TAP-ın SCADA telekommunikasiya və təhlükəsizlik sistemini “Honeywell SRL” şirkəti quraşdıracaq

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin SCADA telekommunikasiya və təhlükəsizlik sistemlərinin mühəndislik, təchizat və quraşdırılması işlərini İtaliyanın “Honeywell SRL” şirkəti həyata keçirəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə TAP-ın saytında məlumat verilir. Bildirilir ki, işlərə ətraflı mühəndislik, qrafik interfeys üzrə inkişaf blokuna klapan stansiyası (BVS), nəzarət, təhlükəsizlik və telekommunikasiya sistemləri daxildir. SCADA telekommunikasiya və təhlükəsizlik sistemi 878 kilometrlik qaz nəqli üçün vahid, mərkəzləşdirilmiş monitorinqi və nəzarəti təmin edəcək. Boru kəmərinin təhlükəsiz və davamlı əməliyyatlarına nəzarət üzrə bütün məlumatlar İtaliyanın cənubundakı nəzarət mərkəzinə ötürüləcək.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib ki, SCADA telekommunikasiya və təhlükəsizlik sistemi təhlükəsiz və effektiv boru kəməri əməliyyatları təmin edəcək avadanlıqların əsas hissəsidir.

Qeyd edək ki, indiyədək TAP-ın Yunanıstan və Albaniyadakı ümumilikdə 765 kilometrlik marşrutunun 219 kilometri üzrə ərazi artıq təmizlənib. Boru kəmərinin inşası çərçivəsində Yunanıstan və Albaniyada 80 kilometr uzunluğunda borular qaynaq edilib.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazın Avropaya daşınmasını təmin edəcək “Cənub” qaz dəhlizinin tərkib hissəsi olan TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə – 36 düym). TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Boru kəmərinin inşasında ümumilikdə 53 mindən çox borudan istifadə olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya hissəsində 12 min, Adriatik dənizi hissəsində 8 min 750, İtaliya hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu, Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada isə 5 min tonu istifadə olunacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Etikxeber.az

Read Previous

Klublararası dünya çempionatına yekun vurulur

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir