“Törədiləcək təxribatlara görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”-MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdikləri fikirlərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma kriminal rejimin nümayəndələrinin səsləndirdikləri fikirlər heç bir mahiyyət kəsb etmir.

“Azərbaycanın Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Ermənistan tərəfindən irəli sürülən hədələr düşmənin növbəti hərbi avantürası olmaqla yanaşı, işğalçılıq siyasətinin göstəricisidir və bu, onların növbəti təxribat əməlləri törətmək niyyətindən xəbər verir.

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaşayış məntəqələrimizi və dinc əhalini atəşə tutaraq bir nəfər kənd sakinini qətlə yetirən düşmən təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə alındı.

Mülki obyektlərin və yaşayış məntəqələrinin hədəfə alınması Ermənistan silahlı qüvvələrinin standart praktikasıdır. 2016-cı il aprel hadisələri, Tovuz rayonu istiqamətində baş vermiş döyüş toqquşmaları zamanı da Ermənistan silahlı qüvvələri tərəfindən mülki obyektlərin hədəfə alınması və dinc sakinlərin qəsdən öldürülməsi kimi əməllərin şahidi olduq.

Bir daha qətiyyətlə bildiririk ki, Azərbaycan Ordusu Ermənistanın bütün atəş nöqtələrini, hərbi dayaq məntəqələrini və digər legitim hərbi hədəflərini məhv etmək potensialına malikdir və buna qadirdir. Ermənistanın hər bir təxribatının qarşısı Tovuz döyüşlərində olduğu kimi, qətiyyətlə alınacaq və bu kimi təxribatların törədilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək” – deyə, Müdafiə Nazirliyinin məlumatında xüsusi vurğulanıb.

Etikxeber.az

Read Previous

Şahin Seyidzadə daha 7 seçicisi ilə bir araya gəldi-ONLARI DİNLƏDİ VƏ… – FOTO

Read Next

“32 il ərzində torpaq məsələsində güzəşt olmadığı kimi, bundan sonra da güzəşt olmayacaq…Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir