“Dostlarınız, qardaşlarınız kimi uğurlarınıza sevinirik…”- Türkmənistan prezidenti Azərbaycana gəldi – İLHAM ƏLİYEVLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB – (6)

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəldi.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 11-də rəsmi qarşılanma mərasimi oldu.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

***

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü oldu.

***

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü oldu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi oldu.

***

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mətbuata bəyanatlarla çıxış etdilər.

***

İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşündə Azərbaycan Prezidenti dedi:

-Hörmətli cənab Prezident, əziz Qurbanqulu Məlikquliyeviç.

Sizi yenidən Azərbaycan torpağında görməyə çox şadam. Bizim görüşlərimiz mütəmadi xarakter daşıyır. Biz bu görüşlərdə çox mühüm məsələlərə dair qərarlar qəbul edirik. Xalqlarımız arasında qardaşlıq münasibətlərinin çoxəsrlik tarixi var. Bu, dostluğun, qardaşlığın, qarşılıqlı dəstəyin tarixidir. Biz həmişə bir-birimizi dəstəkləmişik, bir-birimizin uğurlarına həmişə sevinmişik. Bu gün biz iki müstəqil dövlət olaraq fəal surətdə öz gələcəyimizi qururuq.

Sizi və qardaş türkmən xalqını müstəqillik dövründə qazandığınız böyük nailiyyətlər, Türkmənistanın hərtərəfli inkişafı, beynəlxalq arenada fəal mövqeyi, çoxsaylı mühüm sosial-iqtisadi məsələlərin həlli münasibətilə təbrik etmək istərdim. Biz də, dostlarınız, qardaşlarınız kimi sizin uğurlarınıza sevinirik. Sizin bugünkü səfəriniz bizim siyasi, iqtisadi, nəqliyyat, humanitar əməkdaşlıq sahələrini əhatə edən çox geniş gündəliyə dair fəal dialoqumuzun davamıdır. Sizin görüşünüzə hazırlaşarkən mən bizim əməkdaşlığımıza dair informasiya ilə bir daha tanış oldum. Biz çox müsbət dinamika müşahidə edirik. Bu, bizi sevindirir. Çünki bu gün, dünyada iqtisadi-maliyyə sahəsində hələ boşluqların olduğu bir dövrdə bizim aramızda iqtisadi-ticari münasibətlər inkişaf edir, əmtəə dövriyyəsi artır. Biz öz regionumuzda – Xəzər, Mərkəzi Asiya və Qafqaz regionunda çox mühüm məsələləri həll edirik. Buna görə əminəm ki, ölkəmizə budəfəki rəsmi səfəriniz səmərəli, məhsuldar olacaq və yaxşı nəticələr verəcək. Bir daha xoş gəlmisiniz. Azərbaycanda vaxtınızın xoş keçməsini arzu edirəm.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

-Təşəkkür edirəm, İlham Heydər oğlu. İcazə verin, dəvətə və nümayəndə heyətimizi qəbul etdiyinizə görə Sizə minnətdarlığımı bildirim.

Biz həmişə olduğu kimi, Sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirik. Biz Sizə minnətdarıq. Əlbəttə, biz bu rəsmi səfərə çox böyük əhəmiyyət veririk. Bu səfər bizim dövlətlərarası dialoq kontekstində keçir və beynəlxalq, siyasi, iqtisadi, mədəni-humanitar sahələrə aid məsələlərin birgə müzakirələrinin davamıdır. Düşünürəm ki, bugünkü görüşümüz, danışıqlarımız da dostluq münasibətlərimizin möhkəmlənməsinə yaxşı təkan verəcək. Türkmənistan-Azərbaycan dostluq münasibətlərinə verdiyiniz şəxsi töhfəyə görə də Sizə təşəkkür etmək istərdim.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və ən başlıcası, Sizin şəxsinizdə bizim qardaşlarımıza, Azərbaycan xalqına rifah, firavanlıq arzu etmək istəyirəm. Bir daha dəvətə görə sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatını dövlət başçıları İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkmənistanın “Türkmənhavayolları” Agentliyi arasında Protokol”u “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cahangir Əsgərov və Türkmənistanın “Türkmənhavayolları” Agentliyinin sədri Dovran Saburov imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkmənistanın Dövlət Miqrasiya Xidmətinin sədri Merqen Qurdov imzaladılar.

“Azərbaycan Milli Kitabxanası ilə Türkmənistan Mədəniyyət Nazirliyinin Dövlət Mədəniyyət Mərkəzinin Dövlət Kitabxanası arasında kitabxana işi sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

“Bakı Dövlət Universiteti ilə Məhtimqulu adına Türkmən Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzaladılar.

Rabitə operatorları “AzərTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Türkməntelekom” Elektrorabitə Şirkəti tərəfindən Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın “Türkmen Aragatnaşyk” Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzaladılar.

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkmənistanın ” Türkmen Aragatnaşyk” Agentliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və Türkmənistanın “Türkmen Aragatnaşyk” Agentliyinin sədri Xadjımırat Xudayqulıyev imzaladılar.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında Xəzər dənizinin bioloji müxtəlifliyinin öyrənilməsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında torpaq kadastrı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Qorunması naziri Maqtımqulı Bayramdurdıyev imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Ədliyyə Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahəsinin ayrılması haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, Xarici İşlər naziri Raşid Meredov imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzaladılar.

“Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dillər, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutu arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzaladılar.

“Azərbaycan Respublikasında İxracın və İnvestisiyaların Təşviqi Fondu və Türkmənistanın Ticarət-Sənaye Palatası arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Türkmənistanın Sənayeçilər və Sahibkarlar Birliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Çarı Qılıcov imzaladılar.

“2008-ci il 19 may tarixli Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi haqqında Protokol”u Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Bayramgeldi Ovezov imzaladılar.

Etikxeber.az

Read Previous

“Çalışacağam ki, etimadı doğruldum…” – YENİ VİTSE-SPİKER ADİL ƏLİYEV

Read Next

Hacı Zeynalabdin Tağıyevin abidəsi-UCALDILACAQ – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir