“Türkiyə-Azərbaycan birliyi qısa bir zamanda öz sözünü deyəcək və bu dostluq, qardaşlıq bizim işğal altında olan torpaqlarımızın azad olunmasına imkan yaradacaq…Belə də olmalıdır, belə də olacaq”-TAHİR RZAYEV

15 sentyabr 1918-ci il Azərbaycan xalqının tarixinə şanlı-qızıl hərflərlə yazılan bir gündür. Çünki bu gün Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam Ordusu və əlahiddə Azərbaycan korpusu Bakını və onun ətraf rayonlarını erməni-bolşevik işğalçılarından azad edib.

Bunu Etikxeber.az-a özəl açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, təbii ki, bu uğurlar bizim sonrakı qələbələrimiz üçün yollar açıb və sonrakı mərhələlərdə Naxçıvan və Gəncə əraziləri işğalçılardan təmizlənib, Azərbaycan öz müstəqilliyini təmin edib.

Millət vəkili bildirib ki, bu, bir tarixdir və bu şanlı tarixi heç cür unuda bilmərik.

“Həm də bu tarix Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi, dönməz, yenilməz olduğunu sübut edir. Çox böyük şanlı ənənələrə əsaslanır. Çünki daimi olaraq, Türkiyə Azərbaycanın, Azərbaycan Türkiyənin yanında olub, bizim sevincimiz, kədərimiz bir olub, “bir millət-iki dövlət” olaraq, bir-birimizi müdafiə etmişik. Bu gün də bu ənənə davam edir.

Ölkələrimizin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan bütün tədbirlərdə, bütün beynəlxalq görüşlərdə eyni mövqedən çıxış edirlər, birliyi, qardaşlığı dünyaya nümayiş etdirirlər və hər iki ölkənin gələcəyi üçün birgə mübarizəni vacib sayırlar. Əlbəttə ki, biz bu tarixi unuda bilmərik. Ona görə ki, bizim düşmənlərimiz eynidir, erməni təcavüzkarları daim öz havadarlarına arxalanaraq, Türkiyə-Azərbaycan ərazilərinə, torpaqlarına iddialıdırlar və onlar bu çirkin əməllərindən əl çəkmirlər.

Son illərin, ayların hadisələri də bunu göstərir ki, artıq Azərbaycanın 20 faiz torpaqları işğal olunub, bir milyondan artıq qaçqın-məcburi köçkünü var, ancaq buna baxmayaraq, yenə də hər gün cəbhə zonasında atəşkəs pozulur, günahsız insanlar öldürülür, qətlə yetirilir, təxribatlar törədilir, sözsüz ki, bunların da cavabı verilir. Düşmən ağır itkilərə məruz qalır.

Ancaq yenə də Ermənistan rəhbərliyi, siyasi dairələri öz çirkin əməllərini davam etdirir. Ələbəttə ki, bu anlarda, bugünlərdə yenə də Türkiyə Azərbaycana öz dostluq, qardaşlıq əlini uzadır. Türkiyə Prezidenti başda olmaqla, bu ölkənin siyasi dairələri hər an Azərbaycanın yanındadırlar, yanında olduqlarını sübuta yetirirlər, Azərbaycanın haqq işi uğrunda mübarizəsində onunla birgəliklərini, həmrəyliklərini göstərirlər.

Bunu həmçinin əməli tədbirlərdə həyata keçirirlər. Son Türkiyə və Azərbaycan hərbçilərinin birgə təlimləri, Türkiyə rəsmi şəxslərinin, hərbi elitasının, eləcə də Azərbaycana , Azərbaycan siyasi dairələrinin rəhbərlərinin, rəsmi dövlət, hökumət nümayəndələrinin, Azərbaycanın parlamentin sədrinin Türkiyəyə səfərləri bunu deməyə əsas verir. Qardaşlıq-dostluq hər an özünü göstərir.

Bugünlərdə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarova Türkiyəyə ilk rəsmi səfərini edərkən Türkiyənin dövlət rəsmiləri, parlamentariləri ilə, o cümlədən, Prezident cənab Rəcəb Tayyib Ərdoğanla görüşdü. Həmin görüşlərdə də Türkiyə Prezidenti başda olmaqla, bütün Türkiyə siyasi dairələri, siyasiləri Azərbaycanın yanında olduqlarını və olacaqlarını ifadə etdilər. Eyni zamanda, Azərbaycanı dəstəklədiklərini, bundan sonra da dəstəkləyəcəklərini bildirdilər.

Bu, bir unudulmaz şanlı tarixdir və tarix təkrar olunur. 15 sentyabr 1918-ci ildə Türkiyənin Azərbaycana etdiyi dəstək bu gün davam etdirilir. Bu, sevindiricidir, hər birimizi qürurlandırır və elə bilirəm ki, hər birimiz bu dostluğu, bu qardaşlığı möhkəmləndirməkdən ötrü əlimizdən gələni əsirgəməməliyik. Biz şanlı tariximizi yazmaqda davam etməliyik.

Sözsüz ki, Türkiyə-Azərbaycan birliyi qısa bir zamanda öz sözünü deyəcək və bu dostluq, qardaşlıq bizim işğal altında olan torpaqlarımızın azad olunmasına imkan yaradacaq. Belə də olmalıdır, belə də olacaq, qardaşlığımız, dostluğumuz əbədi olaraq, davam etməlidir, davam da edəcək”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dünənlə müqayisədə yoluxmada növbəti artım yaşandı-114 – DAHA 2 ÖLÜM…

Read Next

“17 nəfərin 600, 68 nəfərin isə 500 baldan yüksək nəticə əldə etməsi qürurvericidir…”-FATMA YILDIRIM TƏLƏBƏ ADINI QAZANMIŞ GƏNCLƏRƏ NƏ VƏD ETDİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir