“Türkiyə onu təhdid edən terror bəlasından, Azərbaycan isə işğal faktından birdəfəlik qurtulacaq, xilas olacaq”-JALƏ ƏLİYEVADAN TÜRKİYƏNİ QISQANANLARA, ERMƏNİSTANI SİLAHLANDIRANLARA KƏSKİN ETİRAZ

Ulu Öndər Heydər Əliyev, ötən əsrin sonlarında Azərbaycan-Türkiyə münasibətlərinə, qardaşlığına və doğmalığına öz qızıl sözləriylə əbədi bir möhür vurdu: “Bir millət, iki dövlət”!

Ötən əsrin əvvəllərində isə Qazi Mustafa Kamal Paşa Atatürk dedi ki: “Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir”!

Bunu bir qədər də genişləndirmiş olsaq, Türkiyənin sevinci bizim sevincimiz, Tükiyənin kədəri bizim kədərimizdir. Bu, hər zaman belə olub, tarixin ən keçmiş zamanlarında da, dünən də…Bu gün də belədir, sabah da belə olacaq, dəyişən heç nə yoxdur, dəyişən heç nə olmayacaq.

Çünki bu ruhdan, qandan, candan, kökdən gələn bir məsələdir, bir bağlılıqdır. Heç kim dünyada ikinci bir xalq və dövlət göstərə bilməz ki, bu qədər biri-birinə bağlı, kənədlənmiş olsun, kimsə bunun analoqunu tapa bilməz. Mümkün deyil və olmayacaq. Bu xoşbəxtlik, bu bəxtəvərlik, bu qismət yalnız bizə-bizlərə, Azərbaycanla Türkiyəyə məxsusdur, aiddir.

Bəli, dünyada onlarla türk kökənli, türk soylu xalqlar, toplumlar var, o cümlədən, müstəqil və muxtar statuslu türk cümhuriyyətləri mövcuddur. Onlarla da bağlıyıq, onlarla da eyni nəfəsi alırıq, onlarla da ruh əkizləyirik…Amma…Azərbaycanla Türkiyənin yeri, bağlılığı başqa bir aləmdir, bu, sözlə ifadə edilməsi mümkün olmayan bir gerçəklikdir, reallıqdır…Bunu da etiraf etmək gərəkir.

Bu iki qardaş və dost ölkə arasında münasibətlər Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra daha da möhkəmlənib. güclənib, ən üst səviyyələrə yüksəlib. Bu iki dövlət son 29 ildə bütün məsələlərdə, bütün kürsülərdə, bütün məkanlarda, bütün platformalarda bir-birini dəstəkləyib, müdafiə edib, çiyin-çiyinə, kürək-kürəyə verib.

Azərbaycan son 36-37 ildə Türkiyəni təhdid edən terrorla barışmaz mücadiləsində qardaş dövlətə birmənalı dəstəyini ifadə edib, Türkiyənin yanında olub. Türkiyə də 32 ildir işğaldan əziyyət Azərbaycanın yanındadır. Qarabağ, torpaq bütünlüyümüz məsələsində birmənalı və istisnasız şəkildə Azərbaycanın yanında yer alıb, hər zaman gərəkən dəstəyini verib.

Son iyul hadisələri, qardaş ölkənin, onun Cümhurbaşqanının, və Xarici İşlər Nazirliyinin, Milli Müdafiə Nazirliyinin, Böyük Millət Məclisinin birmənalı mövqeyi, Azərbaycanla həmrəylikləri də bir daha bunu göstərmiş və sübut etmiş oldu. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın timsalında Türkiyə dövləti və xalqı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələsində bundan sonra da daim Azərbaycanın yanında olacağını, istənilən dəstəyi verəcəyini bütün dünyaya açıq şəkildə bəyan etdi.

Bu, bir daha onun təsdiqi oldu ki, Türkiyə ilə Azərbaycanı, Azərbaycanla Türkiyəni heç nə ayıra bilməyib, heç nə ayıra bilməz və heç nə ayıra bilməyəcək. Bu iki qardaş dövlət də birlikdə bundan sonra da dünyanın enerji təhlükəsizliyinin, bütövlükdə təhlükəsizliyin təmin olunmasında qoşa qanad kimi addımlayacaq, birlikdə yeni-yeni zəfərlərə, qalibiyyətlərə imza atacaq.

Türkiyə onu təhdid edən terror bəlasından, Azərbaycan isə işğal faktından birdəfəlik qurtulacaq, xilas olacaq.

Bəli, məhz bu göstəri, bu qətiyyət, bu əzm, bu iradə bir çoxlarını, xüsusilə, ermənipərəst antiAzərbaycan dairələrini, işğalçı və təcavüzkar ölkəni, onun açıq-gizli havadarlarını, onu silahlandıranları narahat edir, qıcıqlandırır. Çünki onlar bu iki dost və qardaş dövlətin bir-birinə bu qədər sıx bağlı olmasını qəbul və həzm edə bilmirlər.

Bu birlikdəlik, sanki onların şirin yuxusuna haram-zəhər qatır, yuxusunu ərşə çəkir. Odur ki, bu sarsılmaz gücü, iradəni zəiflətmək, sarsıtmaq üçün hər cür təxribata, fitnəyə, rəzilliyə gedirlər. Dünənə kimi düşmən olanlar belə, bu məsələdə birləşirlər, təki bu münasibətlərə zərər, xələl yetirsinlər, kölgə salsınlar. Amma alınmır, alınmayıb və alınmayacaq. Bu, mümkün olan məsələ deyil.

Bu iki qardaş və dost dövlət onların üzərinə gəlindikcə, daha da sıxlaşır, daha da bütünləşir və bundan belə daha da bütöv və sarsılmaz olacaq.

Bəli, qeyd etdiyimiz kimi, son 32 ildə Azərbaycan məhz elə bu qüvvələrin təhriki və himayəsi ilə hərəkət edən işğalçı Ermənistanın işğaılna məruz qalıb, 20 faiz torpaqlarını itirib.

Amma, bu, müvəqqəti bir itkidir. Nə xalqımız, nə də dövlətimiz bu itki ilə, bu işğalla barışıb.

Ötən 32 il ərzində Qarabağ məsələsində bir qarış olsun belə güzəştə gedilməyib və bundan sonra da heç bir güzəştə gedilməyəcək.

Həmsədr dövlətlərin ikibaşlı oyunlarına, xüsusilə, Rusiyanın illərdir Ermənistanı silahlandırmasına, ona dəstək verməsinə baxmayaraq, yenə də düşmənin istədikləri alınmayacaq, planları, hesabları baş tutmayacaq.

Himayədarları, dəstəkçiləri ilə birlikdə məğlubiyyətə, fiaskoya uğrayacaqlar-Aprel döyüşlərində, Cünnüt əməliyyatında və iyul hadisələrində olduğu kimi.

Bu, gerçəklikdir, bu, reallıqdır, bu mütləqdir!

17:21

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

“Bu cür faktlar Minsk qrupunun həmsədrlərinin diqqətindən, faktaraşdırıcı missiyanın diqqətindən yayınmamalı və qeydə alınmaqla, qarşısının alınması üçün müvafiq tədbirlər görülməlidir”-MİLLƏT VƏKİLİ HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ

Read Next

“Artıq bələdiyyələrin özlərinin uşaq bağçaları və digər təhsil müəssisələri olmalıdır”-MİLLƏT VƏKİLİ DAHA HANSI TƏKLİFLƏRLƏ ÇIXIŞ ETDİ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir