Tahir Mirkişilinin “komitəsi”-İKİ SAZİŞ VƏ BİR QANUN LAYİHƏSİNİ MÜZAKİRƏ VƏ TÖVSİYƏ ETDİ…-YENİLƏNİB

Bu gün-mayın 22-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək. 

Bu haqda Etikxeber.az-a MM-dən məlumat verilib.

Tahir Mirkişilinin sədrliyi ilə keçiriləcək iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında,  “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinin müzakirəsi nəzərdə tutulub.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

09:50

***

Komitə sədri T. Mirkişili bildirib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir:

“ 2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatıb. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2.9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə  xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1.2 milyard dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8.5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına  12.5 milyard dollar investisiya yatırıb”.

Komitə sədri nəzərə çatdırıb ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq:

 “Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb”.

İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqladılar, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışıblar.

Növbəti məsələ ilə bağlı bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.

Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verilib. Bildirilib ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun  icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcək.

Deputatlar hər üç qanun layihəsini MM-in plenar iclasına tövsiyə ediblər.

Etikxeber.az

Read Previous

“Gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir”-MİLLƏT VƏKİLİ

Read Next

Bu dəfə Göygölün icra başçısı-VƏZİFƏSİNDƏN ÇIXARILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir