“Tağı Əhmədovun telefonlarının dinlənilməsi tapşırığını Çovdarov təsdiqlədi…”- General Teymur Quliyev

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN Monitorinq Mərkəzinin həbsdə olan rəhbəri, general Teymur Quliyevin istintaq zamanı verdiyi ifadə məlum olub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, o, ifadəsində özünü təqsirli bilməyərək göstərib ki, 2015-ci ilin sentyabr ayında o əməliyyat müvəkkili Eşqin Əliyevin iş fəaliyyəti zamanı qanunsuz müdaxilə etməsindən şübhələnərək, 7 oktyabr 2015-ci il tarixdə şöbə rəisi Rövşən İsmayılov və müavini Fuad Səfərova Eşqinin fəaliyyətini araşdırmaq və audit keçirmək barədə göstəriş verib. Müəyyən olunub ki, Eşqin Əliyev çox sayda telefon məlumatını nəzərdən keçirib. 2015-ci ilin oktyabrın 9-da Eşqin Əliyevin izahatını alanda sonuncu bildirib ki, avqust ayının axırlarında iş başında olarkən statistika proqramında “qanunsuz pul köçürmələri” sözünü axtarış verdikdə ekrana plastik bank kartlarının CVV, CVC rəqəmləri çıxıb.

Mesajla hansısa şəxs digərinə özünün plastik kartının nömrələrini, kartın bitmə tarixi, CVV, CVC nömrələrini göndərərək onun kartına pul transfer etməsini xahiş edib. Eşqin Əliyev də pul əldə etmək fikrinə gələrək, statistik proqrama CVV, CVC kod sözlərini yazaraq axtarış verib və “hesab.az” saytı vasitəsilə atasının adına olan bank kartına statistik proqramlarından istifadə etməklə göstəricilərini əldə etdiyi plastik kartlardan az məbləğlərdə pul köçürməyə başlayıb. Həftədə 4 belə köçürmə etməklə təxminən 10-12 kartdan ümumilikdə 300-350 manat məbləğində pul köçürüb. Həmin pulları sonradan kartdan çıxardıb istifadə edib. T. Quliyev dərhal nazirə Eşqin Əliyevin cəzalandırılması üçün müraciət edib.

Mərkəzin sistem administratorunun sistemə daxil olmaq üçün şəxsi parolları olub və həmin parolları o da daxil olmaqla heç bir əməkdaş bilməyib. Həmin parol onun seyfində möhürlənmiş vəziyyətdə saxlanılıb. Lazım olanda sistem administratorları xüsusi jurnalda imza etməklə həmin parolu istifadə etmək üçün ondan götürüblər. Əməliyyat müvəkkillərinin də sistemə daxil olmaq üçün hər birinin şəxsi parolları olub. Monitorinq Mərkəzində quraşdırılmış kompüter proqramlarından hər hansı bir təşkilat və ya MTN-nin digər struktur qurumu istifadə edə bilməzmiş.

Teymur Quliyev Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) Aparat rəhbəri Vidadi Zeynalovdan pul almadığını deyib. Bildirib ki, onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin işinə nəzarət etmək səlahiyyəti olmayıb. Aparat rəhbəri Vidadi Zeynalovun ondan hər hansı xidməti asılılığı olmayıb və ondan heç vaxt pul tələb etməyib.

Vidadi Zeynalovu 20-25 ildir, tanıdığını deyən T. Quliyev bildirib ki, onunla xeyir-şər məclislərində görüşüb. Bayramlarda zəngləşib danışıb, onunla yaxın münasibəti, ailəvi gediş-gəlişləri olmayıb. Sonuncu dəfə 6-7 il əvvəl RYTN-ə hansısa iclasa qatılmaq üçün gedib. Ümumilikdə RYTN-də bir və ya iki dəfə olub.

Vidadi Zeynalovla qohumluq münasibətləri və düşmənçiliyi olmadığını deyən T. Quliyev MTN-nin Monitorinq Mərkəzinin rəisi işlədiyi müddətdə tabeçiliyində olan hər han sışəxsə qanunsuz əmr və ya tapşırıq vermədiyini bildirib. Mərkəzin əsas fəaliyyət istiqaməti olan telefon danışıqlarının dinlənilməsi və statistik məlumatların toplanması ilə bağlı göstərişləri isə öz təşəbbüsü ilə verməyib. O, yalnız sabiq nazir Eldar Mahmudovun yazılı və şifahi göstərişlərinin icrası ilə bağlı tapşırıqların vaxtında icra olunmasını təmin edib.

T. Quliyev ifadəsində bildirib ki, Əhmədov Tağı Məhəmməd oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 6-cı Baş İdarəsinin əməkdaşı Tural Rzayev olub. Həmin tapşırığı idarənin rəisi Akif Çovdarov təsdiqləyib, Eldar Mahmudov tədbiri MTN-in Monitorinq Mərkəzinin həyata keçirməsinə icazə verib.

Müvafiq qaydada tapşırıq icra edilib və əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi MTN-nin 6-cı Bİ-nin əməkdaşı Tural Rzayevə göndərilib. O, Tağı Əhmədovu şəxsən tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Məcidov Səbuhi Abturab oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Baş İdarəsinin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub. Tapşırığı idarənin rəisi Sübahir Qurbanov təsdiqləyib, Eldar Mahmudov tədbiri MTN-in Monitorinq Mərkəzinin həyata keçirməsinə icazə verib, müvafiq qaydada tapşırıq icra olunub. Əldə olunmuş məlumatlar tapşırıqda qeyd edildiyi kimi Fizuli Əliyevə göndərilib. O, Səbuhi Məcidovu tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Quliyev Nizami Səfər oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırığı yenə də Sübahir Qurbanov təsdiqləyib. Prosedurlar əvvəlki kimi olub.

Əliyev Elçin Əli oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin ƏK Bİ-nin əməkdaşı Zaur Axundov olub, tapşırığı idarənin rəisi Ədalət Əsədullayev təsdiqləyib, Monitorinq Mərkəzi yerinə yetirib.

Mirzəyev Əli Məmməd oğlunun telefonuna qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırığı Sübahir Qurbanov təsdiqləyib, Monitorinq Mərkəzi icra edərək, məlumatlar Fizuli Əliyevə göndərib. O, Əli Mirzəyevi tanımayıb və həmin şəxslə hər hansı bir münasibətdə olmayıb.

Elşad Abdullayevin telefonuna qulaq asılmasının təşəbbüskar MTN-nin 6-cı Bİ-nin əməkdaşı Azər Əliyev olub, tapşırığı Akif Çovdarov təsdiqləyib, Monitorinq Mərkəzi yerinə yetirib, əldə olunmuş məlumatlar Baş İdarəyə göndərilib.

Mənsimova Sevinc Kamil qızının telefonuna qulaq asılmasının təşəbbüsü MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyevdən gəlib, tapşırığı Sübahir Qurbanov təsdiqləyib, nazirin icazəsi ilə Monitorinq Mərkəzi icra edib.

Bakı şəhər sakini Kabulov Əşrəf Rəfael oğlunun telefonlarına qulaq asılması tapşırığı üzrə təşəbbüskar MTN-nin 4-cü Bİ-nin 1-ci idarəsinin rəisi Fizuli Əliyev olub, tapşırıq Sübahir Qurbanov tərəfindən təsdiqlənib və müvafiq qaydada icrası olunub.

Teymur Quliyev digər şəxslərin də telefon danışıqları barədə göstərişi icra etdiklərini deyib.

Etikxeber.az

Read Previous

“Mahmudovun göstərişi olmadan danışıqlara qulaqasmaya icazə verməzdim”- General Natəvan Mirvətova

Read Next

Milli Məclis Zeynəb Xanlarovanı 80 illik yubleyi münasibəti ilə təbrik etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir