“Turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanlar var” – ƏSƏDOV

Milli Məclisin sədri Oqtay Əsədov Latviya Respublikası Seyminin sədri İnara Murnietsenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Oqtay Əsədov Latviya nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini söyləyib. Sədr parlamentlərarası münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan və Latviya prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyəsinin göstəricisidir. İndiyədək ölkələrimiz arasında 34 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir. Milli Məclisin sədri mövcud hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsinin önəmini vurğulayıb. İqtisadi sahədə əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu deyən sədr TAP, TANAP layihələri haqqında məlumat verib. O, iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, eyni zamanda, turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğulayıb.

Oqtay Əsədov qonaqları  Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə də məlumatlandırıb. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul ediblər.

Latviya Respublikası Seyminin sədri İnara Murnietse ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu söyləyib. O, parlamentlərarası əlaqələrin inkişafından danışaraq Latviya qanunverici orqanında Azərbaycanla dostluq qrupunun 28 üzvünün olduğunu diqqətə çatdırıb. Latviya Seyminin sədri dostluq qruplarının fəaliyyətinin razılıq doğurduğunu vurğulayıb.

Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Etikxeber.az

Read Previous

Estoniyanın yeni prezidenti qadın oldu – Kersti Kalyulay

Read Next

Məhkəmə BMT baş katibinin qardaşı oğlunu dələduzluqda təqsirli bilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir