Orqan transplantasiyası ilə əlaqədar Milli Məlumat Sistemi yaradılsın – MUSA QULİYEV – YENİLƏNİB – (4)

Fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələr başlayıb.

Etikxeber.az-ın xəbərinə görə, MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, bu gün son dərəcədə mühüm bir məsələni – orqan və toxumaların transplantasiyası məsələsinin müzakirəsinə toplaşılıb:

ehliman45132ds1f32sd_700x390

“Çünki bu məsələ hər zaman həm mətbuatda, həm komitəmizdə, həm də plenar iclaslarda ciddi müzakirə olunmaqdadır. Bu məsələ bir an olsun belə, gündəmdən düşmür”.Komitə sədrinin sözlərinə görə,  transplantasiya, ümumiyyətlə,  bu gün təbabətin bütün sahələrində istifadə olunur: “Ancaq bu sahədə qanunların, digər qanunvericilik aktlarının olması və yenilərinin işlənilib, qəbul edilməsinə qəbul edilməsinə ciddi ehtiyac var. Çünki bu sənədlərsiz bu məsələnin düzgün həyata keçirilməsi, həlli mümkün deyil”. Akademik qeyd edib ki, bu gün ölkədə çox uğurla sümük iliyinin, ürəyin, böyrəyin və sairə, transplantasiyası həyata keçirilir: “Ancaq bunlar sayca yetərli deyil. Bununla bağlı müraciətlər həddindən artıq çoxdur, transplantasiya olunanların isə müraciət edənlərlə müqayisədə sayı xeyli azdır…”

 

***

milli_meclis_esas_0478

Beyin ölümünü təsdiq edən mərkəz yaradılmalıdır
Komitə sədri bir daha deyib ki, Azərbaycanda  xüsusilə, ürək köçürmənin tibbi baxımdan heç bir problemi yoxdur: “Problem donor, orqan qıtlığı məsələsidir. Birinci növbədə Azərbaycanda orqan transplantasiyası ilə bağlı dövlət reyestri yaradılmalıdır. Ola bilər ki, hər hansı xəstəxanaya müraciət var. Amma Azərbaycanda nə qədər sayda insanın ürək, böyrək, qaraciyər gözlədiyini bilmirik. Digər tərəfdən, beyin ölümünü təsdiq edən bir mərkəzin də yaradılması yaxşı olar”.

***

Donorla bağlı ayrıca qanunun qəbuluna ehtiyac var

Ə. Əmiraslanov eyni zamanda deyib ki, Azərbaycanda donor haqqında ayrıca qanunun qəbuluna ehtiyac var.

Komitə sədrinin sözlərinə görə,  çünki transplantasiya ilə yanaşı, donor da çox mühüm məsələdir: “Bu gün dünyanın bir çox ölkələrində artıq donor haqda qanun qəbul edilib. Düzdür, Rusiyada bununla bağlı qanun qəbul edilmədi, ancaq orada da transplantasiya ilə bağlı qanunvercilikdə bu məsələ öz əksini tapıb. Bununla belə, hesab edirəm ki, bizdə də dünya təcrübəsindən istifadə olunmaqla, donorla bağlı  ayrıca qanun layihəsi hazırlanmalı və qəbul olunmalıdır”.

***

Orqan transplantasiyası ilə əlaqədar Milli Məlumat Sistemi yaradılsın

musa-urud

Adıçəkilən  komitənin sədri müavini Musa Quliyev bildirib ki, bir insan sağ olan zaman orqanlarının bağışlanması barədə vəsiyyət edibsə, bu insanlara orqan köçürülməsi zamanı güzəştlər olmalıdır. O, deyib ki, yəni, bu insan sağlığında tutaq ki, böyrəklə bağlı problemlə rastlaşıbsa, ilk növbədə belə insanlara böyrək və digər orqanlar köçürülməlidir.

Orqan transplantasiyası ilə əlaqədar Milli Məlumat Sisteminin yaradılmasını təklif edən M. Quliyev deyib ki, bəzi insanlar sağlığında donor olsalar da, adlarının açıqlanmasını istəmirlər: “Bu məsələlərin hamısı qanunda əksini tapmalıdır. Xüsusilə, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” qanunda tibbi etika məsələləri ilə bağlı xüsusi müddəaların olması vacibdir. Qanunda beyin ölümü anlayışı ümumi şəkildə verilsə də, onu müəyyən edəcək ekspert həkimlər, onun müəyyən edilməsi yolları verilməyib. Ümumiyyətlə, gələcəkdə Azərbaycanda icbari tibbi sığorta tam tətbiq olunandan sonra bu məsələlərin maddi tərəfi icbari tibbi sığorta hesabına təmin ediləcək. Ona görə təklif edirəm ki, Səhiyyə komitəsinin nəzdində İşçi qrupu yaradılsın. Bu İşçi qrupuna mütəxəssislər, maraqlı şəxslər cəlb oluna bilər. Ya yeni bir qanun layihəsi hazırlayaq, ya da mövcud qanuna geniş əlavə və dəyişikliklər edək”.

***

Bəzi donorlardan orqanın götürülməsi üçün qohumlardan razılıq alınmasın 

Mərkəzi Neftçilər Xəstəxanasının cərrah-transplantoloqu Mircəlal Kazımi çıxışnda deyib ki, qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında qohumları olmadığı halda razılıq və vəsiyyət axtarılmadan ondan transplantasiya üçün orqan və ya toxumanın götürülməsinə icazə verilməlidir.Yəni, mütəxəssis təklif edir ki, şəxs sağlığında orqan transplantasiyasına münasibətini bildirməyibsə, həyat yoldaşı, həddi buluğa çatmış uşaqlarından biri, valideynlərindən biri, bacı-qardaşının razılığı ilə onun toxuma və orqanı götürülə bilər: “Qəza və ya təbii fəlakətlər zamanı həyatını itirmiş şəxslərin yanında adı sadalanan şəxslər olmadığı halda, müvafiq beyin ölümünün baş verdiyi təsdiqlənərsə, transplantasiya üçün qohumların razılığı və vəsiyyət axtarılmadan transplantasiya aparıla bilər və buna icazə verilməlidir”. 

M.Kazıminin sözlərinə görə, transplantasiya əməliyyatını bu sahə üzrə ən azı 3 il təhsil alan həkimlər həyata keçirməlidir: “Mütləqdir ki, həkim-cərrah bu sahə üzrə təhsil almış olsun. Transplantasiya edən həkimlərin harada və necə təhsil alması da vacibdir. Transplantasiya əməliyyatının Azərbaycan vətəndaşı olmayan şəxs tərəfindən icra edilməsi üçün onların buna icazə verən şəhadətnaməsinin olması vacibdir”. Transplantoloq qeyd edib ki, canlı donordan onun ölümünə səbəb ola bilən orqanın transplantasiyası qadağan edilməlidir: “Canlı donor xəstənin həyat yoldaşı olduğu halda, onların nikah müddəti ən azı bir il olmalıdır. Çünki bu, saxta evlilik də ola bilər”. Təklif edilir ki, canlı donor qohum olmayan donor olduğu halda etik məsələlərin araşdırılması üçün ictimai əsaslarla Etika Komissiyası yaradılmalıdır. Komissiya üzvü tibb və qeyri-tibb sahəsi üzrə çalışan insanlar ola bilərlər: “Onlar sübut etməlidirlər ki, şəxs təzyiq altında donor olaraq orqanını vermir”.

***

Nazirlik təklif edir ki, orqanların alqı-satqısı ilə bağlı məhdudiyyət götürülsün

“Biz bəlkə də transplantasiya üçün orqanların alqı-satqısı ilə bağlı qanundakı məhdudiyyəti götürsək, yaxşı olar. Bu qanunda kriminal əməl kimi saxlanılıb. Biz bəlkə də buna icazə verməliyik”. Bunu da  Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov  deyib. Nazirlik rəsmisinin sözlərinə görə, bir çox hallarda insanlar öz aralarında transplantasiya üçün razılığa gəlirlər: “Biz buna göz yumuruq, amma reallıq budur. Bəlkə də buna icazə verməklə orqan transplantasiyası üçün növbədə olanların problemini həll edə bilərik. Buna görə də müəyyən bir çərçivədə buna icazə verilsə, yaxşı olar. Kriminal məqsəd üçün orqanların satılmasına görə isə sözsüz ki, sərt cəzalar olmalıdır”.

E.Əzizov qeyd edib ki, bu gün vacib məsələlərdən biri donorların xəstənin qohumunun olmasıdır: “Qanunda bununla bağlı bir məhdudiyyət yoxdur. Vətəndaşlar transplantasiya üçün klinikaya gedəndə qohum olmayanda ondan imtina edirlər. Belə halda, vətəndaşlar Səhiyyə Nazirliyinə müraciət edərək narazılığını bildirirlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Qarşmızda hər birimiz üçün vacib bir çox məslələr var ki…” – MİLLƏT VƏKİLLƏRİ YAP-IN QƏRARI HAQDA

Read Next

Zərnigar Ağakişiyevanı da itirdik – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir