə, saflıq ilə,

Sevgi ilə dolaq, dolaq,

Dünyamıza – yuvamıza,

Kömək olaq, dayaq olaq!

Rafael HÜSEYNOV,

Millət vəkili, Akademik

Etikxeber.az

Read Previous

“O, bəzilərinin kimliklərini bilirsiniz, amma…”-DEPUTAT

Read Next

Skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyuldu-BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir