“Türk Dünyasının Liderləri-Əliyevlə Ərdoğan Şuşada Müttəfiqlik bəyannaməsini imzalamaqla, Türkiyə-Azərbaycan birliyinin növbəti Zəfər dastanını yazdılar və yaratdılar”-JALƏ ƏLİYEVANIN BAXIŞI

Tarix 15 iyun 2021-ci il…

Məkan Azərbaycan, Qarabağ, Füzuli və Şuşa!

Həmin gün, həmin məkan növbəti Tarixi hadisəyə şahidlik etdi, növbəti Tarixi hadisəninin, Türkün, Türk Dünyasının, sarsılmaz və qırılmaz Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan qardaşlığının, həmrəyliyinin növbəti Zəfər Dastanının şahidi oldu.

Qəlbi Türklüklə, Türk Dünyası, Azərbaycan və Türkiyə birliyi ilə döyünənlərin, vuranların hamısı həmin gün, həmin an yaşananlara, yaşadılanlara Sevinc, Qürur göz yaşları şahidlik etdi.

Türkün, Türk Dünyasının iki azman, örnək, hər anı, hər addımı ilə Tarix yazan və yaradan Liderləri-Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan Türklüyün, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə həmrəyliyinin, birliyinin, mütəffiqliyinin yeni Tarixini, yeni Dastanını yazdılar və yaratdılar.

15 iyunda-tarixi və müqəddəs Milli Qurtuluş günündə yeni Diriliş və Doğuluş günü Tarixə əbədiyyən və qızıl hərflərlə həkk edildi…

Azərbaycana, işğaldan azad olunmuş Qarabağa, Füzuli və Şuşaya səfər edən və həm də erməni işğalından qurtulmuş Türk torpaqlarına səfərini reallaşdıran  ilk dövlət başçısı, ilk Türk lideri kimi adını Tarixə yazdıran sayın Ərdoğan Qalib, Müzəffər Azərbaycanın Xilaskar, Qurtuluşçu oğlu İlham Əliyevlə bir araya gələrək, bütün dünyaya birlik və bərabərliyin, sarsılmazlıq və həmrəyliyin növbəti əyani bəyanını ortaya qoydular.

Dünyaya, bizi hələ də görmək istəməyən, gözməzdən gələn kəslərə və dairələrə, fitnə-fəsad çevrələrinə əsl qardaşlıq və həmrəyliyin, birgə döyünməyin, birgə vurmağın necə olduğunu növbəti dəfə nümayiş etdirdilər…

Təbii və heç şübhəsiz ki, dostlar sevindi, düşmənlər isə əbədiyyən məyus və kor oldular.

Qoy həmişə dostlar baxıb sevinsin, dostları sevindirək, qoy həmişə düşmənlər  seyr edib məyus və kor olsunları, düşmənləri növbəti Dərslərimizlə, Tarixi Dastanlarımızla, Zəfərlərimizlə kor və məyus edək!

Bəli, 2020-ci ilin 8 noyabr Qələbəsindən və 2021-ci ilin “Xarıbülbül” Zəfərindən sonra, cəmi 7 ay 7 gün (və rəqəmlərin müqəddəsliyinə baxın) sonra göz bəbəyimiz, mədəniyyət ocağımız Şuşa sözün əsl və gerçək mənasında növbəti Qurtuluşunu, növbəti Xilasını və növbəti Zəfərini yaşadı…

İki Türk lideri bir araya gələrək “Müttəfiqlik haqqında” Şuşa bəyannaməsinə mübarək imzalarını atdılar, tarixi möhürlərini vurdular.

Qardaşlığımız, dostluğumuz, birgəliyimiz, həmrəyliyimiz, müttəfiqliyimiz bir daha tarixi imzalarla möhkəmləndirildi, müttəfiqləşdirildi…

Bəyannəmədə də bəyan olunduğu kimi, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Həmçinin, qeyd edildiyi kimi, Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.

Bununla bərabər, Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Eyni zamanda, Tərəflər minalanmış ərazilərin təmizlənməsi əsas götürülməklə Ermənistan işğalından azad edilmiş rayonlarda həyatın normallaşdırılması istiqamətində fəaliyyətləri dəstəkləyəcəklər.

Bununla yanaşı, Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər və sair və ilaxır…

Mənə elə gəlir ki, bu bəndlərin şərhinə, geniş, uzun-uzadı izahatına da ehtiyac, gərək qalmır…

Hər bir məqam açıq və birmənalı şəkildə əksini tapıb bu sənəddə.

“Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında – Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır”-deyən Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir.

Yəni, biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Qeyd olunduğu kimi, Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır.

Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin, Cənub Qaz Dəhlizinin önəmi Türkiyə, Azərbaycan və Avropa üçün göstərilir və hər bir məsələ çox böyük önəm daşıyır. Və  onların arasında iki məsələ xüsusilə qeyd edilməlidir.

 Birincisi, müdafiə sahəsində əməkdaşlıq, iş birliyi məsələsi. Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

İkinci önəmli məsələ nəqliyyat məsələsidir. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.

Eyni zamanda, sayın Ərdoğanın vurğuladığı kimi, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Çünki atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.

Sonra “Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Altılı platforma dedik. Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”-deyən Türkiyə Cümhurbaşqanının bəyan etdiyi kimi, bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək. Və bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik.

Bu ümidverici proses Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq.

Bəli, qısa zaman kəsiyində Tarixi hadisələrə, Zəfərlərə şahidlik edən Şuşamız Tüklüyün, Türk Dünyasının, Azərbaycan-Türkiyə qardaşlığının, birgəliyinin tarixində öz adını Tarixə yazdırdı, Şuşa həm də birlik və bərabərliyinin, dostluq və qardaşlığının simgəsinə çevrildi..

Hər dəfə də növbəti Qələbələrə və Zəfərlərə yürüdükcə, varid olduqca Şuşamız, Şuşa bəyannaməmiz gözlər önünə gələcək,  xatırlanacaq, qeyd ediləcək.

Şuşam, gözün aydın, bəyannamən mübarək olsun!

Tük Dünyası, Azərbaycan və Türkiyəm, gözlərin aydın, Şuşa-“Müttəfiqlik” bəyannamən mübarək, qutlu olsun!

Yaşasın, birlik və bərabərliyimiz, dostluq və qardaşlığımız, var olsun, Türkün Dastan, Zəfər yazan Liderləri-cənab Əliyev və sayın Ərdoğan!

Zəfərin, Qələbən mübarək can Azərbaycan, canım Türkiyəm!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“Təcavüzkar dövlətin vandal əməllərə əl atmaqda əsas məqsədi bizim minilliklər ərzində yaşadığımız torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi…”-MÜBARİZ QURBANLI

Read Next

Daha 48 yeni yoluxma-SON SUTKADA ÖLÜM QEYDƏ ALINMAYIB…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir