“Texnologiyanın inkişafı elmsiz mümkün deyil” – TBMM-İN ÜZVÜ

Türkiyəli deputat: Yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır

Aprelin 8-də Milli Məclisdə (MM) Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA Katibliyinin əməkdaşları iştirak ediblər.

Komissiyanın sədr müavini, Qırğızıstan Joqorku Keneşinin (parlament) üzvü Salaidin Aydarov bildirib ki, dünya bazarına inteqrasiya baxımından elm və iş adamlarının qarşılıqlı əməkdaşlığı çox vacibdir:

“Elmin iş adamlarına dəstək verməsi, texnoloji yeniliklərin tətbiqi, bu sahədə qanunvericiliyin yenilənməsi baxımından bu tədbir mühüm əhəmiyyət kəsb edir. İclasda “Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda hesabat layihəsi ətrafında müzakirələr aparılacaq, tövsiyə qərarı qəbul ediləcək”.

Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Mustafa Levent Karahocagil bildirib ki, hesabat layihəsi komissiya üzvlərinə paylanıb:

 “Yeni texnologiyalar istehsal prosesinə əhəmiyyətli dərəcədə töhfə verə bilir. Texnologiyanın inkişafı isə elmsiz mümkün deyil. Bunun üçün də texnologiyanın inkişafına kömək edə biləcək yerli mütəxəssislərin xarici ölkələrə üz tutmasının qarşısı alınmalıdır”.

Həmçinin, qeyd edib ki, türk dünyasının vahid İş Şurasının yaradılması Prezidentlərimizin də razılaşdığı bir məsələdir.

Müzakirələrin sonunda  “Ortaq texnologiyanın inkişafı: TÜRKPA üzv ölkələrinin elm və iş birlikləri arasında çoxtərəfli əməkdaşlıq” mövzusunda tövsiyə qərarı qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır – MÜDAFİƏ NAZİRLİYİ

Read Next

“Nə at var, nə Üsküdar…” – SABİQ DEPUTAT YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir