“Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir…”-POLİTOLOQUN BAXIŞI

Birgə hərbi təlimlər işğalçının arxasındakı gücə mesajdır

Azərbaycan prezidenti İlham Əliyev bu ilin fevral ayında türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Bakıda keçirdiyi görüşdən sonra mətbuata verdiyi açıqlamada hərbi əməkdaşlığın inkişafından da danışmışdı.

“Təkcə keçən il 13 birgə hərbi təlim keçirilib, bu il təlimlər daha da çox olacaq” – deyən dövlət başçısı Azərbaycanın Türkiyədən müasir silahların alınmasını davam etdirəcəyini bu sözlərlə izah etmişdi:

“Birgə istehsalın təşkil edilməsi barədə də danışmışıq”.

Azərbaycan -Türkiyə hərbi əməkdaşlığı hər zaman aktualdır.

Bölgədə vəziyyət gərginləşən kimi hərbi əməkdaşlığın aktuallığı daha da artır.

Çünki, Ermənistanın Tovuz istiqamətində təxribatının arxasında geosiyasi faktorların ola biləcəyi istisna edilmədi.

Türkiyə rəsmiləri isə açıq dedilər ki, sərhəddəki gərginliyin arxasında böyük güclər dayanıb, Azərbaycandan keçən regional layihələrə zərər vurmaq istəyirlər.

Elə buna görə də başda Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan olmaqla müttəfiq dövlətin Xarici İşlər və Müdafiə nazirləri Azərbaycana istənilən dəstəyi verməyə hazır olduqlarını bildilər.

Böyük məna kəsb edən bu ifadə hərbi əməkdaşlığın genişlənməsindən tutmuş Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirməsinə qədər bəndləri nəzərdə tutur.İyulun 29-da Azərbaycanla Türkiyənin növbəti birgə hərbi təlimləri keçiriləcək.

Bu təlimlər əvvəlcədən razılaşdırılmış plana əsasən reallaşacaq.

Buna baxmayaraq, builki hərbi təlimlərin çoğrafiyasının geniş olması diqqəti çəkir.

Cəmi 10 gün ərzində iki ölkə ordusunun hərbi təlimləri Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək, yəni, bütünlükdə Azərbaycan əhatə olunacaq.

Bu, çox vacibdir və işğalçıya, onun arxasındakı güclərə önəmli mesajdır.

Türkiyə Qars müqaviləsiylə yalnız Naxçıvanın təhlükəsiliyinin təminatçısıdır.

Ancaq birgə hərbi təlimlərin çoğrafiyası göstərir ki, Türkiyə üçün artıq bütöv Azərbaycanın təhlükəsiliyi önəm daşıyır.

Bu gedişat iki ölkə arasında yeni hərbi sazişinın imzalanmasını diqtə edir.

Sərhəddəki münaqişədən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini əldə edə bilməsə də, Moskva İrəvanı yalnız buraxmayıb.

Rusiya mediasında Azərbaycan əleyhinə artan xəbər axını da bundan xəbər verir.

İş o yerə çatıb ki, Ukraynada Rusiyaya bağlı separatçılar dezinformasiya yayaraq guya Ukraynanın rəsmi strukturlarının Azərbaycana muzdlu döyüşçülər göndərdiyini iddia ediblər.

Rusiyanın Ermənistanla birgə pilotsuz uçuş aparatlarının neytrallaşdırlması ilə bağlı birgə təlimləri də Azərbaycana qarşı yönəlib.

Əlbəttə, prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan təklikdə Ermənistanla məsələni həll edə bilər, ancaq Rusiya Ermənistanı tək buraxmayacaq.

Ona görə də Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq Azərbaycan üçün həyati əhəmiyyətlidir.

Elxan ŞAHİNOĞLU,

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri

Etikxeber.az

Read Previous

“Sadə, yenilikçi, səmimi bir gəncdir”-DEPUTAT YENİ TƏHSİL NAZİRİ BARƏDƏ FİKİRLƏRİNİ AÇIQLADI

Read Next

“Təhsilimizin səviyyəsi qalxmalıdır…”-Təhsil naziri məlum oldu-EMİN ƏMRULLAYEV – PREZİDENT YENİ NAZİRİ QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir