“Türk Şurasının son Zirvəsi daha bir Zəfər müjdəsi oldu…”-JALƏ ƏLİYEVA YAZDI

“…Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq…”.

Bu fikirlər Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçımız bu tarixi fikirləri martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə səsləndirdi.

44 günlük Zəfərdən, Böyük Qələbədən sonra düşmənə və onun qanlı havadarlarına verilən növbəti mesaj, növbəti xəbərdarlıq, növbəti Zəfər gözdağı, növbəti əzələ nümayişi oldu.

Ali Baş Komandanımız bu fikirləri səsləndirməklə bir daha Qarabağın Azərbaycan, Azərbaycana məxsus olduğunu, ondan qopmağın, qoparılmağın qeyri-mümkünlüyünü, eyni zamanda, digər tarixi torpaqlarımızın-Zəngəzurumuzun itirilməsi ilə barışılmayacağını, əksinə, bu istiqamətdə yeni hədəflərimizin mövcudluğunu hər kəsə- düşmənə də, onun himayədarlarına da, bütün dünyaya da duyurdu, bəyan etdi.

***

Yeri gəlmişkən, məhz Azərbaycanın təşəbbüsü, xeyir-duası, evsahibliyi ilə yaradılmış Türk Şurası 10 illik mövcudluğu dövründə böyük yol, məsafə qət edə bildi.

Bir nüfuzlu regional qurum kimi, özünü dünyada tanıtdı, özünə layiqli yer qazandı, gücünə güc qatdı.

Artıq bu qurumla maraqlanan, onunla əməkdaşlıq etmək və ona üzv olmaq istəyən ölkələrin, dövlətlərin sırası da getdikcə genişlənməkdədir.

Bu, onu göstərir ki, Türk Şurası adi, sıradan bir qurum olmayıb, olmayacaq və daha da genişlənərək, daha da güclənərək, regionun, altaylardan üzə Avropayacan uzanan Türk dünyasının, bütövlükdə dünyanın düzəninə bir nizam gətirəcək,  sülhə, təhlükəsizliyə, beynəlxalq əməkdaşlığa öz müsbət və önəmli bəhrələrini, töhfələrini verəcək.

Bu qurum olub, var və bundan sonra da olacaq.

Qeyd edək ki, sonuncu Zirvə görüşünü Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açaraq, təşkilatın əsas məqsədinin türk dünyasını ən vacib iqtisadi, mədəni məkanlardan birinə çevirmək olduğunu dedi.

Qazaxıstanın birinci Prezidenti- Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev də çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edərək “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”-dedi.

O,  sonra 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu bildirdi. Nursultan Nazarbayev budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişiklikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək “Türk dünyasının gələcəyi – 2040” adlı sənədin hazırlanmasını təklif etdi.

Nazarbayev sonra Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirdi. Həmçinin, iqtisadi əlaqələrin əhəmiyyətinə toxunaraq “Biz hmımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər, bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”-deyə, bəyan etdi.

Geniş məzmunlu, əhatəli və tarixi çıxışında isə Azərbaycan Prezidenti keçilən yola, qarşıda duran hədəflərə, o cümlədən, artıq tarixə çevrilmiş Qarabağ münaqişəsinə toxunaraq, bir daha bəyan etdi ki, düşmən növbəti qanlı təxribatından sonra, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatı keçirib onu layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müharibə dövründə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Bizim tarixi şəhərimiz Şuşa noyabrın 8-də işğalçılardan azad edildi və Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri Bəyanat imzaladılar. Bu Bəyanat əsasında bizim digər rayonlarımız artıq siyasi yollarla Azərbaycana qaytarıldı. Beləliklə, məsələ hərbi-siyasi yollarla həll olundu.

Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmışdır.

 Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni, 32 illik qanlı münaqişəni həll etdi, tarixi Zəfər qazanda və dağıdılmış ərazilərdə bərpa işləri başladı.

Həmçinin, müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldıq.

Qardaş Türkiyənin cümhurbaşqanı sayın Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də, müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi ki,  bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi.

Çıxışında “Mən həmişə demişdim ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Bu dəstəyə görə qardaş Türkiyəyə və onun hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğana dərin təşəkkürümü bildirmək istəyirəm. Müharibə dövründə və müxtəlif dövrlərdə Prezident Ərdoğanın və Türkiyənin digər rəsmi şəxslərinin çoxsaylı bəyanatları məsələnin həllində xüsusi önəmli rol oynamışdır. Məni və Azərbaycan xalqını Şuşanın azad olunması ilə əlaqədar ilk təbrik edən Prezident Rəcəb Tayyib Ərdoğan olmuşdur. Noyabrın 8-də bu təbriki bizə çatdırmışdır. Türk Şurası sentyabrın 28-də – müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir”-deyən Azərbaycan Prezidenti eyni zamanda, dəstəyinə görə, Türk Şurasına, o cümlədən, digər beynəlxalq təşkilatlara – Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına öz minnətdarlığını ifadə etdi.

Eyni zamanda, hər zaman, hər an yanımızda olan qardaş Türkiyənin Cümhurbaşqanı sayın Ərdoğan öz müjdəsini, xoş xəbərini verdi, Şuşaya ilk səfərinin tarixini açıqladı.

“Arzum odur ki, ən qısa zamanda – Ramazan bayramından sonra qardaşımla birgə Şuşanı ziyarət edək, inşallah, burada yeni bir bayram yaşayaq”-deyərək, Azərbaycanın heç zaman yalınz, tək buraxılmadığını və buraxılmayacağını hər kəsə bəyan etmiş oldu.

***

Bəli, yuxarıda da qeyd edildiyi kimi, müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı və onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır.

Heç kimə sirr deyil ki, bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq.

“Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”-deyən dövlət başçımız bildirdi ki, çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur.

Bu dəmir yolu əlaqəsi isə Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər.

Bəli, Ermənistan özünü heç olmasa,bundan sonra normal, sivil qonşu kimi, apararsa, nəinki itirər, əksinə qazanar. Əks təqdirdə, “Dəmir Yumruq” hər zaman başlarının üzərindədir.

Bəli, Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır.

Artıq Azərbaycan bu işlərə start verib və əminik ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Bəli, Qalib ölkə kimi Azərbaycan artıq oyun qaydalarını özünü müəyyənləşdirir, özü diktə edir, hər kəsə, xüsusilə, dostlarına, tərəfdaşlarına, müttəfiqlərinə öz səmimi niyyətlərini, əməkdaşlıq, tərəfdaşlıq təkliflərini bir daha açıq şəkildə ortaya qoyur, sərgiləyir.

Bizə də, Qalib Azərbaycana da yaraşan budur, bizə elə bu yaraşır.

Odir ki, Qələbələr də, Zəfərlərlər də, Uğurlar da, bizimlə birgə yürüyənlər də daim bizimlədir!

Növbəti Qələbələrin, növbəti Qələbələrin, növbəti Yürüşlərin mübarək və müzəffər olsun, Azərbaycanım!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“İfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq…”-Əliyev Molineusla görüşdə – BELƏ DEDİ – FOTO – YENİLƏNİB

Read Next

“Böyük zəfərə gedən yolumuzda ilk uğurlu sınağımız-5 ili tamam olan Aprel döyüşləri!”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir