Daha bir böyük sənətkarı itirdik: Teymur Mustafayev- KORONAVİRUSDAN VƏFAT ETDİ… – YENİLƏNİB – (1)

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Etikxeber.az məlumat verir ki, milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev 2020-ci il iyunun 11-də ömrünün 82-ci ilində vəfat edib.

Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub.

O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Teymur Mustafayev Azərbaycan musiqi sənətini dünyanın müxtəlif ölkələrində – Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Türkiyə, İran, Almaniya, Avstriya, Meksika, Hindistan, Pakistan, Əfqanıstan, İordaniya, Misirdə məharətlə təqdim etməklə, onu dinləyicilərə sevdirib. Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır. O, ömrünün son günlərinədək yaradıcılığını davam etdirib. Konsert fəaliyyəti ilə yanaşı T.Mustafayev bir çox televiziya müsabiqələrinin münsiflər heyətinin üzvü kimi gənc ifaçılara öz dəyərli tövsiyyələrini verib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.   

Tanınmış musiqiçi, gözəl insan Teymur Ağaxan oğlu Mustafayevin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində əbədi yaşayacaq.

***

Xalq artisti Teymur Mustafayev koronavirusdan dünyasını dəyişib.

TƏBİB-dən verilən xəbərə görə, 04.06.2020-ci il tarixində “Yeni Klinika” tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə  gətirilib və reanimasiya şöbəsinə daxil olub.

“Daxil olan kimi xəstəyə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq  Süni ventilyasiya aparatına qoşulub.  Həkim İnfeksionistin təyinatı ilə  xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub”-deyə, sonra qeyd olunub.

***

Xalq artisti Teymur Mustafayev sabah Cəlilabadda dəfn olunacaq.

Bu barədə isə APA-ya müğənni Yusif Mustafayev məlumat verib.

Onun sözlərinə görə, Xalq artistinin cənazəsi sabah tezdən doğulduğu Alar kəndinə aparılacaq və orada dəfn ediləcək:

“Teymur Mustafayevin həyat yoldaşı və oğlu da orada dəfn olunub. O, onların yanında torpağa tapşırılacaq”. 

O, koronavirusdan ölən mərhum xanəndənin xüsusi qayda ilə dəfn edilib-edilməyəcəyindən xəbərsiz olduğunu vurğulayıb. 

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yollar tərəfimizdən nəzarətə götürülüb…”-MN

Read Next

“Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz”-SPİKER – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir