“Real Madrid” 12-ci dəfə UEFA Çempionlar Liqasının kubokuna sahib oldu – FOTO – YENİLƏNİB

İyunun 3-də “Real Madrid” (İspaniya) və “Yuventus” (İtaliya) komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının final oyununda ilk hissə başa çatıb.

Etikxeber.az xəbər verir ki, komandalar Uelsin paytaxtı Kardiffdəki 74,5 min tamaşaçı tutumuna malik “Millennium” stadionunda üz-üzə gəliblər.

Gərgin mübarizə şəraitində keçən ilk hissədə hesab 20-ci dəqiqədə açılıb. “Real Madrid” Ronaldonun dəqiq zərbəsi ilə önə keçib – 1:0. Yeddi dəqiqə sonra bərabərlik təmin olunub. Bu dəfə Manzukiç adını tabloya yazdırıb. Komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıblar.

Qeyd edək ki, hər iki komanda sonuncu dəfə 2015-ci ildə bu turnirin yarımfinalında qarşılaşıb. Həmin vaxt mərhələni adlayan komanda “Yuventus” olmuşdu. Komandalar indiyədək finalda cəmi bir dəfə – 1998-ci ildə üz-üzə gəliblər. “Real Madrid” Miyatoviçin qolu ilə minimal hesabla qalib gələrək, 30 illik fasilədən sonra kuboka yiyələnmişdi.

***

Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan madridlilər ikinci hissənin ortalarına yaxın dörd dəqiqə ərzində iki qol vuraraq matçın taleyini həll ediblər. Qarşılaşmanın 61-ci dəqiqəsində “Yuventus”un müdafiəçilərindən qayıdan topa uzaq məsafədən qüvvətli zərbə endirən Kasemiro “Real”ı yenidən hesabda irəli çıxarıb – 2:1. Bu qoldan üç dəqiqə sonra isə Luka Modriçin sağ cinahdan ötürdüyü topa müdafiəçidən daha əvvəl özünü yetirən Kriştiano Ronaldo özünün ikinci, komandasının isə üçüncü qolunu rəsmiləşdirib – 3:1. Bu qol sayəsində ulduz futbolçu cari mövsümdə UEFA Çempionlar Liqasında Lionel Messini qabaqlayaraq ən çox qol vuran oyunçu olub – 12 top.

Görüşün 83-cü dəqiqəsində “Yuventus”un heyətində Kuadrado ikinci sarı vərəqə ilə cəzalandırılaraq komandasını meydanda sayca azlıqda qoyub.

Oyunda son nöqtəni matçın 90-cı dəqiqəsində “Real”ın gənc futbolçusu Marko Asensio qoyub. Sürətli driblinqlə “Yuventus”un cərimə meydançasına daxil olan Marselonun ötürməsindən sonra Asensio dəqiq zərbə ilə Buffonu növbəti dəfə məyus edib – 4:1.

Qalan dəqiqələrdə hər iki komanda bir neçə dəfə qol vəziyyəti yaratsalar da, bundan yararlana bilməyiblər və matç Zinəddin Zidanın yetirmələrinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, “Real Madrid” qitənin ən nüfuzlu klub turnirində 12-ci çempionluğunu rəsmiləşdirib. Kral klubu UEFA Çempionlar Liqasında ardıcıl iki dəfə çempion olan komanda, Zinəddin Zidan isə bu uğura imza atan baş məşqçi ünvanına sahib olub.

“Yuventus” isə Çempionlar Liqasının finalında ən çox məğlub olan komanda ünvanını özündə saxlayıb. Belə ki, bu, turinlilərin finallarda yeddinci məğlubiyyətidir.

Etikxeber.az

Read Previous

MTRŞ-in hüquqşünası motosikletlə yol qəzasında öldü

Read Next

Tereza Mey “terrakt” dedi – ÖLƏNLƏRİN SAYI 6-YA ÇATDI – FOTO – YENİLƏNİB (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir