“Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir”-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 53 dəfə pozub.

Etikxeber.az-ın Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, hazırda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlikdir, yaşayış məntəqələrimiz atəşə tutulmur, amma ümumilikdə gərginlik davam etməkdədir.

Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

10:14

***

“Ümumilikdə vəziyyətin gərgin olmasına baxmayaraq, iyulun 17-dən 18-ə keçən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində nisbi sakitlik hökm sürüb”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O, bildirib ki, ön xətt mövqelərində ara-sıra atəşkəs rejimi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən pozulub.

“Düşmənin aktiv fəaliyyət cəhdinin qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb:

Təxribat məqsədilə Ermənistan silahlı qüvvələri məqsədyönlü şəkildə atəş nöqtələrini öz mülki obyektlərinin yaxınlığında və ya arxasında gizlədirlər. Buna baxmayaraq Azərbaycan Ordusu tərəfindən düşmənin yalnız hərbi hədəflərinə qarşı zərbələr endirilib. Qəsdən Azərbaycan kəndlərini, mülki insanları və mülki obyektləri hədəfə alan Ermənistan silahlı qüvvələri bölmələrinin atəş nöqtələri bölmələrimizin dəqiq atəşi ilə susdurulub.

Bildirirəm ki, Azərbaycan Ordusu son döyüş əməliyyatları zamanı sərəncamındakı, müasir informasiya texnologiyalarından istifadə edilməklə yüksək dəqiqliklə idarə olunan və geniş ərazidə dağıdıcı gücə malik silahların yalnız cüzi bir hissəsini istifadə edib. Bu hələ hamısı deyil.

Son döyüşlərdə qoşunlarımızın düşmən mövqelərini, hərbi obyektlərini, döyüş texnikası, canlı qüvvəsi və ehtiyatlarını necə dəqiqliklə məhv etdiyi təqdim edilmiş video materiallardan da aydın müşahidə edilmişdir. Bu Azərbaycan Ordusunun döyüş imkanlarının, hərbi potensialının və şəxsi heyətin peşəkarlığının göstəricisidir.

Əminliklə deyirəm ki, Ordumuzun şəxsi heyətinin döyüş ruhunun yüksək olması, sərəncamında olan döyüş əməliyyatlarının aparılması və təhlükəsizliyimiz üçün təyin edilən müasir silah və texnika qələbəmizi tam təmin edəcəkdir”.

Etikxeber.az

Read Previous

Məleykə Abbaszadənin prorektor işləyən qızı vəfat etdi-ÖZÜNÜN DƏ SƏHHƏTİ PİSLƏŞDİ

Read Next

İcra başçısı İradə Gülməmmədova və oğlu könüllü orduya-YAZILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir