Tibbi maskalarla bağlı cərimələr müzakirələrə səbəb oldu-TOY VƏ YAS MƏRASİMLƏRİ GÜNDƏMƏ GƏTİRİLDİ… – YENİLƏNİB – (2)

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın xəbərinə görə, dəyişikliklər barədə Milli Məclisin (MM) Hüquq siyasəti dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı məlumat verib.

Qeyd edilib ki, dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Müzakirələr zamanı deputat Fazil Mustafa tibbi maskaların taxılmamasına görə tətbiq ediləcək cərimələrə münasibətini bildirərək, məsələni mürəkkəbləşdirməyə ehtiyac olmadığını vurğulayıb:

“Məhkəmələrin üzərinə qoymaq lazım deyil. Bu, müvəqqəti haldır. Bunu müvafiq icra hakimiyyəti həll etməlidir. Vəzifəli, hüquqi şəxsləri bura qatmağın nə mənası var ki?! Fiziki şəxslərə bu şamil edilməlidir. Çünki fiziki şəxs özü fərdi məsuliyyət daşıyır”.

F. Mustafa həmçinin, toyların iki saat ərzində keçirilməsini təklif edib:

“Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxrə salıb. Hər dəqiqənin öz hökmü var. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.

Millət vəkili eyni zamanda, yas mərasimləri ilə bağlı müəyyən yumşaldılmaların olmasnın vacibliyini dilə gətirib.

***

Deputat Razi Nurullayev isə deyib ki, cərimələrlə narazı vətəndaşların sayını artırmaq lazım deyil:

“Vətəndaş niyə maska taxmır? Kim canından bezib? Çünki vətəndaşlar koronavirusa inanmır. Bu xəstələri çəkmək, yaşayış yerlərini demək lazımdır. Statistika deyəndə ünvanları demək laızmdır. Mənə də maraqlıdır ki, niyə adlar gizlədilir? Adamlar xəstəxanaya gedəndə qorxur ki, deyəcəklər ki, koronavirussan. Məgər bu virusdan başqa xəstəlik yoxdur?! İnsanlar qorxusundan təcili yardıma belə zəng etmir…

28 aprel tarixinə qədər karantin rejimini pozan 90 min vətəndaş cərimə edilib. İndi yenə cərimə tətbiq ediləcək. Məncə, təbliğat düzgün getmir, daha çox danışılır, faktlar isə göstərilmir.Ancaq oxuyuruq ki, filan ölkədə bu qədər adam yoluxdu və öldü. İndi deyirlər ki, ikinci dalğa payızda olacaq? Dünya Səhiyyə Təşkilatı hər kəsin bildiyini hər gün təkrar edir, konkret iş görmək, fakt göstərmək lazımdır. Necə olur ki, virus Çindən yayılır, indi isə orada yeni xəstə və yoluxma yoxdur. Hər şey sirr pərdəsi ilə örtülüb. Bu sirr pərdəsi götürülməsə, inam da olmayacaq”.

Spiker Sahibə Qafarova öz növbəsində deyib ki, koronavirusla bağlı Azərbaycanda sirr yoxdur:

“Tez-tez brinfinqlər keçirilir. “TƏBİB” də suallara cavab verir. Düşünürəm ki, heç bir sirr yoxdur”.

16:04

***

Millət vəkili Azay Quliyev də deyib ki, bu gün Azərbaycanda hər hansı informasiya boşluğu yoxdur:

“Koronavirusun fəsadları ilə bağlı bizim televiziyalarda mütəmadi məlumatlar verilir. Bütün bunlara baxmayaraq, insanlarda bu məsələyə məsuliyyətsiz yanaşma davam edir. Bu gün heç kim istəməz ki, insanlara əlavə cərimələr tətbiq edilsin. Bu, sırf Azərbaycan üçün spesifik problem deyil. Biz bu cəriməni bu gün tətbiq etməklə vətəndaşı qorumağa çalışırıq. Yumşalma prosesi getdikcə yoluxma sayı artmağa başladı”.

A.Quliyev təklif edib ki, cərimələr iki halda tətbiq edilməlidir:

“Açıq havada və qapalı məkanlarda maska taxmaqla bağlı risklər fərqlidir. Bu gün biz 50 manatı qapalı məkanlarda maskadan istifadə etməyən insanlara tətbiq edə bilərik. Açıq havada bu rəqəm 20-30 manat həcmində götürülə bilər. Fazil müəllimin hüquqi şəxslərin burada məsuliyyətdən azad olunması fikri ilə razı deyiləm. Ən çox elə onlar məsuliyyətə cəlb edilməlidir. Cərimə sanksiyaları yalnız insanların sağlamlığını qorumaq üçün tətbiq edilir”.

16:09

***

“Koronavirus dövründə Milli Məclisin deputatları mətbuat orqanlarında , televiziyada gecə-gündüz maarifləndirici təbliğatla məşğul olub”.

Bunu çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Belə bir fikir yaranıb ki, biz zorla kimdənsə pul almaq istəyirik. Bu cərimələr ondan ötəridir ki, maska taxılsın. Maskanı tax cərimə almasınlar. Bundan Amerika kəşf edirlər ki, elə ya belə olmalıdır. Maska taxan kimdənsə pul istəyirlər? Biri də deyir ki, imkanı yoxdur. İmkanı yoxdursa, 50 manat cərimə verməkdəndirsə, 30 qəpik versin maskanı alsın da. Bu cərimələr sənin özünün, övladının, nəslinin sağlamlığından ötrüdür. Səni cərimə etmirlər ki, töycü ödə və ya biyara get işlə”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz elə bil kimdənsə qorxmalıyıq…” – VAHİD ƏHMƏDOVUN ZAKİR HƏSƏNOV VƏ NƏCMƏDDİN SADIQOVLA BAĞLI SƏRT SÖZLƏRİ MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU – YENİLƏNİB – (3)

Read Next

MM-in növbədənkənar sessiyası çağırıldı-İYUNUN 1-İ VƏ 2-DƏ NÖVBƏTİ PLENAR İCLASLAR KEÇİRİLƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir