Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə-SƏFƏRLƏRİ – YENİLƏNİB – (2) – FOTOLAR

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndə heyətlərinin Ağdama və Gəncə şəhərinə səfərləri təşkil olunacaq.

Etikxeber.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, nümayəndə heyətləri Ağdamda erməni  vandalizminin nəticələrini bilavasitə öz gözləri ilə görəcəklər:

“Daha sonra Gəncə şəhərinə səfər edəcəyik. Nümayəndə heyətləri Ermənistanın Vətən müharibəsi dövründə Gəncə şərinə ballistik raketlərlə zərbə endirməsi nəticəsində mülki insanların ölümü və dağıntılara səbəb olmuş reallıqları yerində görəcəklər”.

10:52

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Ağdama səfəri başlayıb.

Səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətlərinin Ağdam şəhər Cümə məscidini, İmarət qəbiristanlığını və Şəhidlər xiyabanını ziyarət etmələri nəzərdə tutulur.

11:40

***

Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Ağdam şəhər Cümə məscidini ziyarət ediblər.

Nümayəndə heyətlərinin üzvləri ermənilərin məsciddə törətdikləri vandallığın şahidi olublar.  

13:30

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə  səfəri başlayıb.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə  Ermənistan ordusu  tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər. 

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Oktyabrın 17-də gecə düşmənin Gəncəyə xain hücumu nəticəsində isə 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

16:00

***

“Ermənistan ərazisindən 2020-ci il oktyabrın 11-də Gəncə şəhərinə “Skad” raketləri atılıb”-deyən H. Hacıyev səfər zamanı bildirib ki, 2020-ci il oktyabrın 17-də Gəncəyə növbəti dəfə raket zərbəsi endirilib:

“Oktyabrın axırında isə Bərdə şəhərinə “Smerç” raketləri atdılar. Ümumiyyətlə, müharibə dövründə Azərbaycanın müxtəlif şəhərləri hər hansı bir hədəf müəyyənləşdirilmədən, legitim hədəflər müəyyənləşdirilmədən raket zərbələri endirmək. Burada da yalnız bir məqsəd – mülki insanları öldürmək, mülki insanlar arasında maksimum dərəcədə tələfata nail olmaq idi. Avropa məkanına baxsaq, İkinci Dünya Müharibəsindən sonra mülki insanlara qarşı ballistik raketlərdən istifadə edilməyib.

İkinci Dünya Müharibəsi zamanı faşist Almaniyası Britaniya şəhərlərinə ballistik raketlər atıblar. Hərbi əməliyyatların gedişində Ermənistan bu yola da əl atdı. Hətta bir neçə hal oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin öncədən zərərsizləşdirməsi nəticəsində daha böyük risklərin də qarşısı alınmış oldu. Atəş edilməyə hazır vəziyyətə gətirilən bir neçə “Skad” raketləri zərərsizləşdirildi. Ermənistan rəsmilərindən biri demişdi ki, məqsədləri odur ki, Gəncəni heç arxeoloqlar da tapa bilməsin. Ermənistanda Gəncəyə raket zərbələri endirməsi əmirini verən insanlar müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar”.

Etikxeber.az

Read Previous

“UNESCO ikili standartları kənara qoyub, mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir”-FƏXRƏDDİN ALTUN

Read Next

Daha 2414 yeni yoluxma-DAHA 36 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir