“Türkiyənin Qarabağda atəşkəsə Nəzarət Mərkəzində iştirakı böyük önəm kəsb edir…”-FATMA YILDIRIM – MİLLƏT VƏKİLİ “ZƏFƏR PARADI” BARƏDƏ DAHA NƏLƏRİ DİLƏ GƏTİRDİ?

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Bununla da tarixi ədalət bərqərar oldu. Dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradı da tariximizə qızıl hərflərlə yazılacaq.

Bu fikirləri Etikxeber.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F. Yıldırım bildirib ki, bu gün biz qalib xalq olmanın qürurunu yaşayırıq. Belə bir əzəmətli tarixi anlara şahidlik etdiyimiz üçün çox xoşbəxtik. Çünki Azərbaycan xalqı olaraq hər birimiz bu qələbəmizi həsrətlə gözləyirdik.Millət vəkilinin sözlərinə görə, hərbi parad bütün dünyaya Azərbaycan dövlətinin və xalqının qalib olduğunu bir daha nümayiş etdirdi:

“Budəfəki parad öz möhtəşəmliyi ilə xüsusilə fərqləndi. Çünki artıq bu, qalib dövlətin və ordunun hərbi paradı idi. Düşünürəm ki, Vətən müharibəsində digər amillərlə yanaşı həm də mənəvi ruhumuz qələbə çaldı. Bu parad Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətini, Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Hər kəs anlamalıdır ki, bundan sonra da Azərbaycanla diqtə dili ilə danışmaq mümkün deyil. Tarixi zəfərimiz müstəqil dövlətimizin beynəlxalq müstəvidə rolunu daha da artıracaq, bayrağımız daim yüksək zirvələrdə dalğalanacaq. Yeri gəlmişkən, qürurla demək istəyirəm ki,  Şuşada ucaldılan üçrəngli dövlət bayrağımız hərbi paradda göstərildi, şəhidlərimiz ehtiramla yad olundu, qazilərimizin bir qrupu, Şanlı Ordumuzun bütün qoşun hissələri xüsusi ruh yüksəkliyi ilə meydanda yürüş etdilər”.

Deputat Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi paradda qalib dövlətin və ordunun başçısı kimi tarixi nitq söylədiyini qeyd edib.

F. Yıldırım həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfər edərək Zəfər paradında iştirak etməsini çox önəmli hadisə kimi dəyərləndirib:

“Türkiyə Prezidenti Cənab Rəcəp Tayyip Ərdoğanın paradda iştirak etməsi, onun Azərbaycan xalqına olan böyük hörmət və sevgisinin göstəricisidir. Qardaş Türkiyə dövləti və onun rəhbəri çətin müharibə günlərində olduğu kimi, ən əziz günümüzdə də yanımızdadır. Həmçinin çıxışı zamanı, Türkiyə dövlət başçısının Şuşanı, xarı bülbülü yada salması bizi çox duyğulandırdı. Onun Qarabağa olan həsrəti bizim qədər hiss etməsi çox qürurvericidir. Cənab Rəcəp Tayyip Ərdoğan açıq şəkildə bildirdi ki, bundan sonrakı dövrdə də, işğaldan azad olunmuş torpaqlarımızda həyatın bərpa olunması və dağıdılmış şəhərlərin yenidən dirçəldilməsində Türkiyə yaxından iştirak edəcək və bizə bu çətin yolda əllərindən gələn bütün dəstəyi göstərəcəkdir. Bütün bunlar Türkiyə və Azərbaycan arasında sarsılmaz qardaşlığın və birliyin parlaq göstəricisidir.

Hərbi paradda türk əsgərlərinin, xüsusilə də Türkiyə  Ordusunun ən güclü qrupu sayılan mavi berelilerin iştirakı dünyaya çox önəmli bir mesajdır. Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycanın haqq işini birmənalı olaraq dəstəkləməsi bizə əlavə ruh və güc verdi. Məhz bu dəstəyin sayəsində müəyyən beynəlxalq dairələr işğalçı Ermənistana açıq dəstək verməkdən çəkindilər. Hazırda isə Türkiyənin Qarabağda atəşkəsə Nəzarət Mərkəzində iştirakı böyük önəm kəsb edir. Düşünürəm ki, Türkiyənin bu prosesdə iştirakı birgə bəyanatın tam icra olunmasının, bu razılaşmanın pozulmamasının qarantı rolunda çıxış edir. Bütövlükdə, növbəti mərhələlərdə Azərbaycanla Türkiyənin birliyi daha da güclənəcək. Bu birlik regionda sülh, sabitlik və təhlükəsizliyi təmin edəcək, bölgənin inkişafına böyük töhfələr verəcək, eyni zamanda, yeni yaradılmış reallıq dünya siyasətinə ciddi təsir edəcək”.

Etikxeber.az

Read Previous

Qələbə münasibətilə Azərbaycan paytaxtında-ATƏŞFƏŞANLIQ OLDU – FOTOLAR

Read Next

“Şuşa şəhərinə yeni avtomobil yolu çəkildikdən sonra qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şuşaya gedəcəyik”-Əliyevlə Ərdoğan təkbətək görüşdü – SƏNƏDLƏR İMZALANDI, BİRGƏ BƏYANATLA ÇIXIŞ EDİLDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir