Taxta bazarında yanğın – FHN-NİN BİR NEÇƏ ƏMƏKDAŞI ZƏHƏRLƏNDİ – YANĞIN SÖNDÜRÜLDÜ… YENİLƏNİB – (3)

Bakıda güclü yanğın başlayıb.

Etikxeber.az məlumat varir ki, hadisə “Baksol” yolunda qeydə alınıb.

Taxta anbarında baş verən yanğınının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

***

FHN “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, avqustun 22-də FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol” yolu yaxınlığında tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Baksol” yolundakı taxta bazarında baş verən yanğınla əlaqədar yaydığı məlumatda isə bildirilir ki, qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb. Nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

“Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik”– deyə, BNA-nın məlumatında bildirilir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə isə Təcili Tibbi Yardıma çağırış saat 15:12-də daxil olub. Hadisə yerinə 10 Təcili Yardım briqadası göndərilib: “Hələlik Təcili yardıma bir nəfər FHN-nin yanğınsöndürəni müraciət edib. Xəsarət alanlar barədə məlumat daxil olarsa bu barədə əlavə məlumat verəcəyik”.

***

Hazırda 1500 kvadratmetrdən artıq sahə yanır.

Bunu da Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, yanğın tam nəzarətə götürülüb:

“Yanğınsöndürmə işləri davam etdirilir. Əraziyə təxminən 25-dən artıq yanğınsöndürmə texnikası, 200-dən artıq canlı qüvvə cəlb olunub. Yanğının səbəbləri araşdırılıb məlumat veriləcək”.

***

Taxta bazarında yanğınla bağlı tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, FHN-nin üç əməkdaşına yerində yardım edilib.

 Daha üç nəfər (onlardan iki nəfəri FHN-in əməkdaşıdır) isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 22 texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 60 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub.

yangin-b

***

FHN taxta bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında baş vermiş yanğın FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi üçün əraziyə, ümumilikdə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 34 ədəd texnika və 141 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 6 ədəd texnika və 60 nəfərdən ibarət canlı qüvvə cəlb olunub. İki nəfər yanğınsöndürən tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, üç nəfərə isə yerində yardım göstərilib.

İlkin hesablamalara görə, təxminən, 7200 kvadratmetr taxta məmulatları yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Etikxeber.az

Read Previous

“ONDOQQUZ İL ƏVVƏLİN XATİRƏSİ” – Rafael Hüseynov Elçibəy haqda yazdı

Read Next

Avroliqanın pley-off mərhələsi – “QARABAĞ” – “LİNFİLD” – 2:3 – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir