“Qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik…Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq…”-İLHAM ƏLİYEVİN QAZAXISTANA SƏFƏRİ BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (10)

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşıladılar.

***

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

“Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Dövlət başçıları birgə foto çəkdirdilər.

***

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü olub.

***

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşü olub.

***

Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub.

***

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

***

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının tam açılması böyük əhəmiyyət kəsb edir.

Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmət xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə təşkil olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

“Burada söhbət logistik xidmətlərin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin müasirləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistika dövriyyəsinin formalaşdırılmasından gedir”, – Kasım-Jomart Tokayev qeyd edib.

17:35

***

Aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edilib.

17:39

***

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə Qazaxıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Kasım-Jomart Tokayevin bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli xanımlar və cənablar.

Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi. Hörmətli İlham Heydər oğlu ilə səmimi şəraitdə əməkdaşlığımızın bütün aspektlərinə dair fikir mübadiləsi apardıq, necə deyərlər, regional və beynəlxalq problemlər barəsində saatlarımızı tutuşdurduq, iki ölkənin qarşılıqlı əlaqələrinin perspektivlərini və daha da dərinləşdirilməsi istiqamətlərini müzakirə etdik.

Bizim ortaq səylərimiz sayəsində son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha açıq və hərtərəfli xarakter kəsb edib. Siyasi, ticari-iqtisadi, mədəni-humanitar əməkdaşlıq fəallaşıb. Yarım ildən bir qədər çox əvvəl biz strateji tərəfdaşlığın dərinləşdirilməsi və müttəfiqlik münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə, 2022-2026-cı illər üçün əməkdaşlığın inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər imzaladıq. Hazırda bütün bu razılaşmalar ardıcıl olaraq həyata keçirilir. İkitərəfli münasibətlərin kompleks şəkildə möhkəmlənməsinə xidmət edən Ali Dövlətlərarası Şuranın təsis edilməsi mühüm qərar oldu. Bu gün imzalanmış bir sıra yeni sazişlər bizim çoxşaxəli tərəfdaşlığımıza əlavə impuls verəcək.

Qazaxıstan və Azərbaycan ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əsasda əməkdaşlıq edir. Biz məmnunluqla qeyd etdik ki, ötən ilin yekunlarına əsasən, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi yarım milyard dollara yaxınlaşıb. Lakin, əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın potensialı əsla tükənməyib. Biz ixrac-idxal malları nomenklaturunun daha da genişləndirilməsi üçün təsirli tədbirlər görmək barədə razılığa gəldik. Ölkələrimizin müvafiq strukturlarının əlaqələndirilmiş şəkildə fəaliyyəti, – söhbət bizim İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadan, ticari-iqtisadi missiyadan, İşgüzar Şuradan, ticarət evlərindən gedir, – iqtisadi kooperasiyanı keyfiyyətcə yeni səviyyəyə çatdırmağa imkan verəcək. Bu baxımdan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, belə adlandırılan “Orta Dəhliz”in potensialının tam üzə çıxarılması böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən, vahid nəqliyyat operatorlarının yaradılmasından, texniki və tarif şərtlərinin modernləşdirilməsindən, inzibati maneələrin aradan qaldırılmasından və qapalı logistik dövrənin formalaşmasından gedir.

2022-2027-ci illərdə Orta Dəhlizin inkişafına dair yol xəritəsinin səmərəli reallaşdırılması da böyük əhəmiyyət kəsb edir. Biz razılaşdıq ki, bu marşruta artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun inkişafına üçüncü ölkələri cəlb etmək lazımdır. Bütün bu tədbirlər, habelə beynəlxalq tərəfdaşlarımızla sıx qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində yüklərin çatdırılmasının sabitliyini və operativliyini təmin etməyə imkan verəcək.

Biz energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirdik. Enerji resurslarının dünya bazarlarına çatdırılmasının daha da şaxələndirilməsi bu gün bizim prioritet vəzifəmizdir. Bildiyiniz kimi, bizim razılaşmalar sayəsində bu il Qazaxıstan neftinin ilk partiyası Azərbaycandan keçməklə göndərilib.

Növbəti addım tədarük həcminin artırılması və bu işlərə uzunmüddətli sabit xarakter verilməsidir. Fürsətdən istifadə edib bu mühüm təşəbbüsləri şəxsən dəstəklədiyinə görə Azərbaycanın lideri, hörmətli İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.

Biz iqtisadiyyatlarımızın yeni artım nöqtələri ola biləcək mütərəqqi investisiya layihələrinin reallaşdırılması üzərində ayrıca dayandıq. Sənaye, toxuculuq, aqrosənaye və tikinti sahələrində iri müştərək müəssisələr açılması mümkündür. Biz iki ölkənin hökumətlərinə birgə həyata keçirilməsi üçün iri layihələrin müəyyən edilməsi barədə tapşırıq verdik. Kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün çox böyük potensial var. Ötən ilin yekunlarına görə aqrar-sənaye kompleksi məhsullarının ikitərəfli ticarətinin həcmi üç dəfə artıb və 146 milyon dollara bərabər olub. Beləliklə, bu gün bizim ümumi əmtəə dövriyyəmizin üçdəbir hissəsindən çoxu kənd təsərrüfatının payına düşür. Biz kənd təsərrüfatı məhsullarının qarşılıqlı tədarükünü daha da artırmağın vacibliyini qeyd etdik.

İnformasiya texnologiyaları sahəsində kooperasiyanın gücləndirilməsi perspektivli sahə kimi müəyyən edildi. Hazırda Xəzərin dibi ilə optik-lifli rabitə xətti çəkilməsi üzrə fəal iş aparılır. Biz bu layihənin strateji əhəmiyyətini nəzərə alaraq onun vaxtında icrasını təmin etmək barədə tapşırıq verdik. Bununla yanaşı, azərbaycanlı tərəfdaşlarımız dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində birgə layihələrin reallaşdırılmasına, habelə Qazaxıstandakı lT-startapların məkanlarından istifadə etməyə dəvət olunurlar.

Maliyyə sahəsində əməkdaşlıq üçün böyük təməl var. Bu gün Azərbaycan nümayəndə heyəti Astana Beynəlxalq Maliyyə Mərkəzini ziyarət edəcək. Bu mərkəz maliyyə və müasir texnologiyalar sahəsində qarşılıqlı fəaliyyət üçün yaxşı platforma ola bilər.

Hörmətli xanımlar və cənablar.

Çoxşaxəli əməkdaşlığı möhkəmlətmək üçün bizim əsas sərvətimizi – iki xalq arasında qardaşcasına münasibətləri qoruyub saxlamaq və möhkəmlətmək vacibdir. Buna görə biz mədəni-humanitar gündəliyimizin keyfiyyətcə zənginləşməsinə hər vasitə ilə şərait yaratmalıyıq. Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi bu ilin əlamətdar hadisəsi olacaq. Ölkəmizdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkil olunması barədə razılıq əldə edilib. Ayrıca qeyd etmək istəyirəm ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək. Rəmzi haldır ki, bu tədbirlərə start verəcək hadisə bizim bu gün Astananın mərkəzində Azərbaycan xalqının şanlı oğlunun adını daşıyan küçənin açılışında iştirak etməyimiz olacaq. “Qazaxıstan” telekanalı da Heydər Əliyev haqqında “Görkəmli həyat” adlı nadir sənədli film hazırlayıb. Film bu gün ölkəmizin milli televiziyasının efirində göstəriləcək. Bütün bu tədbirlər xalqlarımızın əbədi dostluğunun parlaq nümunəsi, Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafına tarixi töhfə vermiş görkəmli dövlət xadiminə hörmət əlamətidir.

İki ölkənin gəncləri arasında təmaslar da bizim humanitar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Biz gənclər siyasəti və təhsil sahəsində əməkdaşlığın inkişafı üçün tərəflərin atdığı addımları alqışladıq. Müvafiq nazirliklərə akademik mobilliyin təmin olunmasına, birgə təhsil və elmi layihələrin təşkilinə maksimum kömək etmələri barədə tapşırıq verilib.

Media sahəsində qarşılıqlı fəaliyyət, kontent mübadiləsi qardaş xalqlarının daha da yaxınlaşmasına sanballı töhfə verə bilər. Bu gün müvafiq sazişlər imzalandı. Ona görə də danışıqların gedişində Qazaxıstan telekanallarının Azərbaycan kabel operatorları şəbəkələrində yayımlanmasına, habelə animasiya filmlərinin distribusiyasına dair razılaşmaların reallaşdırılmasının vacibliyi qeyd edilib.

Bu gün beynəlxalq gündəliyin aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb. Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir sıra aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelər tuturlar. Bu baxımdan qeyd etmək istəyirəm ki, Qazaxıstan ənənəvi olaraq Azərbaycan ilə Ermənistan arasında qarşılıqlı münasibətlərin diplomatik yollarla nizamlanmasının tərəfdarıdır, habelə tezliklər sülh müqaviləsi bağlanmasına dair səyləri alqışlayır. Bütövlükdə regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsinin və birgə tədbirlər görülməsinin zəruriliyi eyni qaydada anlaşılır.

Gördüyünüz kimi, müzakirə edilən məsələlərin dairəsi çox geniş olub. Azərbaycan Prezidentinin səfərinə görə ona bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Bu səfər ölkələrimiz arasında qarşılıqlı münasibətlərin, əməkdaşlığın inkişaf etdirilməsinin uğurla davamı üçün həqiqətən çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ilə əməkdaşlıq Qazaxıstan üçün prioritet məsələ olub və olacaq.

Biz bu əməkdaşlığı konkret məzmunla, konkret razılaşmalarla zənginləşdirmək üçün nə mümkündürsə edəcəyik. Diqqətinizə görə sağ olun.

X X X

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Əziz dostlar.

Mən, ilk növbədə, qonaqpərvərliyə və dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Qazaxıstanda özümü evdə olduğum kimi hiss edirəm, burada tez-tez oluram. İlk növbədə, Qazaxıstan Prezidentini həyatın bütün sahələrini əhatə edən islahatların uğurla reallaşdırılması münasibətilə təbrik etmək və qardaş ölkənin inkişafı işində yeni uğurlar arzulamaq istərdim.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə hörmətə görə öz adımdan və bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirmək istərdim. Prezident Tokayevin qeyd etdiyi kimi, bu gün biz Astananın mərkəzində Heydər Əliyevin adını daşıyacaq küçənin birgə açılışını edəcəyik. Biz bunu həm bizim Ulu Öndərin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlaməti kimi qiymətləndiririk.

Mən, həmçinin Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Mərkəzin tikintisi artıq başlanıb. Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi – biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda.

Kasım-Jomart Kemeliviçin dediyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyini ətraflı müzakirə etdik. Qazaxıstan Prezidenti bu gün müzakirələr çərçivəsində toxunulmuş mövzular üzərində ətraflı dayandı. Təkrarlamaq istəmirəm, bu barədə yalnız bir neçə məqamı şərh etmək istərdim. Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik.

Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir. Təbii ki, bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir. Bu, bugünkü qarşılıqlı əlaqələrimizin əsas bazasıdır. Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik.

Beləliklə, ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən, Prezident Tokayevin qeyd etdiyi kimi, Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar.

Bu gün biz Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması ilə bağlı konkret rəqəmləri, konkret qrafiki müzakirə etdik və bütün bu məsələlərin ən yaxın vaxtda öyrənilməsi üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdik.

Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik. Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var.

Onu da qeyd etmək istərdim ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, bütün məsələlərə dair bir-birimizi həmişə dəstəkləyirik və dəstəkləyəcəyik. Biz həm də, xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edirəm. Mən normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə həmkarıma məlumat vermişəm. Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.

Əlbəttə, Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd etmək istərdim. Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq və bu gün hələ bu barədə diskussiyaları davam etdirəcəyik. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir. Bu halda qazaxıstanlı qardaşlarımızı təbrik etmək istərdim ki, ölkənin beynəlxalq arenada nüfuzu artır və Qazaxıstan haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Öz tərəfimdən bir daha demək istərdim ki, Azərbaycanda sizin qardaşlarınız yaşayır, onlar sizə çox hörmət edir, sizi qiymətləndirirlər. Qazaxıstanın bizə münasibətdə əvvəllər də, bu gün də nümayiş etdirdiyi həmrəyliyə görə sizə çox təşəkkür edirik. Biz də öz tərəfimizdən qardaş Qazaxıstan xalqına həqiqi qardaşlıq hisslərini və münasibəti göstərmək üçün nə mümkündürsə edəcəyik.

Hörmətli Kasım-Jomart Kemeleviç, qonaqpərvərliyə, dəvətə görə bir daha təşəkkür edirəm və fürsətdən istifadə edib Sizi yenidən, Sizin üçün münasib vaxta Azərbaycana səfərə dəvət etmək istəyirəm.

Prezident Kasım-Jomart Tokayev: Təşəkkür edirəm. Xalqlarımız arasında qardaşcasına qarşılıqlı münasibətlərlə bağlı sözlərinizə görə Sizə xüsusi təşəkkür etmək istərdim. Qazax xalqı üçün də azərbaycanlılar qardaşdır. Bu barədə bu gün danışıqlar zamanı da demişəm, indi də deyirəm.

Bu, sadəcə, bəlağətli sözlər deyil, hərçənd xüsusən belə tədbirlər zamanı hərdənbir bəlağətli sözlər də demək lazımdır.

Bu sözlər, əslində, ölkələrimiz arasında əməkdaşlığın xarakterini əks etdirir. Ümidvaram ki, bütün bunlar daimi olacaq.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri aprelin 10-da başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər yola saldılar.

20:00

***

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.

***

Aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər.

Mərasimin aparıcısı dedi:

– Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Qazaxıstan Respublikası Prezidentinin tapşırığına əsasən, paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.

Heydər Əliyevin şərəfinə adlandırılmış küçə firavanlaşan Yesil rayonunda yerləşir. Dördzolaqlı küçə Ulu Dala prospekti ilə kəsişir. Küçənin uzunluğu 1400 metrdir. Heydər Əliyev küçəsində dərin mənalı bir monument ucaldılıb. Bu memarlıq nümunəsinə daxil olan elementlər türk köklərinin ortaqlığını, mədəni dəyərlərin yaxınlığını və Azərbaycan xalqına hörməti vurğulayır. Monumentin üzərindəki QR-kodu skanlamaqla Heydər Əliyevin həyatı haqqında daha çox məlumat əldə etmək olar.

Hörmətli xanımlar və cənablar, gəlin, bir-birimizi bu əlamətdar bayram, Qazaxıstanın və Azərbaycanın həyatında mühüm hadisə münasibətilə təbrik edək.

x x x

Dövlət başçıları “Heydər Əliyev küçəsi” sözləri yazılan lövhənin üzərindən ağ örtüyü götürdülər.

x x x

Sonra mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:

– Bu hadisənin xüsusi rəmzi mənası var. Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir.

Bu küçə Astana gənclərini və qonaqlarını cəlb edən yerdir. Küçə boyunca dünyada ən böyük sferik bina olan “Nur Aləm”, Astana Balet Teatrı, Mərkəzi Botanika bağı, habelə şəhərin ən iri ticarət-əyləncə mərkəzi kimi mühüm obyektlər yerləşir.

Qeyd etmək istəyirəm ki, bu küçənin açılışı Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb. Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər.

Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib. Ölkələrimiz arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Siz öz dahi atanızın quruculuq işini ləyaqətlə davam etdirirsiniz. Sizin nüfuzlu, güclü liderliyinizlə Azərbaycan tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Dövlətlərimiz arasında hərtərəfli əməkdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Fürsətdən istifadə edib əməkdaşlığımızın inkişafında mühüm mərhələ olan bu səfərinizə görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim.

Bu gün bizim çoxşaxəli əməkdaşlığımızın bundan sonrakı inkişafına təkan verən çox mühüm sənədlər imzalanıb. Qazaxıstan ilə Azərbaycan arasında müttəfiqlik, tərəfdaşlıq münasibətlərinin parlaq və ümidverici gələcəyi var. Buna görə də əsla şübhə yoxdur ki, biz bundan sonra da dövlətlərimizin xalqlarına xidmət məsələsində vahid mövqelərdən çıxış edəcəyik. Diqqətinizə görə sağ olun.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi:

– Hörmətli Kasım-Jomart Kemeleviç, əziz dostlar.

Mənim Qazaxıstana səfərim sona yaxınlaşır. Qonaqpərvərliyə, səmimi qəbula, mənə və bizim nümayəndə heyətinin üzvlərinə xoş münasibətə və bu gün səfər çərçivəsində bu gözəl, mən deyərdim, tarixi mərasimdə iştirak etməyimizə görə Prezident Tokayevə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Hər bir azərbaycanlı kimi məndən ötrü də Heydər Əliyevin adı çox əzizdir. Təkcə ona görə yox ki, o, mənim atamdır, həm də ona görə ki, bu insan müasir müstəqil Azərbaycanın ən çətin dövründə xalq tərəfindən dəvət edildi və ən ağır dövrdə ölkəyə rəhbərlik etdi. Heydər Əliyev haqqında danışarkən onun Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrü də xatırlamamaq olmaz, bu dövr də quruculuq, inkişaf dövrü idi. O vaxt – ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərinin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada Sov.İKP MK-nın Siyasi Bürosunun – sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövr olub. O vaxt Heydər Əliyev əslində keçmiş SSRİ-nin xalq təsərrüfatının bir sıra ən mühüm sahələrinə rəhbərlik edirdi.

Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə – Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi. Təəssüf ki, o vaxt məhz bu barədə söhbət gedirdi, çünki daxili ziddiyyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları əlaltından işğal edilirdi. Bu ən mürəkkəb dövrdə Heydər Əliyev Azərbaycana rəhbərlik etdi və mahiyyət etibarilə xalqımızın sonrakı bəlalarının və faciələrinin qarşısını aldı. Onun Prezident vəzifəsində olduğu 10 il – 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması dövrü oldu.

Heydər Əliyev bizə onun işlərini davam etdirməyimizi vəsiyyət edib. Onun əsas vəsiyyəti ondan ibarət idi ki, biz torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Biz onun xatirəsinə, vəsiyyətlərinə sadiqik, onun bütün tapşırıqlarını şərəflə yerinə yetirmişik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb.

Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq.

Bu gün səfərimi başa çatdıraraq Qazaxıstan Prezidentinə və xalqına bir daha təşəkkürümü bildirmək, Qazaxıstan xalqını və Prezident Kasım-Jomart Kemeleviçi sosial-iqtisadi inkişaf, Qazaxıstanın beynəlxalq nüfuzunun möhkəmlənməsi yolunda qazanılmış böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bu gün Qazaxıstan, – bu barədə bu gün mətbuat konfransında danışmışam, – dünya birliyinin nəzərində böyük nüfuza malikdir, beynəlxalq məsələlərdə mühüm rol oynayır. Qazaxıstanın irəli sürdüyü və reallaşdırdığı təşəbbüslər sözün geniş mənasında Avrasiya məkanında etimad tədbirlərinin, sülhün möhkəmlənməsinə yönəlib. Biz də dostlar, qardaşlar kimi sizin uğurlarınıza ürəkdən sevinirik.

Bu gün biz müttəfiqlik səviyyəsinə çatmış əməkdaşlığımızın möhkəmləndirilməsinə dair sonrakı addımları müəyyənləşdirdik. Biz müttəfiqlərik, biz qardaşlarıq, biz dostlarıq. Bugünkü mərasim bizim münasibətlərimizin sarsılmazlığına, qardaşlığımıza və qarşılıqlı hörmətimizə daha bir sübutdur. Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Prezidentə və bütün qazaxıstanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.

x x x

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyev küçəsində yerləşən Botanika bağında ağac əkdilər.

Daha sonra dövlət başçıları şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdilər.

Etikxeber.az

Read Previous

“Musa hərb aşiqi idi, hərb sənətini çox sevirdi, hətta…”-TƏK ÖVLAD-ŞƏHİD MUSA ALIŞOVUN ANASI ULDUZ ALIŞOVA – FOTOLAR

Read Next

Sıxlıq olan yollar-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir