“Üçtərəfli görüş və imzalanan birgə bəyanat ölkəmizin, xalqımızın maraqlarına tam uyğundur…Müharibə də, status da geridə qaldı”-ELDAR İBRAHİMOV YAZIR

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan birgə bəyanat ölkəmizin, xalqımızın maraqlarına tam uyğundur.

Bu görüş, həm də görüşün nəticəsi olaraq, imzalanan 4 bəndlik bəyanat 44 günlük tarixi Qələbəmizin və Zəfərimizin növbəti təntənəsi, ifadəsi idi.

Biz bu görüşdə Qalib ölkə olaraq iştirak edirdik.

Ölkə Prezidenti cənab İlham  Əliyev üçtərəfli görüşdə Qalib, Müzəffər dövlət başçısı kimi iştirak edirdi.

Bunu görüş vaxtı və görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat zamanı üzlərdəki ifadələrdən də açıq-aşkar görmək olurdu.

Ermənistanın, onun bədnam baş naziri Nikol Paşinyanın məğlub və miskin görkəmi, duruşu hər baxımdan özünü büruzə verirdi.

Paşinyan həmin görüşə müəyyən ümidlərlə gəlsə də, görüşdən əvvəl Ermənistana cəmiyyətini sakitləşdirməyə hesablanmış fikirlər səsləndirsə də, istədiklərinin yenə heç birinə nail ola bilmədi.

Yenə də qarşısında güclü Azərbaycanı, onun qətiyyətli, cəsarətli, iradəli Liderini gördü.

Paşinyan hesab edirdi ki, bu görüşdə artıq hər mənada mövcudluğuna son qoyulmuş Dağlıq Qarabağın statusu məsələsi ilə nəyəsə nail olacaq, “əlidolu” geriyə qayıdacaq.

Ancaq, bu, baş vermədi, verə də bilməzdi.

Birincisi, ona görə ki,  hələ 1989-90-cı illərdən, sovetlər, münaqişənin ilk dönəmindən artıq Dağlıq Qarabağ deyilən bir muxtariyyət, bir idarəetmə forması mövcud deyildi, onun mövcudluğuna son qoyulmuşdu.

İkincisi, 1995-ci ildə ümumxalq səsverməsi, referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk müstəqil Konstitusiyasında və ötən 26 ildə həmin ali sənədə edilən dəyişikliklərdə Dağlıq Qarabağ deyilən inzibati ərazi quruluşu anlayışı yox idi.

Üçüncüsü, 44 günlük tarixi İkinci Vətən Müharibəsi, möhtəşəm Qələbə, “Dəmir Yumruq” ilə  Dağlıq Qarabağ deyilən coğrafi məhfum, anlayış tamamilə aradan qaldırılmış, status məsələsi birdəfəlik tarixin arxivinə göndərilmiş oldu.

Dördüncüsü, Azərbaycan Konstitusiyasında icra hakimiyyətləri məsələsi var və bu baxımdan, mövcudluğu aradan qaldırılmış Dağlıq Qarabağdakı rayonlar da digər bölgələrimiz kimi, Azərbaycan dövlətinin tabeçiliyi altında, onun qanunları ilə idarə olunacaqlar, onların da öz icra hakimiyyətləri, öz icra başçıları olacaq. Artıq ayrıca status-filan söhbəti olmayacaq.

Odur ki, Paşinyanın “Təəssüf ki, bu münaqişə hələ nizamlanmayıb. Münaqişə qalır. Əlbəttə, biz atəşkəs rejimini təmin etməyə nail olmuşuq, lakin hələ həll edilməli olan çox məsələ qalır. Bu məsələlərdən biri Dağlıq Qarabağın statusu məsələsidir” bəyanatı onun növbəti fiaskosundan, növbəti məğlubiyyətindən, biabırçı duruma düşməsindən başqa bir şey deyil.

Deyəsən, o, hələ də bilmir, görünür, o,  hələ də “Dəmir Yumruğ”undan təsirindən ayılmayıb ki, noyabrın 10-da elə özünün də imza atdığı birgə bəyanatda 32 illik münaqişəyə, 44 günlük müharibəyə son qoyulduğu, müharibənin bitdiyi açıq-aşkar yazılıb.

Artıq Dağlıq Qarabağ münaqişəsi, müharibə  geridə qalıb, artıq Azərbaycan işğal olunmuş ərazilərini işğaldan qurtarıb, Qələbə qazanıb, Ermənistan da baş nazirinin timsalında öz təslimiyyətini etiraf edib, 10 noyabr bəyanatını imzalayıb.

Bundan sonra müharibədən, Dağlıq Qarabağdan, bir daha və bir daha  statusdan danışmaq növbəti dəfə cəfəngiyyatdan, sərsəmlikdən başqa bir şey deyil.

Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, 9 noyabr, Azərbaycan vaxtı ilə 10 noyabr tarixli birgə Bəyanat uğurla həyata keçirilir.

Bu Bəyanatın bəndlərinin çox hissəsi yerinə yetirilib.

Rusiya sülhməramlı missiyası da öz işini yerinə yetirir və iki ay ərzində kiçik insidentlər istisna olmaqla, narahatlıq üçün ciddi əsas olmayıb.

“Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”– deyə, qeyd edən ölkə Prezidentinin vurğuladığı kimi, imzalanmış 11 yanvar bəyanatı, o cümlədən,  nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir.

Gələcək dönəmdə qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşula bilər və qoşulacaqlar.

Yəni, biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq.

Belə də olacaq, bundan sonrakı dönəmdə həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının ruhuna uyğun addımlar atılacaq.

 Bu məsələdə də diktə edən biz olacağıq, kimsə də bizi öz maraqlarımızdan geri çəkindirməyə və maraqlarımıza uyğun olmayan addımlara məcbur edə bilməyəcək.

Bu mümkün deyil, mümkün də olmayacaq.

Beləliklə, bir daha qeyd etmək istərdim ki, 10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktına imza atması idi.

 O halda yeni imzalanmış 4 maddədən ibarət bəyanatı da elə bu prosesin davamı kimi qiymətləndirilməlidir.

 Yəni, daha dəqiq desək, 11 yanvar 2021-ci ildə imzalanmış  üçtərəfli bəyanat bizi strateji hədəflərimizə bir qədər də yaxınlaşdırmış oldu.

Bəli, biz Qalib dövlətik, Haqq da, ədalət də bizim tərəfimizdədir.

Qarabağ Azərbaycandır və Azərbaycanındır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az

Read Previous

17 il öncə imzalanan Sərəncam və fikir varisliyi-MM-İN KOMİTƏ SƏDRİ YAZDI

Read Next

“Məğlubun sözü keçmir”-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir