Üç günün içində həyat yoldaşını və tək oğlunu itirən tək-tənha ata-Qərib Abdullayev VƏ TƏK ÖVLADINI, NİŞANLAMAĞA, TOY ETMƏYƏ HAZIRLAŞDIĞI BALASINI ŞƏHİD VERƏN ƏDALƏT HÜSEYNOV…- FOTOLAR

Bu gün, səhər saatlarında yenidən qədim və Qəhrəman Gəncə şəhərində oldum…

Yenə Şəhidlər Xiyabanını və Şəhid ailəsini, Şəhid məclisini ziyarət etdim…

Şəhidlər Xiyabanını ziyarət edərkən övladının məzarı ilə danışan, pıçıldaşan bir Şəhid atası ilə rastlaşdım, qarşılaşdım…

Gəncənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan əslən Daşkəsənli Həsən Qərib oğlu Abdullayevin Dərdli, Yaralı atası ilə…

Yaxınlaşıb salamlaşdım, başsağlığı verdim, Allahdan səbr və dözüm arzuladım Şəhid atasına…

Bir xeyli söhbətləşdim, dərdləşdim Dərdli ata ilə…

Şəhidin atası dedi ki, Həsən onun tək oğlu, iki övladından biri olub…

Qızı hazırda ailəlidir, oğlu isə subay olub…

Həsən İkinci Vətən Müharibəsinə kimi Rusiyada yaşayıb, işləyib, sonra atasının xahişi ilə Vətənə dönüb…

İkinci Vətən Müharibəsində səfərbərliyə cəlb olunub…

Şərəfli döyüş yolu isə uzun olub…

Kəlbəcərdən Şuşayacan uzun döyüş yolu keçib…

Və müharibənin başa çatmasına cəmi 4 gün qalmış, 6 noyabr tarixində Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi isə ayın 11-də ailəsinə təhvil verilib və noyabrın 12-də Gəncə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Bu, həm də Qərib kişinin ikinci faciəsi, ikinci itkisi olub…

Oğlunun Şəhidliyindən 3 gün öncə, noyabrın 3-də isə həyat yoldaşını vaxtsız itirib…

Son günlər övladı ilə danışa, oğlundan xəbər ala bilməyən ananın ürəyi dözməyib və dünyasını dəyişib…

Və cəmi 3 gün ərzində iki itki, iki faciə yaşayıb Qərib kişi…

Həyat yoldaşı və övlad itkisi…

Qızı ailəli olduğu üçün Qərib kişi həmin vaxtdan tək-tənha yaşayır…

Təsəllisini isə övladının və həyat yoldaşının məzarını ziyarət etməklə, onların məzarları ilə danışmaqla tapmağa çalışır…

Allah səbr və dözümünü versin!

Həm həyat yoldaşının, həm də 26 yaşında Vətən yolunda canını fəda edən balasının məkanı cənnətlik olsun!

Nur içində yatsınlar!

***

Şəhidlər Xiyabanını ziyarətdən və Şəhid Rəşad Ələkbərovun Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə iştirak etdikdən sonra isə Goranboylu Şəhid İxtiyar Əliyevin valideynləri-Lətafət xanım və İlqar kişi ilə Gəncənin sonuncu Şəhidlərindən olan Erkin Hüseynovun iki mərasiminə qatıldım…

Şəhidimizin atasına- Dərddən beli bükülən, ikiqat olan Ədalət kişiyə Allahdan səbr və dözüm arzuladım, “Erkin balamızın məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

1998-ci il təvəllüdlü, ali təhsilli, hərbçi Erkin ailənin, ana və atanın tək və yeganə övladı olub…

BDU-nu bitirsə də, hərb sənətini, Ordunu seçib…

Və son döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi dünən, 14 sentyabr tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunub…

Tək övladını, gözünün didəsini itirən ata bitmiş, tükənmiş vəziyyətdə idi…

Güclə danışır, göz yaşlarını saxlaya bilmirdi…

“Oğluma dedim ki, ay bala, 5 ildir camaatın qızını istəyirsən, gəl, nişanlayaq, iki aydan da sonra toyunu edək…Yaman nişanladıq, nişanı belə oldu, ağ kəfəndə, tabutda gəldi balam…”dedi Yaralı və Dərdli Şəhid atası…

Həmin an isə nə deyəcəyimi, necə təsəlli verəcəyimi belə bilmədim…

Çünki sözün bitdiyi yer idi…

Ruhu qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

Ermənistanın təxribat törətdiyi istiqamətdə HHM sistemi çökdürüldü-14500-DƏN ÇOX DÖYÜŞ SURSATI ƏLƏ KEÇİRİLDİ VƏ…

Read Next

“Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və buna hamılıqla riayət etmək lazımdır”-İLHAM ƏLİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir