“Tarix təkrarlanır deyilir…Amma bu elə bir Tarixdir ki, təkrarı, bənzəri olmayıb, olmayacaq… Bunu bir dəfə yazmaq mümkün idi və bircə dəfə yazıldı!”-JALƏ ƏLİYEVA 10 DEKABR “ZƏFƏR PARADI”NDAN, AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN TARİXİ NİTQLƏRİNDƏN YAZDI

Daha bir möhtəşəm Gün…

Daha bir tarixi An…

Daha bir Zəfər, daha bir Qələbə…

44 günlük tarixi İkinci Vətən Müharibəsinin sevinc göz yaşları, iftixar, qürur hissilə müşayiət olunan, qəlbləri yerindən, köksündən çıxaran Qələbə, Zəfər Paradı…

32 ildir səbrlə, dözümlə, təmkinlə gözlədiyimiz, təşnə olduğumuz Qalibiyyət coşqusu…

Bütün Bakının, bütün Azərbaycan, bütün dünyanın gözlərinin zilləndiyi, nəfəslərin tutulduğu, qəlbləri riqqətə gətirdiyi Qələbə, Zəfər yürüşü…

Azərbaycan və Türkiyə Prezidentlərinin, dünyanın söz sahibi olan Liderlərinin- cənab İlham Əliyevlə sayın Rəcəb Tayyib Ərdoğanın qatıldığı, rövnəqləndirdiyi, iştirak etdiyi və tarixi nitqlər söylədiyi, dünyaya bir daha Azərbaycan və Türkiyə dostluq və qardaşlığı mesajlarının verildiyi tarixi Gün, zəfərimizə zəfər qatan Zəfər paradı…

Azərbaycan dövlətinin gücünün, Azərbaycan Ordusunun əzəmətinin, Azərbaycan Əsgərinin qüdrətinin, Xalq-İqtidar vəhdətinin bir daha dünyaya, dosta da, elə düşmənə də nümayiş etdirildiyi Qələbə paradı…

Qalibliyin, Qalibiyyətin nümayişi, göz dağı…

Bunu yalnız güclü Dövlət, güclü Xalq, güclü Ordu, güclü Ali Baş Komandan edə bilərdi…

Necə ki, dəqiqələr, saniyələr öncə etdi…

Buna yalnız Haqla Gücü vəhdətləşdirən, Haqqı daim başının üstündə tutan Xalq, Dövlət, Ordu, Ali Baş Komandan Haqq edirdi…

Bu, bizim haqqımızıydı, bu, Azərbaycan Xalqının haqqıydı, bu, Azərbaycan Dövlətinin haqqıydı, bu, şanlı Azərbaycan Ordusu və Əsgərinin haqqıydı…

Haqqımız olanı da Haqq işimizlə, Haqq savaşımızla əldə etdik, qazandıq…

44 günlük möhtəşəm İkinci Vətən Müharibəsi ilə tarixi Qələbəmizə, Zəfərimizə qovuşduq, bu gün bir daha bunu, bu Qalibiyyəti tarixiləşdirdik…

Kimsə də bunu bizim əlimizdən ala bilməz və bilməyəcək!

Çünki dəmir yumruq ortadadır!

Bu, Tarixdir, heç zaman unudulmayacaq, heç zaman yaddaşlardan, hafizələrdən silinməyəcək bir Tarix…

Çox Tarixlər olub, çox Tarixlər yaşamışıq, çox Tarixlər yazmışıq, ancaq bu ayrı bir Tarixdir, bir daha olmayacaq, bir daha yazılmayacaq, bir daha təkrarlanmayacaq bir Tarix…

Tarix təkrarlanır deyilir…Amma bu elə bir Tarixdir ki, təkrarı, bənzəri olmayıb, olmayacaq… Bunu bir dəfə yazmaq mümkün idi və bircə dəfə yazıldı…

Biz yazdıq, Dövlətimiz, Xalqımız, Ordumuz, Əsgərimiz, Ali Baş Komandanımız yazdı…

Var olsun, Azərbaycan Dövləti, var olsun, Azərbaycan Xalqı, var olsun, şanlı Azərbaycan Ordusu, var olsun, Dastan yazan Azərbaycan Əsgəri, var olsun, bunların memarı-Müzəffər Ali Baş Komandan!

Borcluyuq, minnətdarıq!

Ali Baş Komandanın “Zəfər paradı”nda dediyi kimi, bu, tarixi hadisədir:

 “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik. Öz çıxışımı məşhur kəlamla yekunlaşdırmaq istərdim. Hər kəs bilir ki, Ermənistan rəhbərliyi bir il əvvəl demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, Qarabağ Azərbaycandır! Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu-qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!”

Və hər zaman, hər an sevincimizdə də, kədərimizdə də  bizim yanımızda olan, dəstəyini, sevgisini əsirgəməyən qardaş Türkiyənin Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb:

 “Qarabağa qətliam və göz yaşından başqa heç bir şey gətirməyənlər artıq ağıllarını başlarına yığmalıdırlar. Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmaqlarını təmənna edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Suşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb. Türkiyə və Azərbaycan çiyin-çiyinə verdiyi müddətdə Allahın izni ilə uğurdan-uğura addımlamağa davam edəcək”

Bəli, bəli, bəli!

Zəfərin, Qələbən, Paradın mübarək, can Azərbaycanım!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağı birgələşdirən, bütünləşdirən Azərbaycan-Türkiyə qardaşlığı sonsuzdur, sarsılmazdır!

Jalə ƏLİYEVA,

Millət vəkili,

Etikxeber.az

Read Previous

Zəfər paradı keçirilən gün 46 yaşı tamam olan Vətən Müharibəsi Qəhrəmanı Səhid polkovnik-leytenant-RAMİZ CƏFƏROV…

Read Next

“44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi…”-İlham Əliyev – Bakıda möhtəşəm “Zəfər paradı” keçirilib, ALİ BAŞ KOMANDAN VƏ TÜRKİYƏ PREZİDENTİ PARADDA ÇIXIŞ EDİBLƏR – FOTOLAR – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir